Həqiqətlə üzləşəndə
20-11-2024 14:22 / Bu xəbər 85 dəfə oxundu
Yalçın İmanov
Hüquqşünas
"Mənə deyə bilərsiniz bu tədbirin tam adı necə səslənir?” – prezidentin köməkçisi Hikmət Hacıyevin jurnalistin namünasib sualına bu qəribə cavabı - sualı media təmsilçisinin COP-la bağlı biliklərini yoxlamaq məqsədi daşımır.
Axı jurnalistin BMT-nin mahiyyətcə sadə, amma sərlövhəcə bir balaca qəliz tədbirinin adını tam bilib-bilməməsi onun nəyinə lazımdır?
Suala sual, bir sıra hallarda qarşı tərəfin intellekt səviyyəsini ölçmək, müəyyənləşdirmək tərzi, metodu olsa da, bəzən oyun məzmunludur (Hərçənd, ümumiyyətlə, "bu tədbirin tam adının necə səslənməsi”nin intellektə hər hansı bir aidiyyəti yoxdur).
Bu mənada cənab Hacıyevin suala sualla cavab taktikası daha çox iki mühüm əlamətdən xəbər verir:
1. Sürpriz situasiyada (oxu: sualla qarşılaşmada) özünə əminsizlik.
Jurnalistin cavabından sonra onun "iqlim konfransı deyil” ani reaksiyasını müşayiət edən qeyri-düzgün və nizamsız inspirasiya bu əminsizliyin aşkar bədən əlamətidir.
Məqsəd qismən həyəcanlanmış bədəni əlavə hava ehtiyatı, bol oksigenlə zənginləşdirib, sakitləşdirməkdir. Ona görə də media nümayəndəsinə tədbirin adını əlaçı tələbələr kimi əzbərdən deyib, "...iştirak etdiyiniz konfransın mənim qədər mahiyyətini tam dərk etmirsiniz”, "...tövsiyə edərdim ki, bir qədər iqlim mövzusunda təlimlərə də cəlb olunasınız və bu mövzunun mahiyyətini dərk edəsiniz” publik məzəmməti narahat sual qarşısında istiqaməti bir balaca yayındırıb, özünə əminsizliyi boğmaq, üstünü ört-basdır etmək və zahirə çıxmasını əngəlləmək niyyətindən xəbər verir.
O bununla həmçinin necə deyərlər, həmmüsahibini heç bir ehtiyac olmadığı halda, həm də çox mütəvazi şəkildə ("çox üzr istəyirəm” sitatı ) öz nəzərində kiçildib, bunun əksinə özünü öz gözündə bir az da böyüdüb, bir az da ucaltmaqla rahatlatma prosesini tam başa çatdırmağı hədəfləyir.
Bir vacib qeyd: belə məqamlarda ünsiyyətin təbii axarından irəli gəlməyən, səbəbsiz və yaxud da mühüm səbəbsiz "üzr istəmə” gedişi əsasən üzr istəyənin öz daxili aləminə izaholunmaz xitabı olmaqla, insan təbiətində fasiləsiz gedən mürəkkəb psixioloji proseslərin bir parçası, tərkib hissəsi kimi çıxış edir.
Digər diqqətçəkən məqam isə jurnalist qızcığaza təmsil etdiyi medianın və beləcə onun da "qeyri-qanuni” fəaliyyət göstərdiyini elan etməklə ("...o cümlədən də Azərbaycan Respublikasında qeyri-qanuni fəaliyyət göstərməyinizə baxmayaraq, Azadlıq Radiosunun jurnalisti olaraq siz də (tədbirdə) iştirak edirsiniz”), bununla öz narahatlıq hissini tam və ya qismən ona ötürmək, sirayət etmək niyyəti güdür.
Narahat olanın narahat edəni narahat etmək, narahatçılığı əks tərəfə transformasiya etmək strategiyası...
Rəsmilərin bu "aşkar” "qeyri-qanuniliyə” dözüm, təmkin və güzəşti fonunda şüuraltı sanki "bu, nə yersiz sualdır?!” məzmunlu virtual göz ağardıb, danlaq edib, mötəbər tədbirin adına uyğun əsl mövzu təklif edir: "...gəlin iqlim maliyyəşməsi üzrə mövzular var...”.
Beləcə namünasib sualın yaratdığı kiçik təzyiq fonunda ən tanınmış köməkçinin daxili müvazinəti hissolunacaq şəkildə təsirlənir, o, sakit, inamlı və möhkəm təsir və ovqat bağışlamır. Bu, onun şəxsiyyəti ilə bağlı deyil, sualın kontenti və həmin kontentə münasibətdə tutduğu zəif mövqe ilə əlaqədardır. Bu bənd altında rezüme etsək, belə situasiyalarda suala sualla cavab, xoşagəlməz, eşitmək istəmədiyin həqiqətlə qəfil rastlaşanda, həmin həqiqəti səsləndirəni imtahana çəkməklə onu sarsıtmaq, yaxud da əhəmiyyətini mümkün qədər azaltmaq, zəiflətmək, verdiyi sualın adekvat olub-olmamasına şübhə yaratmaq cəhdidir.
2. La Pausa (Futbola aid olan bu termin müsahibədə də keçərlidir, amma necə). Verilən suala zəruri cavab konteksti çərçivəsində düşünmək üçün əlavə vaxt qazanmaq.
Hikmət Hacıyevin zamana ehtiyacı sürpriz situasiyanın - sualın yaratdığı qatı fondan qaynaqlansa da, arzu edilən fasilənin əsas mənbəyi qadağan edilmiş mövzularda hakim konyuktura və onun sabit, daşlaşmış yanaşma tərzi, ehkamlarıdır. Buna görə də o, "tədbirin tam adı”nı soruşa-soruşa ildırım sürəti ilə suala ən münasib cavab versiyalarını düşünür, axtarır və götür-qoy edir. Onu jurnalistin COP-un əsl adını bilib-bilməməsi, əks sualına doğru-düzgün cavab verib-verməməsi bir qram da maralandırmır, bütün fikri-zikri namünasib, narahat sualın yanındadır. Bunu mimikası da dolayısı ilə təsdiq edir.
O, beynində tapdığı ən uyğun cavaba dərhal gəlmir, onun məzmununu cəld ölçüb-biçəndən sonra mövcud situasiyanı qimətləndirir və bir balaca uzaqdan başlayır. Ancaq ingilisdilli, intellektual köməkçinin bu mini idraki xaosda az keçməmiş ən arxaik ifadə tərzinə - "AzTV dili”nə keçməsi ("özlərini media orqanı adlandıran təsisatlar”, ""Azadlıq Radiosu" da başda olmaqla və özünü media təsistatı kimi təqdim edən bir sıra resurslar”, "peşəkar jurnalist roluna iddia edirsinizsə...”, "Azərbaycan Respublikası vətəndaşı da olaraq ölkənin nailiyyətlərinə sevinməyi bacarmaq da bir yaxşı xüsusiyyətdir”), dayanmadan danışdığı halda, onu sualın cavabına keçməyə dəvət edən jurnalistə: "Siz mənə danışmağa imkan vermirsiniz”, - deyib xırda, əhəmiyyətsiz mübahisələr yaratması və ya belə mübahisələrə qoşulması, arada ehtiyatı əldən verib təqsirsizlik prezumpsiyası hüququnu kobud şəkildə zədələməsi müqəddəs konyukturanın bəslədiyi arzu edilən pauzanın o qədər də səmərəli və faydalı olmadığını nümayiş etdirir...
Başqa sözlə, falstart.
Yeri gəlmişkən, bütün, hətta ən vecsiz və ötəri mübahisələr belə zəif mövqeni, tənqidə davam gətirə bilməyən pozisiyanı gizlətmək və manipulyasiya üçün ən sınanmış vasitə, kiçik hiyləgər fənddir və təbii ki, həqiqəti üzə çıxarmaq məqsədinə də xidmət etmir, əksinə onun üstünü örtmək, gizlətmək və pərdələmək məramlıdır.
Hikmət müəllimin "qanunsuz fəaliyyət göstərən” jurnalisti "Azərbaycan Respublikasının vətəndaşı kimi” ölkənin nailiyyətlərinə sevinməyə dəvəti və ya öz təbirincə desək, "tövsiyəsi” "insan hüquqları ilə əlaqədar da mən sizin sualınıza da cavab verə bilərəm” məzmunlu gecikmiş əminliyini tamamilə əhəmiyyətsizləşdirir.
Beləliklə, həqiqət belə zəhrimar şeydir, o, ən sadə namünasib sual formasında zühur edəndə, adamın nəinki intellektinə, xarici dil bilgilərinə, heç tutduğu mühüm, əhəmiyyətli posta, filana da baxmır. Bu mənada o, amansızdır, çarəsizləşdirir və bütün təbii məhdudiyyətləri ilk imkandaca üzə çıxarır.
Həqiqətlə məşğul olmayan, əksinə inadla onu inkar edən, yaxınına buraxmayan, onunla hər ötəri təmasında, qarşılaşmasında unsiyyət ritmini, tempini diktə etmək, müəyyən etmək şansından, imkanından, sadəcə, məhrumdur.