FHN-nin Modul Tipli Xəstəxanasının əməkdaşları etiraz aksiyası keçirir

FHN-nin Modul Tipli Xəstəxanasının əməkdaşları etiraz aksiyası keçirir

01-03-2021 15:27 / Bu xəbər 1655 dəfə oxundu

Fövqəladə Hallar Nazirliyinin (FHN) koronavirus xəstələrini müalicə etmək məqsədiylə Zığda fəaliyyət göstərən modul tipli xəstəxanasının bir qrup əməkdaşı bu gün müəssisənin qarşısında etiraz aksiyası keçirib. 

"Toplum.TV"nin martın 1-də verdiyi xəbərə görə, əməkdaşlar üç aydır əməkhaqlarını ala bilmədiklərini bildirirlər. 

"Müqavilədə həftədə 40 saat işləmək nəzərdə tutulduğu halda, bizi istirahətsiz 64 saat işləməyə məcbur ediblər, bunun müqabilində əməkhaqqı ala bilməmişik. Burada haqsızlıq baş alıb gedir. İşçiləri xəbərdarlıqsız işdən çıxarırlar. Xəstəxanada şərtlər çox ağırdır, nahar etməyə və sanitar qovşaqdan istifadə etməyə belə icazə vermirlər. Necə ola bilər ki, sanitar qovşaqdan istifadə edilməyə icazə verilməsin?! Biz məsul şəxslərlə görüş tələb edirik, onlar isə qarşımıza çıxmaq istəmirlər", - aksiya iştirakçılarından biri qeyd edib.  

Adını açıqlamayan xəstəxananın həkimi isə açıqlamasında iddia edib ki, aksiyaçılarının tələbləri əsassızdır və onların maaşları tezliklə veriləcək. 

Xəstəxananın qarşısına  vəfat edən xəstələrin yaxınları da toplaşıb. 

Onlar müəssisənin həkimlərinin təcrübəsiz olduğunu, onların səriştəsizliyi nəticəsində xəstələrin vəfat etməsi hallarına etiraz etdiklərini bildiriblər.