Faciəyə aparan yol...

Faciəyə aparan yol...

25-10-2024 02:24 / Bu xəbər 568 dəfə oxundu

Araz Əliyev 

Faciəyə aparan yol çox vaxt göz önündə olur, fəlakətlər göstərə-göstərə gəlir. Bar-bar bağırır ki, "mən gəlirəm”. 

Bu gün Sabunçuda yaşanan faciə də məhz belələrindəndir. 

Cəmi 1 il əvvəl "AbzasMedia” Sabunçudakı yolların və infrastrukturun vəziyyəti ilə bağlı xəbər yayımlamışdı. 

Problem eyni, sakinlər narazı, qurumlar isə biganə idi. Hansı səlahiyyətli şəxsi dindirsən deyirdi ki, "pul ayrılmayıb”, "bizlik deyil”, "bilmirik”.

Halbuki bütün Sabunçuda yolların və su-kanalizasiya sistemlərinin təmiri və yenidən qurması üçün dəfələrlə külli miqdarda vəsait ayrılırdı. 

Məsələn, 2013-cü ildə Sabunçu İcra Hakimiyyətinə 2 milyon manat, 2019-cu ildə eyni məqsədlər üçün digər qurumlara 6 milyon manat, nəhayət, 2021-ci ildə isə 7.4 milyon manat vəsait ayrılıb. 

Bu rəqəmlər hələ qarşıma çıxanlardır, dərinə getsək, bəlkə də, daha da artığı ayrılıb.

Ötən 1 il ərzində problemi həll etmək, yolları təmir, su-kanalizasiya sistemini yenidən qurmaq əvəzinə "AbzasMedia” əməkdaşlarını həbs elədilər. 

O ayrılan pullar hara gedir, hara xərclənir deyə, nə pulu ayıranlar, nə də o pulu alanlar bir kəlmə də kəsmədi. Sanki heç kim danışmasa, dinməsə problemlər özbaşına həll olacaqdı. Bir sözlə, süpürdülər xalçanın altına.

Bəs bu gün nə baş verdi? İki insan 15 milyonluq vəsaitlə tikilməli olan zəruri sistemlər olmadığı üçün suda boğulub öldü. Dönüb keçmişə baxanda görürsən ki, belə olacağı elə əvvəlcədən bəlli idi. 

Bu qədər biganəlik, oğurluq, səriştəsizlik, nəzarətsizlik olan yerdə başqa necə olmalı idi. Təbiət də Avropa Şurasının deputatı deyil ki, ona pul verib susdurasan. Deyəsən, sən Allah, yağma, dil aç danış, eləcə bizi təriflə, zəfərimizə kölgə salma.

İndi neyləyəsən? Kimin yaxasından yapışasan? 

Kimdən hesab soruşasan? 

Baş verənlər bu gün Suraxanı camaatının bəxtinə düşüb. 

Sabah mənim, sizin bəxtinizə düşəcək. Hansısa keçiddə su basıb öləcəyik. 

Niyə? Çünki kimsə tikinti üçün ayrılan pulu basıb yeyib, o biri nəzarət eləməyib, digəri görüb susub, səsini çıxaranları da tutub salıblar içəri...