Folkner işığı

Folkner işığı

18-07-2022 10:06 / Bu xəbər 1114 dəfə oxundu

Ənnağı Hacıbəyli

Birinci cahan savaşında müharibəyə nə qədər can atsa da, Uilyam Folkner uçaq məktəbini bitirənədək müharibə sona çatır. 

Müharibədən cəmi bir böyük əsər yazan yazıçı mahiyyətcə humanist idi və bu, onun sonrakı yaradıcılığında daha parlaq şəkildə göründü. İnsanları millətlərə bölməyə etiraz edən Folknerə görə, bütün insanların mənəvi əzabları və ümidləri eynidir. 

İnsanları bunlar birləşdirir və zahiri fərqlər – milliyyət, dərinin rəngi, yaşayış yeri, məişət önəmli deyil.

Realist yazıçı Ş.Anderson və T.Drayzerdən çox şey öyrəndiyini desə də, orijinal dəst-xətti ilə seçilirdi. Quldar ailəsindən çıxan Folknerin əsərlərində quldarlıq yoxdur. 

Folkneri özü, ətrafı, yaşadığı zaman və məkanla konflikdə olan insanlar daha çıx düşündürür.

Onun təsvirləri gerçəyin özüdür. Bu toplumda Tanrı ağlar üçün ağ rəngdə, qaralar üçün qara rəngdədir. Təkcə Folkner üçün Tanrının rəngi önəmli deyil – Tanrı elə Tanrı rəngindədir. 

İrqi münasibətlər probleminə həsr etdiyi "Avqustda işıq” romanı isə rəngarəng personajlar qalereyasıdır. Toplumun amansızcasına kənara atdığı günahsız Co Kristmas, doğma qızını və onun sevgilisini qəddarlıqla qətlə yetirən Hayns, həyatı ölümün və Tanrıya qovuşmağın günah prelüdiyası sayan fanatik dindar Makihern, köləliyə nifrət edən, ömrünü qara dərili insanlara yardıma həsr etmiş Coanna, həyatdan bezib dini seminariyaya qaçan, nə dində, nə ailə həyatında xoşbəxtlik tapan Xaytauer, özündən və insanlardan qaçan Co Kristmasın antipodu olan, insanlara doğru can atan Lina Qrouv, Kristması öldürən millətçi faşist Persi Qrimm və s. 

Bütün bu personajlar Folkneri narahat edən bir problemə diqqət çəkməyə xidmət edir – ağ dərili irqçilərin hər yeni cinayəti sonrakı nəsillərin qəlbinə dəhşətli qorxu, günah və nifrət damğası vurur. Toplumun hər cür ədalətsizliklərinə dərindən nifrət edən yazıçı oxucuya insanlığın sonda bütün bunlara qalib gələcəyi inamını aşılayır.

Folknerin əsərləri toplumun acı gerçəkləridir. Şəxsiyyəti öz iradəsinə tabe etdirməklə rahatlıq tapan cəmiyyət də bu gerçəklərdəndir. Toplum bu zaman bəzən haqlı olmadığının də fərqində olmur. Onu düşündürən başlıca şey öz iradəsini kiməsə qəbul etdirməkdir. Bu, dünən də belə idi, bu gün də. İnsan bəzən ümumi iradənin haqlı olmadığını bilsə də, ona tabe olur, çünki çoxluğun gücünə qarşı dayanmaq daha böyük güc tələb edir. Fərd isə çox zaman buna qadir deyil.  

Folknerin əsərləri insan tarixçələridir: bu tarixçələr isə onların yaşadıqları mühitin əksidir. İnsan yaşadığı mühitin məhsulu, iştirakçısı və yaradıcısıdır. Həyat toplumun yazılı qanunlarından daha mürəkkəbdir. Qanunları insanlar yaradır: ədalətli və ədalətsiz. Ədalət isə hər bir halda qanunlardan daha yüksəkdə dayanan əbədi dəyərdir.

Cahanda baş verən olayların, insan talelərinin tək yazarı olan Tanrı səbrlidir, müdrikdir, kimsənin məsləhətinə ehtiyacı yoxdur. Tanrını tələsdirmək mümkünsüz. O, kimə nə yazacağını, haçan yazacağını bilir. 

Tələsirik, ən azı bəzi şeylərin başqa cür olmasını istəyirik, hətta ona sifariş verməyə cəsarət edirik. Bunun başımızdan yuxarı qalxmayacağını bilə-bilə. Tanrının dəyirmanı isə öz işindədi - üyüdür, uyudur, üyüdür... 

"İnsanların unutqanlığı da yaddaşları kimi qısadır”.

1950-ci ildə Nobel mükafatı alan yazıçı təqdimat nitqində yazıçıları ürək həqiqətlərindən, köhnə, əbədi həqiqətlərdən – şərəf və sevgi, qürur və mərhəmət, şəfqət və fədakarlıqdan başqa hər şeyi yaradıcılıq məkanından qovmağa çağırır: "Bunlarsız istənilən əsər bir günlük, ölümə məhkum əsərlərdir”, - deyirdi. 

"Yazıçı həyatın nəbzini tutmalıdır” - sovet ədəbiyyatının rəhbər tutduğu bədnam prinsip istedadların zəhərlənməsinə, sonda repressiyalara səbəb oldu. Folknerin tapındığı ədəbi prinsiplər kənar ideoloji doqmalara söykənmədiyindən azad sənət əsərləri doğururdu. 

Yeri gəlmişkən, onun yaşadığı toplumda quldar oğlu köləliyə açıq nifrət edə bilirdi, sovet ədəbiyyatında isə otuz yeddilərdən sağ çıxmış yazıçıların uşaqları köləliyə hətta etiraz da edə bilmədilər. Onlar indi də kölə təfəkkürünün əsiri və daşıyıcısı olaraq qalırlar. Belələri toplumun acı həqiqətlərinin, qazi intiharlarının ədəbiyyatını yarada bilməzlər. Onlardan bu ədəbiyyatı tələb edənlər özləri də fərqinə varmadan müqəddəs şəhid ruhuna hörmətsizlik edirlər. 

Köləlikdən formal azadlıq hələ kölə ruhunun azadlığı deyil. İnsanlıq formal köləlikdən uzaqlaşdıqca onun daha "sivil” formalarını icad edir...

Təkcə Folknerin qəhrəmanı "vüqarlı bədbəxtliklə” danışa bilər. Belə təsvirlər onun qələminin adi halıdır. Bir də ölümü sükutdan əziz sayan insanlar... 

Folkner onu nsan təbiətinin ən qaranlıq, alçaq cəhətlərini önə çəkməkdə suçlayanlara cavabında deyirdi ki, yazıçı insanı yüksəldərək dünyanın bir az saf və təmiz olmasına çalışmalıdır. Bunun üçün yazıçı insana onun yaxşı cəhətlərini deyil, ən pis cəhətlərini, edə biləcəkləri pislikləri göstərməli, insanlara özünə nifrət aşılamadan onları inandırmalıdır ki, o, bütün bu naqisliklərdən arına, daha yaxşı ola bilər.

Yazıçının məsuliyyəti həqiqəti deməkdən ibarətdir. Ədalətsizlik haqqında danışmaq azdır Həqiqəti elə deməlisən ki, o, insanları tərpətsin, onların yaddaşlarına çöksün, onları düşündürsün və narahat eləsin. 

Yaponiyanın Naqano Universitetində çıxışı zamanı "Özünüzü hansı ədəbi məktəbə aid edirsiniz” sualına cavabında deyir: "Mən humanizm məktəbinə aid edilməyimi istərdim”.          

Əbədiyyət yolçularının hamısı bu məktəbin məzunlarıdır.