Həbsdə olan tədqiqatçının mükafat alan filmi daha bir beynəlxalq festivalda
16-11-2024 00:28 / Bu xəbər 79 dəfə oxundu
İqbal Əbilov filmini siyasi məhbuslara həsr edib, qaliblər dekabrda açıqlanacaq
Azərbaycanda həbsdə olan etnik tədqiqatçı İqbal Əbilovun "Fraqmentlər” filmi "Madrid Indie Film Festivalı”nda (MADRİFF) nümayiş etdirilib.
Filmin festivalda təqdimatını İqbal Əbilovun qohumu, yumorist İdrak Mirzəlizadə edib.
O, tədbirdə İqbal Əbilovun festivalın təşkilatçılarına və iştirakçılarına müraciətini oxuyub.
Tədqiqatçı məktubunda layihənin reallaşmasına kömək edənlərin hamısına təşəkkür edib.
Həmçinin öz elmi və ictimai fəaliyyətinə görə həbsdə olduğu vaxtda onu dəstəkləyən hər kəsə minnətdarlığını bildirib.
"Ümid edirəm ki, tezliklə ədalət öz yerini tapacaq. Günahsız olduğum sübuta yetiriləcək və azadlığa çıxandan sonra Madridə gəlib, dostlarımla görüşüb, festivalın bütün filmlərinə baxa biləcəyəm”, – İqbal Əbilov məktubunda bildirib.
"MADRIFF” il ərzində aylıq nümayişlər keçirir və bu müddət ərzində rəsmi proqrama daxil olan filmlər münsiflər heyəti tərəfindən nümayiş etdirilir.
Qaliblər dekabrda keçiriləcək əsas tədbirdə elan ediləcək.
Noyabrın əvvəlində İqbal Əbilovun "Fraqmentlər” filmi İtaliyada "Monza” beynəlxalq kino festivalında "Ən yaxşı elmi-fantastik film” nominasiyasında mükafat qazanmışdı.
Tədqiqatçı bildirmişdi ki, bu mükafatı Azərbaycandakı bütün siyasi məhbuslara həsr edir.
"Monza” kino festivalı hər iki aydan bir müxtəlif kateqoriyalarda fərqli çarpan filmləri seçir.
Süni intellekt mövzusuna həsr olunan "Fraqmentlər” adlı qısametrajlı bədii film 2023-cü ildə çəkilib.
Film aşiq olan iki androidin hekayəsindən bəhs edir.
Belarusda yaşayan İqbal Əbilov 2024-cü il iyulun 22-də Azərbaycana qohumlarının yanına gəldiyi zaman saxlanılıb.
Azərbaycandakı milli azlıqlar, o cümlədən talışlarla bağlı araşdırma aparan etnoqraf İqbal Əbilov barəsində 2024-cü il iyulun 24-də Səbail Rayon Məhkəməsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Özü də milliyyətcə etnik talış olan İqbal Əbilova qarşı Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (dövlət əleyhinə yönələn açıq çağırışlar – xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədildikdə) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələrilə ittiham irəli sürülüb.
İqbal Əbilov Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda, razılaşdırılmış şəkildə Azərbaycanda milli zəmində nifrət yaratmaq cəhdində ittiham olunur.
Yaxınlarının Meydan TV-yə verdiyi məlumatlara görə, İqbal Əbilov bu ittihamlarla razılaşmır, özünü təqsirli bilmir.
O, hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılır.
İqbal Əbilov Latviyada qeydiyyatdan keçmiş Talış Milli Akademiyasının təsisçilərindən biridir.