Gənclər bəyanat yaydılar: "Məhbusları dərhal azad edin!"
31-08-2017 00:26 / Bu xəbər 1712 dəfə oxundu
Siyasi məhbusların azadlığa buraxılması ilə bağlı "Azad et!" kampaniyasına başlayan gənclər bəyanatla çıxış ediblər.
Təşkilatçıların Arqument.az-a təqdim etdiyi bəyanatda deyilir:
"Azərbaycanda siyasi məhbus problemi həllini tapmır. Əksinə, siyasi opponentlərə, jurnalistlərə və fəallara qarşı təqiblər durmadan artır. Azərbaycanda siyasi məhbusların sayı 160-ı keçib. Bu göstəricilərə görə, ölkəmiz diktatura rejimli ölkələrin sırasında yer alıb.
Ölkədə media nümayəndələrinə qarşı təzyiqlər pik həddə çatıb. "Turan” İnformasiya Agentliyin direktoru Mehman Əliyevin həbsi bunun bariz nümünəsidir. Nüfuzlu redaktorun iqtisadi cinayətlərdə (vergidən yayınma, qanunsuz sahibkarlıq, vəzifə səlahiyyətdən sui-istifadə etmə) ittiham etməsi absurddu və siyasi sifarişdir. Tanınmış bloqqer Mehman Hüseynov saxta ittihamlarla 2 il, "Azadlıq” qəzetin direktoru Faiq Əmirli 3 il 3 ay, jurnalistlər Seymur Həzi 5 il, Nicat Əliyev 10 il, Rəşad Ramazanov 9 il, Araz Quliyev 8 il, Fikrət Fərəməzoğlu 7 il, Əfqan Sadıqov – 2 il 6 ay, Cavid Şirəliyev 5 il azadlıqdan məhrum ediliblər, jurnalistlər Əfqan Muxtarlı, Əziz Orucov və Elçin İsmayıllı barəsində həbs qətimkan tədbiri seçilib. məhbus həyatı yaşayırlar. Onlardan başqa hazırda şair və yazarlar da həbsdədirlər.
#Azadet kampaniyanın təşkilatçıları təəssüflə vurğulayır ki, hakimiyyət gənc müxalif fikirli fəallara və siyasi opponentlərə qarşı da dözümsüzlük nümayiş etdirir. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) gənc fəalı Fuad Əhmədli 4 il azadlıqdan məhrum edilib. NİDA Vətəndaş Hərəkatının gənc fəalı İlkin Rüstəmzadə 5-ci ildir məhbus həyatı yaşayır. Hərəkatın digər üzvləri Qiyas İbrahimov və Bayram Məmmədov esk-prezident Heydər Əliyevin heykəlinə etiraz şüarları yazdıqları üçün ağır işgəncələrə məruz qalıblar və saxta narkotik maddə ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum ediliblər. Avropa İnsan Hüquqları Məhkəməsinin barəsində dərhal azad edilmə qərara baxmayaraq Respublikaçı Alternativ (ReAL) Hərəkatının sədri İlqar Məmmədov hələ də həbsdə saxlanılır. AXCP sədr müavinləri Fuad Qəhrəmanlı və Gözəl Bayramlı, həmçinin müşaviri Məmməd İbrahim də daxil olmaqla 10-dan çox üzvü azadlıqdan məhrum edilib.
#azadet kampaniyanın təşkilatçıları qeyd edir ki, Azərbaycan hakimiyyəti dindar fəallara qarşı, xüsusən son bir neçə il ərzində hakimiyyətin ən yuxarı eşelonların apardığı siyasətini sərt tənqid edən Tale Bağırzadə və onun rəhbərlik etdyi "Müsəlman Hərəkatı” Birliyinin üzvləri həbs edilib, amansız işgəncələrə məruz qalıb və ən ağır ittihamlarla mühakimə edilirlər. Onlara qarşı təzyiqlər və işgəncələr hələ də davam edir.
Bütün bunları nəzərə alaraq, fəal gənclər sosial şəbəkələrdə "#azadet" kampaniyası təşkil edib.
Kampaniya siyasi məhbusların probleminə diqqət çəkmək məqsədini daşıyır və 3 gün ərzndə twitter və facebookda xeyli istifadəçi aksiyaya qoşulub.
"#azadet” kampaniyanın təşkilatçıları bəyan edir ki, kampaniya ən effektiv formalarla siyasi məhbuslar problemi həll olunana qədər davam edəcək. Təşkilatçılar yerli və beynəlxalq ictimaiyyəti siyasi məhbusların azadlığa buraxılması istiqamətində səylərini artırmağa və Azərbaycan hakimiyyəti qarşısında bu problemi qaldırmağa çağırır.
Təşkilatçılar ölkə siyasi qüvvələrini, hüquq müdafiəçilərini, gənc aktivistləri siyasi məhbusların müdafiə işində uğurlu müdafiə və dəstək formalarının tapılması və tətbiqində ardıcıl olmağa cağırır.
#Azadet kampaniyasının təşkilatçıları Azərbaycan hakimiyyətindən bütün siyasi məhbusları dərhal azadlığa buraxılmasını tələb edir".
Avqustun 28-də NİDA Vətəndaş Hərəkatının üzvləri, siyasi fəal Əbülfəz Qurbanlı və bir qrup gənc siyasi məhbuslarla bağlı yeni kampaniyaya qərar veriblər.
Təşkilatçılar ictimaiyyət nümayəndələrini və gəncləri "#azadet #free" kampaniyasına qoşulmağa çağırıblar.
Kampaniya ötən gün, 30 avqusta qədər davam edib.
Avqustun 30-da isə Müsavat Partiyasının qərargahında gənc fəalların təşkilatçılığı ilə "Siyasi məhbusları azad et!" aksiyasına dəstək konfransı keçirilib. Tədbirdə siyasi partiya rəhbərləri, tanınmış siyasi və ictimai xadimlər, media nümayəndələri iştirak ediblər.












