Fazil Mustafaya qarşı sui-qəsdlə bağlı statusu bəyənən şəxs həbs edilib
04-07-2024 14:27 / Bu xəbər 733 dəfə oxundu
Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Rza Kərimovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxs R. Kərimov ifadə verib.
O ifadəsi zamanı narkotik vasitələrdən istifadə etmədiyini, uzun müddətdir Allaha ibadətlə məşğul olduğunu bildirib: "Bayıl qəsəbəsində mebel sexində anbardar işləmişəm. 2 il idi ki, orada çalışırdım. Elə o ünvanda da saxlanılmışam. 4 nəfər polis əməkdaşı gəlmişdi. İbtidai istintaq zamanı verdiyim ifadələrim ziddiyətli şəkildə olub. İfadəmi təzyiq altında vermişəm. Mən heç vaxt narkotikdən istifadə etməmişəm. Polis əməkdaşları ilk olaraq bizim işçiyə yaxınlaşıb. Həmin vaxt məni maşına dəvət etdilər. Lakin, bilmədim hansı səbəbdən mənə yaxınlaşdılar. Orda xalam və əmim oğlu, eləcə də digər işçilərimiz də var idi. Polis əməkdaşlarından birini tanıyırdım. Ümumiyyətlə bütün bu hadisələr 5-10 dəqiqə ərzində baş verdi. Onlar məni aparanda axşam saat 6-ya qalmışdı. Mən özümü bu iş üzrə təqsirli bilmirəm. Ailəliyəm, 3 övladım var. Özüm 44 günlük Vətən müharibəsində ön cəbhəyə yardımlar etmişəm. Mən saxlanılan zaman vəkil də iştirak edib. Mənim üzərimdə heç bir narkotik vasitə olmayıb. Mən günahsızam".
Təqsirləndirilən şəxsin vəkili Yusif Seyfəlov bildirib ki, müvəkkili narkoloji dispanserə aparılsab da, onun barəsində ekspertizadan keçmədən narkotik istifadəçisi olması ilə bağlı rəy verilib.
Rza Kərimovun məhkəmədə verdiyi ifadəsindən də məlum olub ki, heç vaxt narkotik vasitədən istifadə etməyib: "Narkoloji dispanserin əməkdaşları verdikləri izahatda yazıblar ki, guya mən 1 ildir narkotik vasitələrdən istifadə edirəm, qanımdan da narkotik çıxıb. Mən getmişəm ekspertizadan keçmişəm, orada heç nə deməyiblər. Mən özümü təqsirli bilmirəm. Məndən əvvəl tanıdığım dindarları tutublar, sonra məni də onlara görə tutublar. Məni Fazil Mustafaya qarşı edilən sui-qəsd ilə bağlı yazılan "Haran ağrıyır Fazil?” adlı statusu layk elədiyimə görə tutublar. Həmçinin istintaq təcridxanasında da mənə aid olan kartın üzərinə belə yazıblar. Polislər məni həbs edəndə təzyiq etməyiblər, hətta mənə iftar açmağıma görə yemək də alıb gətiriblər, həmin vaxtı Ramazan ayı idi, mən də oruc tuturdum”.
Daha sonra onun istintaq dövründə verdiyi ifadəsi elan edilib.
Rza Kərimov 2023-cü il mart ayının 29-u Zəngilan rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Səbail rayonu ərazisində saxlanılıb. Belə ki, Rza Kərimov idarəyə dəvət edilib və üzərinə keçirilən şəxsi axtarış zamanı üzərindən 20 qram narkotik vasitə aşkar edilərək götürülüb.
Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.
Növbəti məhkəmə prosesi iyul ayının 17-nə kimi təxirə salınıb.("Unikal”)