Hikmət Hacızadənin işıqlı xatirəsinə
02-02-2022 13:56 / Bu xəbər 13056 dəfə oxundu
Çingiz Sultansoy
Otuz bir il əvvələ qayıdaq. 1990-cı il, 20 Yanvar günü artıq arxadadır, şəhid olan, itkin düşən, yaralananlar, Bakı matəm içində...
Beş gün sonra AXC İH üzvü, Etibar Məmmədov Moskvada Azərbaycanın nüməyəndliyində, - o vaxt səfirlik yox idi, - mətbuat konfransı keçirərək Sovet Ordusunun etirazçılar qarışıq dinc əhalini tankla əzməsi, güllələməsi, general Lebedin cinayətləri haqda xarici və sovet jurnalistlərini bilgiləndirib, dərhal da həbs edilib.
Birdən Etbar Məmmədovun tərəfdarlarından eşidirəm ki, "Hikmət Hacızadə xəyanət edib!”, "Etibarı arxadan vurub!”. Hikmətlə uşaqlıqdan qonşu, 10-12 il dost-məsləkdaş olsam da, Etibarın Məmmədovun pərəstişkarıyam, mitinqlərdə ən çox ona qulaq asmağı xoşlayıram, onu əsil lider sayıram.
Hikmətin çıxışlarına da qulaq asıram, onlar məni alovlandırmasa da. Amma Hikmətin xəyanət edəcəyinə inanmıram. O illər Etibarın tərəfdarları arasında dostum, qohumum çox idi. Onlardan biri, bilmirəm, hansıydı dedi bunu.
- Hikmət konkret nə edib ki? – soruşdum.
- Daha nə edəcək? BBC-yə müsahibəsində deyib ki, Etibarın dedikləri öz mövqeyidir, o Xalq Cəbhəsini təmsil eləmir!..
Hikmət də Etibar kimi Xalq Cəbhəsi Hərəkatının İdarə Heyətinin üzvüdür, Hikmət, İsa Qəmbər, Sabit Bağırov liberal qanadı təmsil edir, Etibar Məmmədov, Nemət Pənahlı, Rahim Qaziyev millətçi qanadı.
Bakıda fövqəladə vəziyyət elan olunub, heç kim işə getmir, fabrik-zavodlar bağlı, idarələr, ictimai nəqliyyat işləmir, 22 yanvarda nəhəng izdihamlı dəfn mərasimizndən sonra yenə küçələr yarıboş, insanlar başlarını aşağı salıb keçirlər, hər yerdə hərbi patrullar. Hikmətin yanına gedirəm, qaynatasıgildə qalır, evinə hərbçilər gəlimişdi həbs eləməyə, tapmadılar, ağıllarına gəlmədi qaynatasıgildə axtarsınlar. Özünə soyutma yumurta bişirir, ona görə mətbəxdə danışırıq:
- O nədi BBC-yə demisən?!
- Etibarın nə dediyindən xəbərin var?
- 20 yanvarda baş verənləri danışıb da. Pis iş görüb?
- Dediklərinin hamısından?..
- Yox.
- Deyib ki, Xalq Cəbhəsi Azərbaycanı ikinci Əfqanıstana çevirəcək.
- Nolsun ki?!
- Avtomat, tapança, qranat-zaddan nəyinız var?
- Ov tüfəngim var, qoşalülə, "Molotov kokteyli” düzəltmək olar...
20 yanvarda küçədə, güllə altında olmuşam, bəxtim gətirib, sağ-salamatam, o gecə və sonrakı bir-iki gün ərzində ömrümdə görmədiyim qədər meyid, qan görmüşəm, xəstəxanalar yaralıyla dolu, başım bir xeyli ayazıyıb, soyumuşam, amma hələ ağıllanmamışam, Nemət Pənahlının, Rəhim Qazıyevin çıxışları, pafoslu-bəlağətli şüarlarının dəmi-buxarı, dumanı hələ başımdan çıxmayıb. Nemət 19 yanvar axşamı bizə, mitinqə yığışanlara deyirdi "Bakıya gələn ordudan qorxmayın! O ordu bizə silah gətirir!".
Rahim Qazıyev "Qardaşlar, bacılar, indi qeyrət məqamıdır! Biz də sizinlə küçələrdə dayanacağıq, axıracan duracağıq - Azərbaycan naminə! Yox, əyər dayanmasaq, qaçsaq, onda malımız-qanımız sizə haladı. Namusumuz sizə halaldı!" deyib...
Sonrasını özünüz bilirsiniz. Hər ikisi durmadı, qaçdı, hər ikisi indi də buz baltası kimidir, sinələrini qabağa verib gəzirlər, bir söz deyəndə də hələ arsız-arsız adamı borclu çıxarırlar...
İnsafən Etibar belə şeylər deməyib o gecə mitinqlərində, sadəcə yanlarında dayanırdı, nüfuzuyla onlara dəstək verirdi. Necə də dəhşət böyük nüfuzu, avtoriteti vardı o illər...
Mətləbdən aralandım. Məndən iki yaş kiçik olan Hikmət çox sakitcə, sevdiyi doğma, amma ağılsız, beyniqan yeniyetmə nəvəsinə öyüd-nəsihət verən dünyagörmüş bir baba kimi mənə baxdı:
- Bacarmayacasınız axı? Hamınızı həbs edəcəklər. Heç qoşalüləyçün patron ehtiyatın da yoxdur, ovçu mağazasından ala da bilməyəcəsən, nəzarətdədi hər şey...
Qoşalüləmin patronu olmadığını Hikmət bilirdi. Daha ovçu biletimin olmadığını demirəm, "Ovçu" mağazasından patron almaq üçün bilet lazımdı. Atamın bileti vardı, amma vaxtı keçmişdi, 15-20 ilin üzvlük haqqının borcu yığılmışdı, atam özü getmirdi, mənimsə aparıb hamısını ödəməyə pulum yoxuydu.
Nə isə, hər şey Hikmətin dediyi kimi də oldu, elə dediyi kimiydi zatən, sadəcə o görürdü, anlayırdı, mən görmürdüm, anlamırdım o vaxt. Susdum. Hikmət ciddiləşdi, daha sərt tonla:
- Yox, hətta Azərbaycanı Əfqanıstana çevirməyi bacarsanız, çevirin də! Bəyanat niyə verir?! Düşməni agah edirsiniz?! Azərbaycan Əfqanıstan deyil axı? Heç elə dağlarımız da yoxdur... Bəs fikirləşmirsən ki, onsuz da bizə divan tutan ordu, Moskva bu sözlərdən sonra Azərbaycana daha artıq divan tutacaq?! Sadə adamlara yazığınız gəlmir?
Mən onillərdi tanıdığım, məhlədə söhbət etdiyim, siqaret çəkdiyim, çay-pivə içdiyim, bulvarda gəzdiyim, dənizə çimməyə getdiyim, təzə çıxan, nə onda, nə məndə olmayan çox bahalı videomaqnitofonlarda saatlarla videofilmlərə baxdığım dostuma sanki birinci dəfə görürmüş kimi baxdım. Tanımadığım, amma dahiyanə söz deyən, fikir söyləyən adama, yalnız indicə görüb tanıdığım bəsirətli bir siyasi liderə, ağıllı, uzaqgörən bir dövlət xadiminə baxan kimi baxdım, özünə deməsəm də "Siyasətçi belə olar! Kəllədi ee!” fikirləşdim.
Etibar Məmmədova və onun ətrafının dediklərinə inamımı belə sarsıtdı Hikmət Hacızadə.
Amma Etibara etibarımı tam itirməmişdim hələ, mayda Moskvaya, SSRİ KQB-sinə ezamiyyətə gedib Etibarın Lefortovoda saxlandığını öyrəndim, - bu bir sensasion oldu, o çağacan heç kim bilmirdi hardadı, - onun müstəntiqiylə görüşdüm, hətta müsahibə aldım, "Gənclik” jurnalı və təzə çıxmağa başlayan "Azadlıq” qəzeti üçün məqalə yazdım, onları qəzet-jurnal oxuyan toplumun az qala hamısı oxudu, payızda isə, Ali Sovetə - Milli Məclisə seçkilərdə Etibarın vəkili oldum...
Etibarın nüfuzu elə böyük idi ki, ona qarşı çıxan az-çox tanınan siyasətçi sanki xarakiri, intihar etmək istəyən kimi görünürdü. Bunu Hikmətə dedim, bilmirəm o gün, yoxsa sonralar. Hikmətin cavabı belə oldu:
- Siyasətçinin vəzifəsi üzdə qalmaq deyil (Задачей политика не является оставаться на плаву), olmamalıdır da. Vəzifəsi düzünü demək, insanlara doğru yol göstərmək, bu yolla aparmaqdır. Bunun nəticəsində batacaqsa, qoy batsın.
Kiçik pauzdan sonra gülümsəyib davam elədi:
- Narahat olma, batmaram. Həqiqət adamı batırmaz.
Hikmət özü də bilmədən siyasətçinin vəzifəsi haqqında sözləriylə mənim o vaxtlar, - elə indi də, amma daha az, - pərəstiş etdiyim, amma Hikmətin saymadığı, ortaçağ feodal təfəkkürün zirvəsi kimi tənqid və lağ elədiyi yapon samuraylarının əxlaq və şərəf kodeksi "Busido"dakı bir müddəanı - fikri təkrar elədi.
"Samuray şərəfi və ləyaqəti tələb edir ki, yaşamaq lazım olanda yaşayasan, ölmək lazım gələndə öləsən. Bəlkə də, sənin ölümün mənasız olacaq, bir önəm kəsb etməyəcək, amma sən borcunu yerinə yetirəcəksən və şərəflə öləcəksən".
Hikmət kimi şəxsiyyəti indiki hər hansı vəzifəyə, deputat kürsüsünə, maaşa, mənzilə görə satılmağa, əyilməyə, yaltaqlanmağa, hər cür rəzalətə razı olan, özlərinə siyasətçi ya jurnalist deyən adamlarla müqayisə edəndə necə də uca bir dağ zirvəsi və eyni zamanda sadə, demokratik insan olduğunu aydın görürsən.
Hikmət öz yazdıqları, dedikləri və elədikləri ilə, öz dürüstlüyü, əyiləməzliyi, kiçik səhvləri qarışıq bütün həyatıyla bizə bir örnək oldu. Və bunun örnək olduğunu heç düşünmədi də, sadəcə istədiyi kimi, öz dəyərlərinə uyğun yaşadı.
Əminəm ki, onun siyasi-ictimai irsini, demokratiya haqqında yazdıqlarını gənc nəsillər hələ çox oxuyacaq və öyrənəcək.
Allah sənə qəni-qəni rəhmət eləsin, Hikmət!