"Hər şeyi, hər kəsi anlamaq insan zehni üçün aşılmaz sərhəddir"
18-08-2024 13:31 / Bu xəbər 2640 dəfə oxundu
"Arqument.az" "zerifkolgeler.com"a istinadən Xəyalə Sevilin Arzu Hüseynlə müsahibəsini təqdim edir:
- Elə qadın şairlər var ki, şeirlərini oxuyanda qadın müəllif tərəfindən yazıldığı hiss edilir. Sizdə belə deyil. Ümumiyyətlə, şeirdə qadın və kişi ruhu hiss edilməlidirmi?
- İstedadın ruhsal cinsiyyəti yoxdur. Şəxsi düşüncəmdir. Empati hissi yüksək olanlar məni daha yaxşı anlayar bu mövzuda.
- Özünüzü çərçivəyə salıb yazmaq istədiyinizi yazmadığınız vaxtlar olubmu?
- Bəli, əlbəttə, olub. Əsas da heç yazmadığım mövzular haqda yazmağımı istəyən qəzet və jurnallar və yaxud tədbir rəhbərləri olanda bu məqamla qarşılaşmışam. Yaza bilməmişəm.
- Gör kimlərin ulduzları barışdı, Bizimkilər qovuşmadı hələ də… Bəzən, zaman keçdikcə qovuşmayan ulduzlar üçün Tanrıya minnətdar olursan. Sizin necə, "yaxşı ki, olmadı” dediyiniz şeylər olubmu?
- Yaxşı ki, olmadı, hissi qat-qat sonra gəlib. Təkminləşdikcə, təcrübə topladıqca, soyuq başla anlamışam ki, doğrusu elə bu imiş. Həyat olar, olmazlar arasında etdiyimiz doğru seçimlərin məktəbidir.
- Zaman sizi nə qədər dəyişdirib? İnsanlara güvənə bilirsinizmi?
- Zaman hər kəsi dəyişir. Hərə öz çərçivəsində dəyişir. Kimisi az, kimisi çox bir forma, şəkil alır. Bəli, artıq sərhədlərim var insanlar arasında. İçimdən gəldiyi qədər ötürürəm enerjimi. Ələməyi öyrənmişəm, qısası.
- "Sənin olan sənə gələcəkdir” deyirlər. Buna tale də demək olar, evrənə ötürülən mesaj da. Ümumiyyətlə, olacaqlara inanırsınızmı, yoxsa olacaqları şansa, qismətə buraxmırsız?
- Məncə, heçnə bu qədər asan deyil. İnsanlar hər anlamadığı duruma sadə don geyindirməyi sevirlər. Bu durum onları rahat edir. Bizim qismət, şans, tale adlandırdığımız hallar ağlasığmaz mexanizmlə payımıza düşən təsadüf də ola bilər, zərurət də.
- Sevmək, yoxsa sevilmək? Çünki adətən ikisi bir arada olmur.
- Biri digəri olmadan harmonik olmadığı üçün hər ikisini seçirəm. Mən sevilmədən sevməmişəm.
- Bəs sizcə, hansı qadınlar sevilirlər?
- Bir meyar olsaydı, hər kəs layiqincə sevilərdi. Eşq bir ruh halıdır. Doğru zamanda, doğru şərtlərdə rastlaşanlar, adətən, aşiq olurlar.
- Sevgi daha çox nəylə gözəldi? Ümumiyyətlə, ən çox hansı duyğunun böyüklüyünə sevgi deyirsiniz?
- Vəfa. Vəfası olmayan heç bir duyğunu gerçək saymıram. Güvən hissindən gözəl sevgidə ikinci hiss yoxdur. Əlbəttə ki, bu təməl vacibiyyətdir, digər məsələlər kimyadır.
- Sevginin cəsarətlə bağlılığı nə qədərdi? Sevən insan həqiqətənmi cəsarətli olur?
- Cəsarət ya var, ya yoxdur. Varsa, sevgi onu daha da çox qabardır, gözü qara edir. Yoxdursa, sevgi ona fərasət artırmayacaq.
- Dostoyevski deyir ki, hər şeyi anlamağa çalışmaq xəstəlikdi. Şairlər, adətən, hamını anlayan, ancaq əksəriyyət tərəfindən anlaşılmayan insanlar olur. Şair olmağın bu tərəfi sizi yorubmu?
- Dostoyevski düz deyib. Müəyyən yaşdan sonra insan dünyanı bütün görür. Artıq xırdaçılığına varmır. El dili ilə desək, ipin bir ucun boş buraxır. Hər şeyi, hər kəsi anlamaq insan zehni üçün aşılmaz sərhəddir. Gənc yaşlarımda anlaşılmadığımda üzülərdim. İndi anlaşılmaq istəyim o qədər radikal deyil. Kimsə məni anlamaq məcburiyyətində deyil axı. Şeirlərimlə özümü kifayət qədər ifadə edirəm. Bir də axı anlamaq istəyən üçün sükut da bir işarədir.
Söhbətləşdi: Xəyalə Sevil