"Hazırda sınağa çəkilən siyasi məhbuslar, müxalifət deyil, bütövlükdə xalqımızdır"

29-08-2024 17:57 / Bu xəbər 696 dəfə oxundu

"Azərbaycan hazırda ağır sınaqlar dövründən keçir"

"Əslində, çox adam bilir ki, Azərbaycan hazırda ağır sınaqlar dövründən keçir. Ancaq təəssüf ki, hələ də çox adama elə gəlir, sınağa çəkilən yalnız siyasi məhbuslar, müxalifətçilər, jurnalistlər, demokratiya uğrunda mübarizə aparan ictimai-siyasi fəallardır, onlara - böyük çoxluğa isə bu sınaqların dəxli yoxdur. Bəlkə də, xalq olaraq ən böyük səhvi məhz bu məqamda edirik. Əksəriyyət hələ bilmir ki, bu ağır zamanlarda sınağa çəkilən əslində xalq olaraq hamımızıq". 

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli sosial media hesabında belə yazıb. 

"Ölkədə çoxlu sayda adam hələ də düşünür ki, şərlənərək həbs olunmuş günahsız insanları müdafiə etmək də, haqsızlığa, hüquqsuzluğa etiraz etmək də, məmur özbaşınalığına, korrupsiyaya, monopoliyaya etiraz etmək də, hətta uşaq pulu tələb etmək də  yalnız müxalifətçilərin və vətəndaş cəmiyyəti fəallarının işidir. Ona görə də görəcəyimiz iş hələ çoxdur", - deyə Əli Kərimli qeyd edib. 

O bildirib ki, vətəndaşlar haqqını tələb etməlidir: "Bizə sadə görünən həqiqətləri o qədər çox yazmalı, danışmalı və izah etməliyik ki, milyonlarla azərbaycanlı nəhayət, belə bir qərara gəlsin: təkcə vətəndaş, müasir insan olmaq kifayətdir ki, haqsızlığa, ədalətsizliyə, saxtakarlığa etiraz edəsən, haqqını tələb edəsən. Haqqını tələb etmək üçün, ədalətsizliklə mübarizə aparmaq üçün siyasi prosesin birbaşa iştirakçısı olmaq şərt deyil, vətəndaş olmaq kifayətdir".