"Gürcüstanla qonşu ölkələrin NATO təlimlərinə qatılması təəssüf doğurur" - Mariya Zaxarova
03-08-2018 19:45 / Bu xəbər 2672 dəfə oxundu
Rauf Mirqədirov: ''Hazırda real təhlükə Rusiyadır''
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Gürcüstanda NATO-nun keçirəcəyi "Noblü Partner” (Layiqli tərəfdaş) təlimlərinə etirazını bildirib.
"Ria Novosti”-nin məlumatına görə, M.Zaxarova deyib ki, Qara dəniz bölgəsində keçiriləcək təlimlər təhlükəsizliyin möhkəmlənməsinə xidmət etməyəcək:
"Biz bununla razılaşa bilmərik. Çünki təlimlərin əsas məqsədi Abxaziya, Cənubi Osetiya və Rusiyaya qarşı güc nümayişidir. Gürcüstanla qonşu ölkələrin də müxtəlif səbəblərlə həmin təlimlərə cəlb edilməsi təəssüf hissi doğurur”.
Zaxarova stabilliyin tank və vertolyotlarla deyil, konstruktiv dialoqla qurulduğunu da xatırladıb.
Avropada mühacir həyatı yaşayan politoloq Rauf Mirqədirov Zaxarovanın fikirlərini Meydan TV-yə şərh edib. Rauf Mirqədirov deyib ki, Rusiya postsovet məkanını özünün təsir dairəsinə daxil olan ərazi sayır və bütün dünyanı bununla razılaşmağa sövq edir:
"Rusiya bu respublikaların xarici siyasi müstəqilliyinin onun maraqları ilə məhdudlaşdırılmasını istəyir. Söhbət bundan gedir. Əvvəla, Gürcüstanın heç vaxt Rusiyaya hücum etməyəcəyi hamıya məlumdur. İkinci, Osetiya və Abxaziya da beynəlxalq ictimaiyyət tərəfindən Gürcüstan ərazisi kimi qəbul olunur. Absurd olardı ki, Gürcüstan öz əraziləri üçün təhlükə törətsin. Nəhayət, Baltikyanı dövlətlər də daxil, Moldova, Ukrayna və Gürcüstanın yeganə marağı öz təhlükəsizliklərini Rusiyadan qorumaqdır. Çünki hazırda real təhlükə Rusiyadır. Baxın, Gürcüstana 2008-ci ildə hücum etdi, ardınca Cənubi Osetiya və Abxaziyanın müstəqilliklərini tanıdı. Eyni münasibəti 2014-cü ildə Ukraynaya sərgilədi, Krımı özünə birləşdirdi, hazırda Şərqi Ukraynanı işğalda saxlayır”.
Rauf Mirqədirov
Rauf Mirqədirov deyib ki, NATO-nun xərclərinin böyük hissəsini ABŞ və Kanada daşısa da, Avropa dövlətlərinin təhlükəsizliyini təmin etmək üçün yaranmış sistemdir:
"Çox təəssüf ki, NATO həmin funksiyanı ardıcıl şəkildə yerinə yetirmir. Rusiyanın 2008-ci ildə Gürcüstanı işğal etməsi NATO-nu bu ölkəyə və Ukraynaya üzvlük planının verilməməsi səbəbindən gerçəkləşdi. Moskva Brüsseli şantaj etdi, açıq dedilər ki, bu iki respublikalara üzvlük planı verilərsə, böyük qarşıdurmayla nəticələnə bilər. Deməli, yazda həmin üzvlük planı verilmədi, avqustda Rusiya Gürcüstana hücum etdi. 2014-cü ildə oxşar vəziyyət yarandı, Avropa Birliyi Rusiyanın şantajı qarşısında geri çəkildi və nəticədə Ukrayna işğala məruz qaldı. Rusiya açıq şəkildə deyirdi ki, Avropa Birliyi ilə inteqrasiya məsələsi həmin dövlətlərlə yox, onunla müzakirə edilsin. Beləliklə, indiki mənzərə yarandı”.