Heyvanlar və adamlar
01-02-2024 16:07 / Bu xəbər 1691 dəfə oxundu
Nazlı Ağayeva
Təxminən beş-altı il əvvəl eyvana qonşu qızların balaca pişiyi gəldi. Qabağına yemək qoyub qızlara xəbər verdim. Gəlib apardılar, amma bir azdan gordüm bayaqkı yerində durub üzümə baxır. Ertəsi gün də eynən. Arada bir həftə evdə olmadım. Gecə qayıdanda gördüm qapıda qaraltı var. Yaxınlaşanda sakitcə qabağıma düşüb həyətə yollandı. O idi...
Eyvanda yeməyini verib tez evə keçdim ki, baxışlarımız qarşılaşmasın. Gəlirdilər, qaynaşırdıq, ölümümə sevirdim onları. Bir gün başlarına nəsə gələndə ölümünə ölürdüm. Sonuncu stressdən sonra bu tayfadan uzaq durmağa çalışırdım guya. Amma əlimdə can çəkişən gözəl Ququmun yerini kimsə tuta bilməzdi deyə də bilmirdim. Çünki Ququya da bir müddət bu səbəbdən üz verməmişdim.
Payızı eyvanda yola verdik. Qızlar aparırdılar, o qayıdıb gəlirdi. Yalnız gecələr yoxa çıxırdı. Bir axşamüstü güclü qar yağmağa başladı. O axşam görünməyəndə yenə evlərinə getmiş olar deyə düşündüm. Gecəyarısı təsadüfən eyvana çıxanda şüşənin çöl tərəfində qarla örtülmüş yumru bir şey gördüm. Uşaqlar şüşəyə qartopu atmazdılar. Bəs onda bu nəydi? Ağlıma gələn fikirdən bütün vücudum titrədi. Şüşənin arxasındakı o idi...
Bir azdan jaketimə büküb peçin yanına qoymuşdum. İsindikcə sulu, yaşıl gözlərini ürkək-ürkək üzümə zilləyirdi. O gecədən evin sakit-səssiz nəfəsinə çevrilən pişiyin adını "bacı" çağırmağa başladıq. Bacı ac qalardı, miyoldamazdı. Həyətin xırda balalarını qoruyanda ayağının ətini qopardardılar səsi çıxmazdı.
Hər dəfə evdən çıxanda ürəyim rahat olsun deyə sevdikləri şeylərdən bolluca tökərdim qablarına. Hər kəs yeməyə cumanda çantamı götürən kimi bacı məndən qabağa düşüb küçəyə çatardı. Ta maşına minib gözdən itənə qədər eyni yerdən arxamca baxdığını görərdim onun.
Havaxt dönməyinin artıq mənası yoxuydu, Bacı evə çatanacan oralarda onsuz da dişə dəyəsi bir şey qalmayacaqdı. Bir heyvanın bu qədər cəfakeş olması qəhər olub boğazıma tıxanırdı. Hələ hamısı bu deyildi, gecənin neçəsində qayıtsam, hava necə olur-olsun küçə qapısında gözləməyi başqa bir kövrək tablo idi.
Beləcə aylar-illər ötdükcə Bacı daha fədakar olurdu. Harda yetim bala var, əmizdirirdi, harda yaralı heyvan var, yanından ayrılmırdı. Çox yeməzdi bacı, yeməyini yarıda qoyub uzaqlaşardı. Bir azdan görərdim nabələd bir pişik qabı tərtəmiz sıyırıb gedir. Bütün hallarda yalnız başına sığal çəkə biləcəyim qədər yaxınlaşırdı. Etdiklərinin mükafatını istəməzdi məndən, sadəcə sevərdi.
... Ötən qarlı-şaxtalı, soyuq günlərdə evə gec qayıtmalı olurdum. Bacı hər dəfə küçədə məni qarşılayıb evə gətirərkən islanıb üşüyürdüm. Onun illərlə məni yağışın, qarın altında gözləyərkən nələr çəkdiyini düşünəndə canım yanırdı, amma əlimdən bir şey gəlmirdi.
Bu yaxınlarda bir gün Bacının asqırdığını gördüm. Əvvəl fikir vermədim. Daha sonra için-için öskürməyə başladı. Gözlərindən yaş gəlir, heyvan əsim-əsim əsirdi. Qucağıma götürdüm. Belə təmaslara alışıq olmasa da, qollarıma qısılıb gözlərini yumdu. Bir azdan yenə boğulana qədər öskürməyə başladı. O gecəni gözümüzü yummayıb səhər haldan düşmüş Bacnı həkimə aparası oldum.
"Körpünün üstü" deyilən yerdə Bakı maşınlarına çatıb taksidən düşəndə xalturşiklər əşyalarımızı necə, hayana götürdülər bilmədim. Ayağımı yerə qoyanda birinin Bacını baqaja soxduğunu görüb necə çığırdımsa səsimdən özüm hövülləndim. Tez də peşman oldum, bəlkə, adam pişik olduğunu bilməyib deyə... Amma bilirmiş.
"Pişikdi də, yeddi canı var"-zad deyib irişəndə necə baxdımsa dərhal başqa biri qutunu götürüb öz maşınına qoydu. "Bu, möhkəm heyvansevər olmalıdır" yəqiniylə ora yerləşdik.
Artıq üzüaxşama gedirdi. Yağış, duman da bir tərəfdən. Hərənin xəyali bir-iki kliyenti vardı.
"Siz oturun, onlar da gələcəklər" priyomunu əzbər bildiyimdən, nəhayət, "iki nəfər ödəyərəm", - dedim. Sürücü dərhal qaza basdı. Mövcud olmayan kliyent ehtimalına görə başqa maşınlara "əsir düşən"lər də arxaya doluşdular.
Gecənin Bakısında veterinar tapmaq müşkül işdi. Amma şans elə gətirib ki, bizdən ötrü bu müşkülü mümkünə çevirən həkim tanımışıq. Ondan bəri Adil həkimdən daim anlayış, ən əsası da sevgi görmüşük. Amma bu dəfə lap ağ olacaq, çünki həkimin az qala işdən gedən vaxtı biz hələ rayondan çıxırıq.
Yağış yağır, yolların narahat hissələrində sanki piyada gedirik. Sürücü səbirlidi, yoldan arxaya götürdüyü üç nəfərdən biri ah-uf eləyir. Bacı qutusunda çırpınır, mən içimdə özümü yeyib qurtarmışam. Sürücünün kefi kökdü. Dörd nəfərlik yerə iki olmaqla beş kliyent tutuzdurub. Siqaretin közərtisi, tüstüsü gözümə girir, səsimi çıxartmıram.
Qucağımdakı xəstə Bacıdan və bizi allah bilir neçə saat gözləyəcək həkimdən savayı heç nə düşünməyə halım qalmayıb.
Arxadakı tələsən adam bizi keçən maşınların işıqlarını göstərib soruşdu ki, bəs bunlar da bu yolla necə gedirlər? Qarşımızda ləngər vuran ağır traktor daxil bircə texnika keçməyən sürücüyə enerji gəldi sanki:
- Mən evimə gedirəm, havaxt çatsam qapım açıqdı. Tələsən, narahat olan sizsiniz. Əavə beşdən-üçdən düşün, fitilləyim. Bizi keçənlərin hamısını yolda qoymasam şərəfsizəm.
Cümlədəki şərəf sözünə arxadakı tələsən adam necə dözdü bilmədim, mən zəif barmaqlarımla qutunun əlcəyini "muma" döndərmişdim. Sürücü öz təklifindən vəcdə gəlib dərin söhbətə başladı.
Demə adam Qəbələdə altı-yeddi əvvəl gedən kanalizisayaqurma sistemində nəsə bir şey olubmuş. Bu yazır, düzüb-qoşurmuş, müdiriyyətlə bölürlərmış. Kanalizasiyadı da, qazhaqaz- yazhayaz tam bir sərvət imiş. Qaldırıb qapağını baxmayacaqlar ki. Material da ki, itivə tök.
Dəryadı elə bil. Satıldıqca yeri dolurmuş. O qədər ki üç aya Qəbələnin mərkəzində yekə bir ev tikib.
"İki-üç ailə ərəbi burax, dolları qatıla cibinə" tipində yəni. Beləcə işlərin xod gedən vaxtı fəhlə "şərəfsizlər" "satlblarmış" bunları. Hərçənd şəhərdə də açmağa qapı düzəldib. Amma sona qədər davam edə bilsəydi indi hardasa bir kabinetdə oturub "atçot" qəbul edəsi adammış. Nəinki yağışda-yağmura bizim kimi kliyent daşıyası.
Sürücünün kanalizasiyadan başlayan parlaq həyat hekayəsi bitənə qədər yolun narahat hissəsi də bitmişdi. Təbii olaraq sürət də havayı artdığından şəhərə öz "xodumuzla" çatmışdıq.
Saatlarla yanaşı oturduğum adamdan elə bulanmışdım ki, həkimin yolundakı binaları sayırdım az qala. Ki, nəhayət, mənzilə yetişəndə adam üstəlik bitməz günün möhürünü də vurdu:
- Sizin xəstə heyvanı bu əziyyətlə gətirməkdə və həkimin bu havada sizi bu qədər gözləməkdə marağınız nədir?
Sözə hörmətdən susaraq Bacını, çantamı birtəhər götürüb özümü yağışın altına atdım. Çöl soyuq idi, amma beş-üç addımlıqda istilik, qayğı, şəfqət vardı. Bacının və onun kimi bütün məsumların haqq etdiyi, lakin çox zaman məhrum qaldıqları şeylər...