Hərbi qulluqçunun intihar etdiyi deyilir
10-09-2023 16:52 / Bu xəbər 972 dəfə oxundu
Hadisə ilə bağlı cinayət işi açılıb
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə Alayının hərbi qulluqçusu Kənan Cəfərovun intihar etdiyi bildirilir.
Bu barədə Hərbi Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Kənan Cəfərovun odlu silahdan özünə xəsarət yetirməsi barədə Bakı Hərbi Prokurorluğuna məlumat daxil olub:
"Məlumat əsasında Bakı Hərbi Prokurorluğunun və Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin əməkdaşları hadisə yerinə baxış keçirib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib”.
Mətbuat xidməti bildirib ki, fakt üzrə Bakı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.