Həkim TƏBİB-i ayrı-seçkilik və özbaşınalıqda günahlandırdı: "Uşaqların dərmanları verilmir"

Həkim TƏBİB-i ayrı-seçkilik və özbaşınalıqda günahlandırdı:

13-10-2023 18:17 / Bu xəbər 1334 dəfə oxundu

"TƏBİB-in dediyi kimi istehsalçı istehsal etmirsə, bəs dərman niyə apteklərdə satışda var?"

Həkim Aydın Əliyev uşaqlar üçün boyartırıcı "Norditropin" preparatının vətəndaşlara verilmədiyini iddia edir. 

O, buna görə, TƏBİB-i günahlandırır. 

Bu barədə Aydın Əliyev "Feysbuk" hesabında yazıb. 

"Artıq 2 aya yaxındır ki, boyu qısa olan uşaqların boyunu artırmaq üçün dövlət tərəfindən verilən, büdcədən pul ayrılan bahalı "Norditropin" preparatı (Somatotrop hormon, somatropin) (qiyməti təqribən 200 AZN-dir) TƏBİB tərəfindən xəstələrə verilmir! Daha doğrusu, "öz adamlarına” verilir, yüzlərlə ehtiyacı olan uşaqlara isə "naməlum” və "qaranlıq” səbəblərdən verilmir", - həkim yazıb. 

Aydın Əliyev deyir ki, qələm şəklində olan bu preparatın təqribən həftədə 1 flakonu uşağa inyeksiya edilməlidir: "Beləliklə, hazırki iqtisadi çətin durumda olan əksər valideynlər öz övladlarını bu preparatla təmin etmək üçün ayda 800-1000 manat pul xərcləməlidirlər! Bu insanlar çox çətin duruma düşüblər".

TƏBİB isə həkimin iddiaları ilə bağlı açıqlama yayıb.

Qurumdan bildirilib ki,  problemin aradan qaldırılması üçün iş aparılır: "Uşaqlarda boy hormonunun müalicəsi üçün istifadə olunan dərman vasitəsi "Novo Nordisk” əczaçılıq şirkəti tərəfindən istehsal olunur. 2020-ci ildən 2023-cü ilin avqust ayına qədər bu preparatın təminatı 1500-ə qədər uşağı əhatə edib. Lakin cari il ərzində dünyada boy hormonunun müalicəsi üçün nəzərdə tutulan preparatların xammalının əldə olunmasında yaranan çətinlik səbəbindən artıq 2 aydır ki, istehsalçı şirkət adıçəkilən preparatın təminatını dayandırıb".

TƏBİB qeyd edir ki, yaranmış problemin aradan qaldırılması məqsədilə dərhal zəruri addımlar atılıb: "Növbəti aydan boy hormonunun müalicəsində istifadə olunan preparatın TƏBİB-in tabeliyində fəaliyyət göstərən Respublika Endokrinoloji Mərkəzinə təminatının başqa şirkət vasitəsi ilə bərpa olunması nəzərdə tutulub”.

Həmin preparatdan məqsədyönlü istifadəni təmin etmək üçün yalnız xüsusi komissiyada xəstənin sağlamlıq vəziyyəti, preparata ehtiyac səviyyəsi və əks-göstərişlər nəzərə alınmaqla imtiyazlı qrupa daxil olan xəstələr üçün təmin olunur.

Aydın Əliyev TƏBİB-in rəsmi açıqlamasını əsassız adlandırıb: "Öz adamlatına necə verirlər bəs? Gülməli cavabdır. Belə şirkətlər öncədən məlumat verirlər ki, preparat olmayacaq. Vaxtında tədbir görmək lazımdır". 

Bununla yanaşı, digər bir məqama da aydınlıq gətirib. O qeyd edib ki, əgər TƏBİB-in dediyi kimi istehsalçı istehsal etmirsə, bəs dərman niyə apteklərdə satışda var?

Sosial şəbəkədə həkimə dəstək verən bir sıra vətəndaşlar da iki aydır ki, bu problemlə üzləşdiklərini deyiblər. Onlar problemin əsl səbəbi kimi düzgün idarəetmənin olmadığını və korrupsiyanı əsas gətiriblər. 

Bəziləri isə ümumiyyətlə, TƏBİB-in ləğv edilməsini, bütün səhiyyə sisteminin nazirliyin ixtiyarına verilməsini qeyd ediblər. 

Ümumilikdə isə ölkə səhiyyəsinin durumunun bötövlükdə bərbad olduğunu deyənlər də var.