Hakim vəkilin iradından əsəbiləşdi: Xəyalə Ağayeva ev dustaqlığına buraxılmadı

Hakim vəkilin iradından əsəbiləşdi: Xəyalə Ağayeva ev dustaqlığına buraxılmadı

15-01-2025 01:15 / Bu xəbər 69 dəfə oxundu

Jurnalist 40 gündür ki, heç bir sübut-dəlil olmadan həbsdə saxlanılır

Meydan TV-nin həbsdə olan əməkdaşlarından Xəyalə Ağayevanın ev dustaqlığına buraxılması üçün vəkili Nazim Musayevin verdiyi vəsatətə yanvarın 14-də Xətai Rayon Məhkəməsində baxılıb.

Hakim Sülhanə Hacıyevanın sədrliyilə keçirilən məhkəmə prosesində jurnalistin özü də iştirak edib.

Vəkil xatırladıb ki, Xəyalə Ağayeva 40 gündür heç bir sübut-dəlil olmadan həbsdə saxlanılır.

Müdafiəçi yada salıb ki, ilkin sübutlar ortaya qoyulmadan jurnalist haqqında dekabrın 8-də həbs qərarını hazırda ev dustaqlığıyla bağlı vəsatətə baxan hakim Sülhanə Hacıyeva verib.

Bu xatırlatma hakimi əsəbiləşdirib.

Meydan TV-nin digər əməkdaşları, eləcə də son 1 il 2 ay ərzində həbs olunan jurnalist və ictimai fəalların əksəriyyəti haqqında həbs qərarlarında Sülhanə Hacıyevanın imzası var.

Məhkəmədə vəkil Nazim Musayev vurğulayıb ki, Xəyalə Ağayevaya qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham irəli sürülsə də, saxlandığı gün onun evindən yalnız jurnalist fəaliyyətinə aid avadanlıqları götürülüb.

Bu isə onun həbsinin əsl səbəbinin peşə fəaliyyətilə bağlı olduğunu göstərir.

Vəkil Xəyalə Ağayevanın təqsirsiz olduğunu qeyd edib, onun heç olmasa, ev dustaqlığına buraxılmasını istəyib.

Jurnalist də heç bir cinayət törətmədiyini, peşə fəaliyyətinə görə cəzalandırıldığını vurğulayıb.

Müstəntiq isə etiraz edərək deyib ki, onun həbsdən buraxılması istintaqın gedişinə mane ola bilər.

Hakim vəsatəti təmin etməyib.

Vəkil Nazim Musayev bildirib ki, Sülhanə Hacıyevanın bu qərarından apelyasiya şikayəti verəcək.

Meydan TV-nin 6 əməkdaşı – Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Ramin Cəbrayılzadə (Deko) və Natiq Cavadlı, həmçinin Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov dekabrın 6-da saxlanılıb.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bu maddə ilə onların hər birinin barəsində istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Saxlanılan jurnalistlərin evində axtarış aparılıb, telefonları, kompüterləri və digər şəxsi əşyaları götürülüb.

Həbs olunan jurnalistlər özlərini təqsirli bilmir.

Meydan TV əməkdaşlarının tənqidçi fəaliyyətlərinə görə cəzalandırıldıqlarını bəyan edib.

Son 13 ay ərzində Azərbaycanda 30-a yaxın jurnalist və bloger həbs olunub.

Onların arasında "AbzasMedia”, "Toplum TV”, "meclis.info”, "Kanal 13” və başqa media orqanlarının əməkdaşları da var.