Əzizağanın 100 ili

Əzizağanın 100 ili

14-02-2024 01:21 / Bu xəbər 1450 dəfə oxundu

Ənnağı Hacıbəyli 

Qaraxəbər Mübariz yenə təzə xəbər gətirmişdi: Əzizağa öldü. 97 yaşında. 

Hamı təəssüflənirdi: üç il də yaşasaydı, 100-ü vuracaqdı. Guya o 100-ü vursaydı, kolxoz sədrinin əsas informasiya mənbəyi bundan sonra xalqın xeyrinə işləyəcəkdi. Dəyər-dəyməzinə İrana satılmış kənd texnikası geri qaytarılacaq, kəndin işıqları daha sönməyəcəkdi və s. 

Kimsə düşünmürdü ki, o, 100 yaşaya bilməz. Çünki onun tənhalığı 100 il deyildi. Bu tənhalıq olsa-olsa kolxoz dağılandan sonrakı bir neçə ili əhatə edirdi.

Hamını o məşhur 97 rəqəmi, təkcə bir nəfər üçün - mərhumun oğlu üçün heç bir önəm daşımırdı. Adamın atası ölmüşdü, bu gündən o, rəsmən yetim idi. 

Əzizağa öldüyü gün kəndin ən adi günlərindən biri idi. Kənd camaatı körpünün qulağındakı mağazanın qarşısına toplanıb əkin-biçindən danışırdı. Əsas mövzu inişildən başlayaraq pambıq zavodundan camaata verilən toxumun hamını müflis etməsi idi. 

Qəfildən xəbər gəldi ki, Əzizağa ölüb. Hamı xarabazara çevrilmiş fermaya tərəf axışdı. Əzizağanın evi o tərəfdə idi. 

Bu kəndin adətinə görə, adam öldüyü gün dəfn olunurdu ki, qalıb infeksiya mənbəyinə çevrilməsin. Kimini hörmət və izzətlə, kimini də sadəcə olaraq özünə görə.

Onun bunların hansından olub-olmaması kimsəni maraqlandırmırdı. Əzizağa ölüb və o, dəfn edilməlidir. 

Onun keçmişini xatırlamadan hamı dəfnə tələsirdi. 

Görünür, ölüm hər şeyi unutdurur.