Fransa Bakıdakı səfirini geri çağırdı

Fransa Bakıdakı səfirini geri çağırdı

17-04-2024 13:06 / Bu xəbər 650 dəfə oxundu

Mirqədirov deyir ki, səfirin geri çağırılması Parisin Bakıya qarşı demarşıdır

Aprelin 16-da Fransanın Azərbaycandakı səfiri Ann Buayonun məsləhətləşmələr üçün geri çağırıldığı bildirlir.

Bu barədə həm Fransa Xarici İşlər Nazirliyi, həm də Fransanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Məlumatda Prezident Emmanuel Makronun səfir Ann Buayonu qəbul etdiyi qeyd olunur.

Həm səfirliyin, həm də Fransa Xarici İşlər Nazirliyinin bəyanatında Bakı ikitərəfli münasibətlərə xələl gətirməkdə günahlandırılır: "Azərbaycan son aylarda iki ölkə arasında münasibətlərə xələl gətirən birtərəfli hərəkətləri davam etdirir”.

Səfirlik qeyd edir ki, Fransa beynəlxalq hüquq normalarına və iki ölkənin ərazi bütövlüyünə hörmət etməklə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına tərəfdardır.

Fransa Xarici İşlər Nazirliyinin bəyanatında isə qeyd olunur ki, SSRİ dağılanda Ermənistanla Azərbaycan arasında başlanan müharibədə erməni separatçıları əraziləri ələ keçirib: "Azərbaycan 2020-2023-cü illərdə həmin ərazilərə nəzarəti bərpa edib”.

"Makron və Fransanın digər rəsmiləri uzun müddətdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin bununla kifayətlənməyəcəyindən və Ermənistan ərazisində layihələrinin olmasından narahatlığını bildirib. Fransa Prezidenti səfir Buayonla görüşündə Azərbaycanın hərəkətlərindən təəssüfləndiyini və Bakının niyyətlərinə aydınlıq gətirməsini istəyib. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair danışıqları irəli aparmaq cəhdləri olub, lakin hələlik az irəliləyiş əldə edilib. Fransa beynəlxalq hüquqa və iki ölkənin ərazi bütövlüyünə hörmət etməklə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına dəstəyini bir daha bəyan edir”, – deyə Fransa XİN əlavə edib.

Bəyanatda eyni zamanda, Ermənistanın Fransa ilə müdafiə sahəsində əməkdaşlığa görə Azərbaycanın qəzəbinə səbəb olduğu bildirilir.

Azərbaycanın Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə Fransanın Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırmasına reaksiya verib.

Hacızadə deyib ki, Fransanın BMT Təhlükəsizlik Şurasında, Avropa İttifaqı, Frankofoniya kimi təşkilatlarda və digər beynəlxalq platformalarda dəfələrlə Azərbaycan əleyhinə sənəd layihələrinin təşəbbüskarı olması, bu ölkənin bitərəf vasitəçi iddialarının tamamilə əsassız olduğunu sübut edib: "Məhz Fransada hakim partiyanın nümayəndələrinin təşəbbüsü ilə parlamentdə Azərbaycana qarşı çoxsaylı əsassız ittihamlar, təhqir və təhdidlərin əks olunduğu, qətnamələr qəbul olunub ki, bu sənədlərdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi sual altına qoyulub”.

"Bu müddət ərzində Fransada Azərbaycanofob mühiti yaranıb. Nəticədə səfirliyimizə dəfələrlə hücumlar edilib, səfirliyin binasına zərər yetirilib. Nəhayət, ağlasığmaz addım kimi XIX əsr görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın büstünə qarşı vandallıq aktlarının törədilməsi və hökumət tərəfindən bunun qarşısının alınması üçün tədbirlər görülməməsi Fransanın Azərbaycan əleyhinə kampaniyasının tərkib hissələridir. Eyni zamanda, Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyini və ev sahibliyini hədəf alan çağırışlar edən Fransanın Azərbaycanı birtərəfli addımlarda təqsirləndirməsi tam əsassızdır”, – deyə Hacızadə əlavə edib.

Siyasi şərhçi Rauf Mirqədirov Fransanın Azərbaycandakı səfiri Ann Buayonun məsləhətləşmələr üçün geri çağırmasını Bakı-Paris münasibətləri kontekstində xoşagəlməz hadisə sayıb.

O, Meydan TV-yə deyib ki, bu hadisə xoşagələn sayıla bilməz, amma faciə də deyil: "Fransa BMT Təhlükəsizlik Şurasının 5 üzvündən biridir, nüvə silahına malik dövlətlər klubuna daxildir və Avropa Birliyinin aparıcı dövlətlərindəndir. Hazırda Fransa dünya siyasətində kifayət qədər ciddi rol oynayır. Ona görə səfirin geri çağırılması Parisin Bakıya qarşı demarşıdır və hakimiyyətin siyasətindən narazılığın nümayişidir”.

Mirqədirovun fikrincə, rəsmi Bakı da münasibətlərində bir az əndazədən çıxıb: "Bəli, dövlətlər arasında narazılıqların olması normaldır. Yəni Fransanın siyasətindən razı qalmaq da düzgün olmazdı. Fransanın ermənipərəst mövqe tutması tarixi gerçəklikdir və bunun kökləri dərindir. Amma Azərbaycanın hökumətə yaxın mətbuatında Fransa Prezidentinin, hökumətinin əleyhinə təhqirlər də az deyil. Azərbaycanın yaratdığı anti-imperialist mərkəz isə yalnız Fransanı hədəfə alır. Sərhədləri aşmağa ehtiyac yoxdur, neokolonist siyasətdən danışanda, Rusiya dövlət başçısının "müstəqil dövlətlərin SSRİ-nin tərkibindən çıxması beynəlxalq hüququn normaları baxımından legitim deyil” açıqlamasını da yada salmaq lazımdır. Necə olur ki, Rusiyanın rəsmi və qeyri-rəsmi dairələrində səslənən aşağılayıcı fikirlərə reaksiya verməyən Bakı Fransanı Korsika siyasətini dəyərləndirir? Bu, ən azından qeyri-ciddidir və gülüş doğurur. Beləliklə, Fransanı bütün mənalarda təhqiramiz ifadələrlə hədəfə alan yazılar, bəyanatlar müəyyən nəticə verməliydi. Sadəcə, indi Bakı nəticə də çıxarmalıdır, bir qədər ehtiyatlı olmağa ehtiyac var”.