Həbs edilən İcra başçısının kim himayə edib: Cavid Qurbanov, yoxsa İsmət Abbasov?
02-05-2020 21:53 / Bu xəbər 1539 dəfə oxundu
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində həbs edilən Biləsuvar rayonunun keçmiş icra başçısı Mahir Quliyevin yüksək dövlət vəzifəsinə təyinat almasında Baş nazirin keçmiş müavinlərindən birinin müstəsna xidmət olub.
Bu barədə "AzPolitika.info” məlumat yayıb.
Məlumata görə, M. Quliyev sabiq kənd təsərrüfatı naziri, daha sonra Baş nazirin müavini olmuş İsmət Abbasovun qohumudur.
Sayt yazıb ki, ali təhsili və idarəçilikdə, dövlət qulluğunda heç bir iş təcrübəsi olmayan restoran müdirinin sürətli karyera yüksəlişi ancaq hakimiyyətdə yüksək post tutan himayəçisi sayəsində mümkün ola bilərdi.
"Mahir Quliyevin belə qohumcanlı vəzifəli sarıdan bəxti gətirib.O, 2005-ci ildə Səbail bələdiyyəsinin sədr müavini, bir neçə ay sonra - 2006-cı ildə Astara rayonuna, 2011-ci ildə isə Biləsuvar rayonuna icra başçısı təyin olunub.
Vəzifədə olduğu müddətdə haqqında mediada çoxsaylı korrupsiya, rüşvət, yarıtmaz idarəçiliklə bağlı ittihamlar irəli sürülsə, barəsində Prezident Administrasiyasına çoxsaylı şikayətlər ünvanlansa da, "qüvvətli əl” onu qoruya bilib.
Bir başqa məlumata görə isə M.Quliyevin "Dövlət Dəmir Yolları”-nın rəhbəri Cavid Qurbanovla da yaxın dostluq əlaqələri var", - xəbərdə bildirilir.












