Hesablama Palatası hüquq-mühafizə orqanlarına şikayətlərin sayını artırıb
08-04-2024 15:16 / Bu xəbər 1071 dəfə oxundu
Qurumun hesabatında şikayətlər barəsində də yazılıb
Ötən il Hesablama Palatası hüquq-mühafizə orqanlarına müraciətlərin sayını 50 faiz artırıb.
Palata 8 nəzarət tədbiri üzrə Baş Prokurorluğa, 1 nəzarət tədbiri üzrə isə Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) müraciət edib.
Məlumatlar Hesablama Palatasının hesabatındandır.
Sənədə əsasən, Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin, Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun, Gənclər və İdman Nazirliyinin fəaliyyətində aşkar olunmuş nöqsanlarla bağlı Baş Prokurorluğa, Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks” Birliyinin, Mədəniyyət Nazirliyinin Gəncə Regional Mədəniyyət İdarəsinin fəaliyyətində aşkar olunmuş nöqsanlarla bağlı isə DTX-ya müraciət olunub.
2022-ci ildə Hesablama Palatası 4 nəzarət tədbiri üzrə Baş Prokurorluğa, 2 nəzarət tədbiri üzrə isə DTX-ya müraciət etmişdi.
Yeni hesabatdan bəlli olur ki, Baş Prokurorluğa müraciətlərin sayı 2 dəfə artıb, DTX-ya müraciətlərin sayı 2 dəfə azalıb.
Ümumilikdə isə hüquq-mühafizə orqanlarına müraciətlərin sayı 50 faiz artaraq 6-dan 9-a çatıb.