Həbsdə olan jurnalist məhkəmə protokollarının saxtalaşdırıldığını deyir

Həbsdə olan jurnalist məhkəmə protokollarının saxtalaşdırıldığını deyir

23-01-2025 19:20 / Bu xəbər 92 dəfə oxundu

"Hakim Azad Məcidov qərəzli şəkildə müdaifə tərəfinin sübutlarını hökmə daxil etməyib”

"Kanal 11” internet televiziyasının rəhbəri, bir ay əvvəl 8 il azadlıqdan məhrum edilməsi barədə hökm oxunan Teymur Kərimov onunla bağlı məhkəmə protokollarının saxtalaşdırıldığını deyir.

Jurnalistin sözlərinə görə, məhkəmə iclas protokolları ilə tanış olanda prosesdə baş verənlərin orada təhrif olunmuş şəkildə yazıldığını görüb.

Teymur Kərimov bildirir ki, zərərçəkmiş qismində tanınan Leyla Almaszadə məhkəmədə ondan şikayətçi olmadığını, ümumiyyətlə, onunla aralarında pul mövzusunda söhbət getmədiyini demişdi. Amma məhkəmə iclas protokolunda bunun əksi yazılıb: "Protokoldan isə görünür ki, guya Leyla Almaszadə məndən şikayətçidir, mənim çəkib efirə verdiyim videonu qanunsuz sayır. Deyir ki, bağça kimi fəaliyyət göstərən obyekt onun şəxsi əmlakıdır, onun qarşısında video çəkmək üçün ondan icazə alınmayıb. Birincisi, "Media haqqında” Qanuna görə, hərbiləşmiş, mühafizə olunan obyektlərdən başqa hər yerdə, xüsusilə vətəndaşlara xidmət edən sektorda çəkiliş etmək qanun pozuntusu sayılmır. İkincisi, Leyla Almaszadə məhkəmədə ifadəsində mənimlə pul mövzusunda danışmadığını, ödədiyi vəsaiti mənə yox, şikayətçi olan vətəndaş Şəfa Tapdıqovaya verdiyini dedi. Həmin pul da vətəndaşın bağçaya ödənişi olub. Hətta prokuror da mənə cəza istəyəndə çıxışında demişdi ki, Leyla Almaszadə ilə barışıq əldə olunub. Hakim Azad Məcidov bütün mümkün saxtakarlıqlardan istifadə edib”.

Teymur Kərimov xatırladıb ki, Leyla Almaszadə ifadəsində özünün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində şikayət ərizəsi yazmadığını, əksinə, idarədən zəng edib, onun həbsi barədə xəbər verildiyini və ora dəvət edildiyini bildirib. Lakin məhkəmə iclas protokollarında bu fikirlər də əksini tapmayıb.

"Protokolda yazılıb ki, guya hakim Azad Məcidov sənədlərin tədqiqi zamanı cinayət işindəki 1 ədəd CD diskə baxış keçirib, məhkəmə zalında dinlənilib. Yalandır. Məhkəmədə diskə baxış keçirilməyib, zalda tərəflərə dinləndirilməyib. Sadəcə, ittiham aktından protokola köçürüblər”, – Teymur Kərimov bildirib.

Jurnalist əlavə edib ki, həm ibtidai istintaq, həm də məhkəmədə onun kimlərdənsə hədə-qorxu yolu ilə pul istəməsi və ya alması təsdiqini tapmayıb.

Onun sözlərinə görə, ortada bununla bağlı heç bir sübut yoxdur: "Lakin Azad Məcidov qərəzli şəkildə müdaifə tərəfinin sübutlarını hökmə daxil etməyib. Protokollardakı saxtakarlıqların aradan qaldırılmasını, zəruri ifadələrin və sübutların protokollara əlavə edilməsini tələb edirəm”.

Dekabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azad Məcidovun sədrliyilə çıxarılan hökmə əsasən Teymur Kərimov 8 il azadlıqdan məhrum edilib. Həmçinin 2 il də ona jurnalist fəaliyyətilə məşğul olmaq qadağan olunub.

Teymur Kərimovla birlikdə məhkəmə qarşısına çıxarılan, lakin həbsdə olmayan reportyor İstək Totiyevaya isə iki il sınaq müddəti olmaqla, şərti cəza verilib.

Onların hər ikisi Cinayət Məcəlləsinin 182.2.1 (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə təqsirli bilinib.

Bu iş üzrə Leyla Almaszadə və Fərrux Ələkbərov zərərçəkmiş qismində tanınıb.

İttihama əsasən, Teymur Kərimov və İstək Totiyeva video-materialın internet kanalından silinməsi üçün Fərrux Ələkbərovdan 10 min manat pul istəyib, son nəticədə 1000 manat alıb. Leyla Almaszadədən isə 300 manat pul alınıb.

Teymur Kərimov özünü təqsirli bilmir, jurnalist fəaliyyətinə cəzalandırıldığını bildirir.