Fələstin-İsrail münasibətlərinə Azərbaycandan baxış

Fələstin-İsrail münasibətlərinə Azərbaycandan baxış

14-10-2023 10:06 / Bu xəbər 1981 dəfə oxundu

Əhməd Məmmədli

Fələstin-İsrail münasibətlərindəki gərginlik və müharibə sıravi azərbaycanlı üçün çətin ki ciddi əhəmiyyət kəsb etsin. Çünki sosial rifahını təmin etmək üçün gecə-gündüz istismar olunan sıravi insan ya hanısa televiziya kanalından, ya da hansısa dostunun göstərdiyi "YouTube” videosu xaricində münaqişəyə dair fikirləri formalaşmayıb. 

Xüsusilə, ikinci Qarabağ müharibəsində İsrail dövlətinin Azərbaycan dövlətinə dəstəyi və diplomatik münasibətlərin gücləndirilməsi hətta müharibədə həlak olan şəxsin doğulduğu kənddə belə İsrail bayrağının asılması münasibətlərin hansı səviyyədə olduğunu görməyə kifayət qədər ciddi əsasdır. Təəssüf ki, Azərbaycan cəmiyyətində ərəblərə qarşı münasibətin birmənalı olmaması da Fələstin mövzusuna olan dəstəyi azaldır.

Azərbaycanda İsrail dəstəkçiliyinin parametrlərini millətçilik, birinci və ikinci Qarabağ müharibəsinin təsirləri, islamafobiya olaraq nəzərdən keçirə bilərik. Ölkədə yalnız dindar icmanın bir qismi və özünü sol düşərgədə hesab edən insanlar Fələstinin tərəfində dayanır və onu haqqı pozulmuş hesab edir.

İsrail dövləti Azərbaycanı illərdir müharibəyə və siyasi müxalifətə qarşı istifadə etməsi üçün müxtəlif texnoloji avadanlıqlarla "silahlandırıb”. 

Bunun fonunda rəsmi dairələr nə qədər "iki dövlətli həll yolunu” dəstəklədiklərini bildirsələr də mövqenin, əsasən, İsrailyönümlü olduğunu görmək mümkündür. Bu cəhətdən Azərbaycan müxalifəti və vətəndaş cəmiyyəti də Əliyev hakimiyyətindən çox da fərqli düşünmür. Onlar üçün də əsas meyarlar İsrailin müharibədə Azərbaycana verdiyi dəstək və "sekulyar”lığıdır. Üstəlik, Fələstini "ermənipərəst” göstərmək üçün dövlətə bağlı medialar da əllərindən gələni ediblər və edirlər. 

İllərdir ki, Azərbaycana və onun ərazi bütövlüyünə qarşı "düşmən dəstəkçisi” obrazı yaradılan Fələstinin siyasi portreti Azərbaycan cəmiyyətinin gözündə tamam başqa cür cızılıb. Eyni zamanda, Azərbaycanın İsraillə olan yaxın münasibətlərində başqa bir faktor İrandır. 

İlham Əliyevin özü birbaşa olmasa da, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vasitəsilə "Cənubi Azərbaycan”ı işarə edərək Bakı şəhərində keçirilən hərbi paradda şeir səsləndirməsi belə bir dönəm kiçik də olsa, gərginliyə səbəb olmuşdu. 

Yeri gəlmişkən, bunu da əlavə edə bilərəm ki,  2020-2023-cü illərdə Azərbaycanda narkotik maddələrin külli miqdarda istifadəsi və satışı ittihamı ilə 1000-dən çox insan şərlənərək həbs edilib və bu dövlət nəzarətindəki mediada "İrana casusluq" kimi tirajlanıb. Halbuki bu insanların həbsinin əsl səbəbi müxalif mövqedə olmaları və Müsəlman Birliyi Hərəkatına olan rəğbətləri ilə bağlı idi və elə bu hərəkatın sədri Hacı Tale Bağırzadə başda olmaqla 40-dan çox üzvü hazırda həbsdədir.

Bütün bu nüansları nəzərə alaraq, Azərbaycan vətəndaşının İsrail-Fələstin münaqişəsinə baxışları birmənalı deyil. 

Təməl səbəbləri vurğuladığım kimi siyasi spekulyasiyalar və "düşmənimin düşməni dostumdur” yanaşması ilə bağlıdır və nə qədər ki, bu səviyyədə məlumatsızlıq və siyasi yönləndirmə mövcud olacaq, o vaxta qədər də Azərbaycan cəmiyyəti öz taleyinə olduğu kimi Fələstin xalqının mübarizəsinə də laqeyd münasibət göstərəcək.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir. Arqument.az-ın mövqeyi müəllifin mövqeyi ilə üst-üstə düşməyə bilər.