Hakim Rahib Salmanovun hansı xəstəxanada öldüyü bəlli olub
05-09-2023 01:20 / Bu xəbər 982 dəfə oxundu
"Onun ölüm səbəbini ailə problemilə əlaqələndirmək qətiyyən doğru deyil”
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rahib Salmanovun müəmmalı ölümündən bir həftə keçir.
Meydan TV-yə bu hadisə ilə bağlı bir sıra məlumatlar daxil olub.
Hakimin Nərimanov rayonu ərazisindəki xəstəxanaların birinin yuxarı mərtəbəsindən özünü atıb intihar etdiyi bildirilsə də, tibb müəssisəsinin adı açıqlanmırdı.
Meydan TV öyrənib ki, hadisə Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin Arif Heydərov adına Hospitalında baş verib.
Hakim həmin hospitalın 6-cı mərtəbəsindən düşüb.
Bundan başqa, hadisədən sonra yerli mediada Rahib Salmanovun ailə münaqişəsilə əlaqədar – boşanma səbəbindən özünə qəsd etməsi barədə iddialar səsləndirildi. Lakin ona yaxın mənbələr bildirir ki, ailəsilə bağlı qərar illər öncə verilmişdi və hazırda heç bir problem yox idi.
"Onun ölümü ailəsi üçün çox ağır zərbə olub. Münasibətlər intihara aparıb çıxaracaq həddə olmayıb. Ona görə də Rahib Salmanovun ölüm səbəbini ailə problemilə əlaqələndirmək qətiyyən doğru deyil. Səhhətində də elə bir problemi, ağır xəstəliyi olmayıb ki, ona xəbər verilsin və bu xəbərdən sarsılıb orada intihar etsin. İntihar etmək üçün niyə məhz hospital seçilsin?”, – mənbə belə deyir.
Hakimə yaxın mənbə əlavə edib ki, onun ölümü ilə əlaqədar prokurorluqda araşdırmalar getsə də, cinayət işi başlanmayıb.
Hadisə avqustun 28-də axşam saat 18.00-19.00 radələrində baş verib.
Həmin gün Rahib Salmanov günortaya qədər iş yerində olub. Çünki avqustun 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində onun icraatında olan bir sıra məhkəmə iclasları təyin olunmuşdu.
Bəzi işlər üzrə məhkəmə iclasları keçirilib. Lakin günün ikinci yarısına təyin olunan məhkəmə işlərini təxirə salıb və məhkəmə binasından çıxıb gedib.
Meydan TV-nin əldə etdiyi məlumata görə, Rahib Salmanov ədliyyə nazirinin müavini Azər Cəfərovun qohumudur.
Onun ürək-damar xəstəliyindən əziyyət çəkdiyi, lakin bu xəstəliyin o qədər kəskin olmadığı bildirilir.
1963-cü il təvəllüdlü Rahib Salmanov 2013-cü ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi idi.
Hadisədən sonra Baş Prokurorluğun mətbuat xidmətindən Meydan TV-yə bildirilmişdi ki, Rahib Salmanovun ölümüylə bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır:
"Rahib Salmanovun özünü müalicə aldığı xəstəxananın binasından ataraq intihar etməsilə bağlı Nərimanov Rayon Prokurorluğuna məlumat daxil olub. Hazırda prokurorluq əməkdaşları hadisə yerindədir. Zəruri istintaq hərəkətləri həyata keçirilir”.