Hökumət Sevinc Məhərrəmova olayı ilə bağlı hansı addımları atmalıdır?
06-08-2021 13:50 / Bu xəbər 3281 dəfə oxundu
Xalid Ağalıyev
Hüquqşünas
"Sevinc Məhərrəmovanın ölüm işi”nin az qala eynisi 2014-cü ildə Tbilisidə baş vermişdi. Fərq o idi ki, qadına şiddət məsələsinin sistematik problem sayıldığı Gürcüstanda qısqanc, alkoqol aludəçisi ər universitet müəlliməsi olan həyat yoldaşıyla bərabər, öz canına da qıymışdı.
Həmin iş Avropa Məhkəməsinə qədər gedib çıxıb, 2 həftə əvvəl qərar da verilib. Həmin qərarın işığında bundan sonrakı mərhələdə hökumətin "S.Məhərrəmova olayı” ilə bağlı hansı addımları atmalı olmasının aydın xəritəsini cızmaq olar.
Gürcüstandakı işdə ərizəçi ailəiçi şiddətin qurbanı olan xanımın anası Taliko Tkhelidze idi. Onun 81-ci il təvəllüdlü qızı, universitet müəlliməsi M.T. 2013-cü ilin avqustunda L.M. ilə rəsmi nigaha daxil olub, valideynlərinin xeyir-duası ilə Rustavi şəhərinə yerləşmişdi.
Bu, M.T.-nin ikinci evliliyi idi, onun ilk nigahından 6 yaşlı qızı da vardı. Evliliyin elə ilk aylarında bəlli olmuşdu ki, L.M. patoloji qısqanclıqdan əziyyət çəkir. Bu, yeni ailədə sürəkli mübahisələrin təməlini qoymuşdu.
...2014-cü ilin aprelində ərin, L.M.-nin atası polisə zəng edib, oğlunun həyat yoldaşını incitməsindən şikayət edib. Hadisə yerinə gələn polis ərin sərxoş olması, həyat yoldaşını qısqanclıq zəmnində ölümlə hədələməsi ifadə olunan protokol tərtib edib. Ərin valideynləri polisə bildiriblər ki, oğulları patoloji qısqanclıqdan əziyyət çəkir, sərxoşkən özündən çıxır, onu ram etmək olmur. Ata polislərə oğlunun durumundan xeyli şikayətlənib və hətta onun evi tərk etməsinin təmin olunmasını da istəyib.
Xanım M.T. də öz növbəsində həyatından məhrum ola biləcəyi əndişəsini ifadə edib, poilisin gərəkli addımları atmasını xahiş edib, ancaq olayla bağlı cinayət işi açılmayıb, ərin cilovlanması üçün hər hansı məhdudlaşdırıcı tədbir görülməyib.
Növbəti dəfə polisə M.T. özü, 2014-cü il sentyabrın 22-də müraciət edib, əri tərəfindən fiziki və sözlü təcavüzə məruz qalmasından şikayət edib. Polis gəlib, qadının döyülməsi, nəticədə təcili tibbi yardım çağırılması da ifadə olunan protokol tərtib edib. Ərin ifadəsi də alınıb. Əvvəllər oğurluğa və narkotikə görə məhkum olunduğunu da söyləyən ər həyat yoldaşını döydüyünü, sistemli incitdiyini özü də etiraf edib. Eyni zamanda, polisi əmin edib, söz verib ki, həyat yoldaşını çox sevir, daha incitməyəcək. Bu dəfə də cinayət işi açılmayıb, ərin əl-qolunu bağalaya biləcək hər hansı tədbir tətbiq edilməyib.
Ancaq ailənin ipləri tam qırılmışdı, olayın ertəsi günü xanım qızı ilə birgə Tbilisiyə, anasının yanına köçüb. Lakin ər onu yenə də rahat buraxmayıb, tez-tez mesajlar yazıb, polisdən qorxmadığını, onu da, qızını da, özünü də öldürə biləcəyini yazıb. Xanım sentyabrın 26-da yenidən polisə müraciət edib, ölümlə hədələndiyini ifadə edib. Polis yenə gəlib, protokollaşdırıb, amma hər hansı məhdudlaşdırıcı tədbir görməyib.
Bir gün sonra bu dəfə xanımın anası polisə şikayət edib, qızının ölümlə təhdid olunmasına görə, cinayət işi açılmasını, ərin nəzarət altına alınmasını xahiş edib. Həmin gün ər Tbilisidə onların evinə hücum edibmiş. Polis olayı araşdırıb və belə nəticəyə gəlib ki, ərin davranışları sərt olsa da ailəni bərpa etmək cəhdindən ötə deyil. Ancaq polis bu dəfə ərə rəsmi xəbərdarlıq edib.
Bir gün keçməmiş ər binanın blokunda yenidən xanıma hücum edib. Ancaq xanım qaçıb, evə daxil olmağı bacarıb. Yenə polisə müraciət, ərin saxlanılması tələbi...
Polis sənədləşmə aparıb, lakin deyib ki, təhdid-hücumlar fiziki olmadığı üçün əri saxlaya bilməzlər. Polis həmçinin xanıma zarafatla tövsiyə edib ki, qardaşlarına söylə, sənin intiqamını onun qabırğalarını qırmaqla alsınlar.
Bundan sonrakı mərhələdə xanımın anası 3 dəfə polisə gedib, qızını qorumalarını xahiş, tələb edib. M.T. özü də bir neçə dəfə polisə müraciət edib, nəticəsi olmayıb. Hər şeyə 2014-cü il oktyabrın 17-də nöqtə qoyulub - ər M.T.-nin dərs dediyi universitetə gedib, danışmaq üçün onu sinifdən koridora çıxarıb, koridorda həm onu, həm də özünü güllələyib.
Cinayət işi açılıb, şübhəli öldüyü üçün cinayət işi qapadılıb. M.T.-nin anası 4-5 dəfə şikayət edib, qızının qorunması üçün müraciət etdikləri polislərin səhlənkarlığa görə məsuliyyətə cəlb edilməsini tələb edib. Onun müraciətlərinin heç birinə ümumiyyətlə cavab verilməyib...
Ərizəçi AİHM-ə ərizəsində dövlətin qızının həyatını qorumadığından, ölümə səbəb olan halları təsirli araşdırmamasından şikayət edib. Məhkəmədən xahiş edib ki, Konvensiyanın 14-cü maddəsi (...cinsə... görə ayrı-seçkiliyin yolverilməzliyi) ilə birgə götürülməklə 2-ci (yaşamaq haqqı) maddənin pozuntusunu tanısın.
AİHM işin qadınlara qarşı ayrı-seçkiliyi ifadə etməsi səbəbindən, şikayəti 14-cü maddə ilə birgə götürməklə 2-ci maddə çərçivəsində ikili araşdırmağın ən uyğun yol olduğuna qərar verib.
Məhkəmə xatırladıb ki, 2-ci maddə dövlətin üzərinə öz məhkəmə səlahiyyətləri daxilində olan bütün insanların həyatlarını qorumaq üçün bütün uyğun addımları atmaq öhdəliyi qoyur.
Uyğun qanunvericiliyin formalaşdırılmasının, bir fərdi başqa bir fərdin cinayət əməllərindən qorumaq üçün önləyici tədbirləri görməyin dövlətin vəzifəsi olduğunu qeyd edən məhkəmə xüsusi vurğuladı ki, köməksiz fərdlər kateqoriyasına daxil olan ailəiçi şiddət qurbanlarının Dövlət qorumasından yararlanmaq haqları vardır, ailəişi, qadına qarşı şiddətlə bağlı hər hansı şübhə ortaya çıxanda, rəsmilər dərhal reaksiya nümayiş etdirməlidilər.
Məhkəmə onu da vurğulayıb ki, bir dövlətin qadını ailəiçi şiddətdən qorumaması, onların qanun qarşısında bərabər qorunma haqlarına müdaxilə təşkil edir və fərqi yoxdur, şiddətdən qorumama qəsdən edilib, yaxud səhlənkar yanaşmadan olub.
Gürcüstan qanunvericiliyini ailə daxili şiddətlə mübarizədə yetərli sayan AİHM işin hallarının işığında bu qanuni mexanizmin tətbiqinin ciddi əndişələr yaratdığını vurğulayıb.
Məhkəmə qərar verərkən, 3 suala cavab axtarıb:
- Kimliyi bilinən birindən qaynaqlanan real və yaxın təhlükənin mövcud olub-olmaması;
- Yerli qurumların təhdidi bilib-bilməməsi və ya təhdidi bilmələrinin gərəkli olub-olmaması;
- Rəsmilər təhdidə qarşı gərəkli səyləri göstəriblərmi?
Məhkəmə müşahidə edib ki, 6 aylıq müddət ərzində ərizəçi (qızı) ən azı 10 dəfə polisdən yardım istəyib. Onlar hər müraciətlərində təhdidlərin real olmasını ən net ifadələrlə polisə bildiriblər. Hətta ərin valideynləri belə övladlarının təhlükəli olmasını polisə təsdiq ediblər. Polis həm də ərin əqli uyğunsuzluğu, patoloji qısqanclığının olması, xanımın özünü qoruması üçün üzərində bibər qazı gəzdirməsindən də xəbərdar olub.
Məhkəməyə görə, qeyd edilənlər təhlükənin reallığını kifayət qədər aydın isbat edirdi. Həm də polis ərizəçinin qızının təhlükəsizliyinə yönəlik real və yaxın təhdiddən qəti şəkildə xəbərdar idi və ya xəbərdar olmalı idi.
Rəsmilərin təhlükənin qarşısının alınması üçün səylərinə gəlincə, Məhkəmə, bu işdə çox vacib çatışmazlıqların olduğunu vurğuladı.
Birincisi, polislər tərəfindən dəlillərin natamam və qeyri-dəqiq toplanması əlamətləri aydın idi. Hansı ki, şikayət edilmiş ailəiçi şiddət olayı ilə bağlı dəlil toplanılmasındakı çatışmazlıqlar, baş vermiş zorakılığın səviyyəsinin aşağı qiymətləndirilməsinə, cinayət işi açılması perspektivinə mənfi təsir edə, hətta, başqalarını oxşar durumlarda rəsmilərə şikayət etməkdən çəkindirə bilər. Bu baxımdan, polislərin olayı araşdırarkən, "ölümcül risq qiymətləndirməsi” aparmaları çox vacib idi. Ancaq onlar bunu etməyiblər - ərin patoloji qısqanc olması, alkoqol aludəçiliyi, xanımın hansı dərəcədə qorxmuş olması kimi faktorlar diqqətə alınmayıb, olay "kiçik ailə mübahisəsi” səviyyəsinə endirilib. Bundan başqa, daxili qanunvericilik polisə təhdidçi ərə qarşı müvəqqəti məhdudiyyət tədbirləri tətbiq etmə, reabilitasiya mərkəzinə yerləşdirmə kimi səlahiyyət versə də, bunlardan heç birindən istifadə edilməyib.
Məhkəmə həmçinin qeyd etdi ki, yerli və beynəlxalq qurumların statistik bilgiləri qadınlara qarşı şiddətin Gürcüstanda sistemli bir problem olduğunu göstərir. Ona görə əlaqəli səlahiyyətli qurumlar vəziyyətin ciddiliyini bilir və ya bilməli idilər, bu baxımdan, ərizəçinin qızını daha yüksək səviyyədə dövlət qoruması ilə təmin etməli idilər.
Qeyd edilənlərin işığında, Məhkəmə belə bir nəticəyə gəlməyin mümkünülüyünü vurğuladı ki, bu işdə səlahiyyətli qurumların ümumi və ayrıseçici passivliyi, əslində, qadınlara qarşı şiddətin artmasına əlverişli iqlim yaradıb. Beləliklə, Məhkəmə müəyyən etdi ki, səlahiyyətli qurumlar faciəvi nəticəni dəyişmək və ya zərəri azaltmaq üçün davamlı və sistemli uğursuzluq nümayiş etdiriblər, gərəkli səylərin heç birini ortaya qoya bilməyiblər və 14-cü maddə ilə birgə götürülməklə 2-ci maddənin pozuntusuma yol veriblər.
Qərara görə, hökumət ərizəçiyə 35 min avro təzminat ödəyir. Bu qərarın işığında görünən odur ki, bizim Məhərrəmovanın işində hökumətin üzərinə düşən, ölüm olayı ilə bağlı açılmış cinayət işini effektiv araşdırmaqdır.
Effektivlik onda ifadə oluna bilər ki, mərhum Məhərrəmovanın müraciətini incələyənlər çək-çevir edilməli, sorğulanmalı, səhlənkarlığa yol verdikləri isbat edildiyində məsuliyyətə cəlb olunmalıdılar. Qadına şiddət olayları ilə bağlı polisin davranışlarının yaxşılaşdırlması üçün onların təlimləndirilməsi də ümumi tədbirlər olaraq, faydalı olar.