Gəmi zavodunda 5 nəfərin zəhərlənərək ölməsi ilə bağlı cinayət işi açılıb
04-06-2024 13:00 / Bu xəbər 600 dəfə oxundu
Baş Prokurorluq hadisənin "səhlənkarlıq”dan baş verdiyini deyir
Baş Prokurorluq "Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda 5 nəfərin zəhərlənmə nəticəsində ölməsi ilə bağlı cinayət işi açıb.
Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 61 saylı üzən tərsanədə zavodun 5 əməkdaşının – Namiq Yolçuyev, Tural Səfərəliyev, Samid Məmmədov, Teyyub Ağayev və Orxan Şahbazovun ölməsi faktı ilə bağlı Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
İbtidai istintaqın aparılmasının Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinə tapşırıldığı deyilir.
Baş Prokurorluq həmçinin hazırda iş üzrə zəruri ekspertizalar təyin olunmaqla, müvafiq dövlət qurumları ilə birgə intensiv istintaq-əməliyyat tədbirlərin davam etdirildiyini qeyd edib.
İyunun 3-də "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) "Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda 5 nəfər işçi zəhərlənərək həyatını itirib.
Hadisə iyunun 3-də axşamüstü saat 17.00 radələrində zavodun 61 saylı üzən tərsanəsində baş verib.
Bildirilir ki, hadisə yerinə 10-a yaxın Təcili Tibbi Yardım briqadası gəlib.
5 nəfər – Tural Səfərəliyev, Namiq Yolçuyev, Teyyub Ağayev, Orxan Şahbazov və Səmid Məmmədov həkimlər gələnə qədər ölüb.
Daha iki nəfər isə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.