Fransalı nazir Kaledoniyadakı iğtişaşla bağlı Azərbaycanın adını çəkib

Fransalı nazir Kaledoniyadakı iğtişaşla bağlı Azərbaycanın adını çəkib

16-05-2024 16:39 / Bu xəbər 703 dəfə oxundu

Azərbaycan XİN hesab edir ki, nazir diqqəti ölkəsinin uğursuz siyasətinə yönəltməlidir

Sakit okeanın cənubunda yerləşən və Fransanın xüsusi inzibati-ərazi qurumu olan Yeni Kaledoniyada müstəqillik tərəfdarları və buna qarşı olanlar arasında günlərdir iğtişaşlar davam edir.

İğtişaşlarda dörd nəfər ölüb, yüzlərlə insan həbs edilib.Etirazların Yeni Kaledoniyada yaşayan fransızların səsvermə hüquqlarını genişləndirən qanuna görə başladığı bildirilir. Fransa ərazidə fövqəladə vəziyyət elan edib və səlahiyyətlilərə insanların ada ətrafında hərəkətini qadağan etmək üçün əlavə öhdəliklər verib.

Mayın 14-də Parisdə qəbul edilən qanunda bildirilir ki, 10 ildən artıq Yeni Kaledoniyada yaşayan fransız sakinləri əyalət seçkilərində səs versinlər. Bu da adanın yerli sakinlərinin etirazına səbəb olub.

Baş nazir Qabriel Attalın sözlərinə görə, Fransa hakimiyyəti fövqəladə vəziyyətin tətbiq olunduğu Yeni Kaledoniyada etirazları yatırmaq üçün ordunun köməyindən istifadə etmək qərarına gəlib: "Silahlı qüvvələrin hərbçiləri Yeni Kaledoniya limanlarının və aeroportunun təhlükəsizliyini təmin etmək üçün yerləşdiriləcək”.

Fransanın daxili işlər naziri Gerald Darman isə deyib ki, Yeni Kaledoniya küçələrində ordu olmayacaq.

Onun sözlərinə görə, Yeni Kaledoniyada polis və jandarmların sayı 1700-dən 2700-dək yüksələcək. 

"France 2” telekanalına müsahibəsində Darman "bəzi müstəqillik liderləri Azərbaycanla sövdələşmə aparıb” deyərək, xarici müdaxilədən danışıb, lakin heç bir sübut göstərməyib.
 
 
Yeni Kaledoniya. Foto: Reuters

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Darmanın bu çıxışı ilə bağlı açıqlama verib. 

Açıqlamada Fransanın daxili işlər nazirinin dedikləri əsassız adlandırılıb: "Azərbaycanı Yeni Kaledoniyada müstəqillik tərəfdarı etirazları dəstəkləməkdə ittiham etmək əvəzinə, nazir ölkəsinin bu cür etirazlara səbəb olan dənizaşırı bölgələri ilə bağlı uğursuz siyasətinə diqqət yönəltməlidir”.

XİN Fransanı Azərbaycana qarşı əsassız iddialarını dayandırmağa çağırıb.

Kaledoniyada etirazlara səbəb olan yeni qanuna qarşı olanlar düşünür ki, bu, yerli əhalinin seçki imkanlarını zəiflədəcək və Parisin təsirini artıracaq.

Aprelin əvvəlində qanun layihəsini Fransa Senatı, mayın 14-də isə Milli Assambleya (parlamentin aşağı palatası) təsdiqləyib. 

Yekun təsdiq iyunun əvvəlinə planlaşdırılır. 

2018-ci ildən 2021-ci ilə qədər Yeni Kaledoniyada Fransadan müstəqillik əldə etmək üçün üç referendum keçirilib. 

Onların hər biri müstəqillik tərəfdarlarının məğlubiyyəti ilə başa çatıb.(Meydan TV)