Hacıqabulda bir evdə 5 nəfər yanaraq öldü
12-10-2023 14:31 / Bu xəbər 935 dəfə oxundu
Prokurorluq hadisənin nədən baş verdiyini araşdırır
Oktyabrın 11-dən 12-nə keçən gecə saat 1 radələrində Hacıqabul rayonunun Navahı qəsəbəsindəki ikimərtəbəli yataqxana binasında 5 nəfərin ölümüylə nəticələnən yanğın baş verib.
Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, hadisənin hansı səbəbdən baş verdiyini müəyyənləşdirmək üçün Hacıqabul Rayon Prokurorluğunda araşdırmalar başlayıb.
Yanğın nəticəsində həyatını itirən 5 nəfərin kimliyi məlumdur. Onlardan ikisi uşaqdır. Ölənlər 79 yaşlı Mütəllim Məmmədov, 71 yaşlı Sara Abışova, 42 yaşlı Aybəniz Abışova, 13 yaşlı Zəhra Sadıqova və 11 yaşll Elgün Sadıqovdur.
Daha bir nəfər – 60 yaşlı Şölə Həsənova isə xəsarət alıb. Ona xəstəxanada ambulator tibbi yardım göstərildiyi və hazırda vəziyyətinin stabil olduğu bildirilir.
Məlumata görə, həlak olanlardan dördü bir ailənin üzvləridir.
Meydan TV-nin əldə etdiyi məlumata görə, hadisə yerinə 3 yanğınsöndürən avtomobil cəlb edilib. Lakin güclü külək və tikilinin taxta konstruksiyalı olması yanğının sürətlə yayılmasına səbəb olub.