Hüquqşünas: "Onlar üçün kreativlik yaltaqlığı yaymaqdır"

Hüquqşünas:

19-03-2019 19:44 / Bu xəbər 1885 dəfə oxundu

Xalid Bağırov: "Əvvəlki rəhbərlik Vəkillər Kollegiyasında yaltaqlıq kimi metodikaya əl atmırdı" 

Bir müddət öncə vəkil Adil İsmayılov feysbukda Vəkillər Kollegiyasının rəhbərliyinə qurumun maliyyə hesabatları ilə bağlı suallar ünvanlayıb. 

Vəkillər Kollegiyası isə vəkildən rəsmi sorğu tələb edib. 

Adil İsmayılovun sonradan göndərdiyi rəsmi sorğuya da cavab verilməyib.
 
Vəkillər Kollegiyasının sədri Anar Bağırov mediaya açıqlamasında Adil İsmayılovun ittihamlarının əsassız olduğunu bildirib.
 
Martın 13-də Adil İsmayılov Vəkillər Kollegiyasının İntizam Komissiyasına izahat verməyə çağrılıb. 

Bundan əvvəl isə Xırdalan şəhər Vəkil Bürosu bəyanat yayıb. Onlar Vəkillər Kollegiyası Rəyasət Heyətini və Azərbaycan vəkillərini "təhqir etməsi ilə seçilən” Adil İsmayılovdan dərhal işlətdiyi ifadələrə görə təkzib verərək üzr istəməsini tələb edib, əks halda onunla bağlı tədbir görülməsini istəyiblər.

Adil İsmayılov: "Rəsmi sorğuma da cavab verilməyib" 

Adil İsmayılov Toplum.Tv-yə deyib ki,  İntizam Komissiyasına çağırıldıqdan sonra da sorğusuna cavab verilməyib: "Hələ ki suallarıma cavab almamışam. Hazırda sorğu göndərmişəm. Deyirdilər ki, sorğuya cavab vermə müddəti var. Biz də müddəti gözləyirik. Müddət qurtarsın, görək sonra nə deyəcəklər".

O, İntizam Komissiyasının nə qərar verəcəyindən də məlumatsız olduğunu deyir: "İntizam Komissiyasının iclası olub, məni də ora dəvət ediblər. Münasibətimi orada da demişəm. Hələ ki komissiyadan nə deyəcəkləri məlum deyil. Yəqin ki, yaxın vaxtlarda bilinər".

Vəkil deyir ki, ona qarşı aparılan kampaniyanın əvəzinə, suallarına cavab verilsəydi, daha yaxşı olardı: "Açığı gözləyirdim ki, yəqin, suallarıma cavab vermək bu kampaniyadan daha rahat olardı. Niyə bu yolu tutduqlarını bilmirəm. Bu mənim üçün də gözlənilməz oldu". 

"Vəkillərə hesabat verilməlidir ki, bu vəsait hara xərclənir? 

Hüquqşünas Xalid Bağırov Toplum.Tv-yə deyib ki, Adil İsmayılovun səsləndirdiyi suallar kifayət qədər legitimdir: "Hər bir kollegiya üzvünün belə suallar ünvanlamaq, tələb etmək haqqı var. Çünki həmin rəyasət heyəti, kollegiya məhz bu pulların hesabına mövcuddur. Pulu ödəyən üzvün də haqqıdır ki, hesabat tələb etsin. Tələb etməlidir ki, mənim pulum hara və necə xərclənir... Vəkillər Kollegiyası hər hansı bir kommersiya qurumu deyil, publik hüququn təşkilatıdır. Publik hüququn təşkilatı olduğuna görə bunlar həm də ictimaiyyəti maraqlandıran suallardır.  Bu baxımdan bu suallara aşkar şəkildə elə cavab verilməlidir ki, ictimaiyyət də cavabını bilsin. Çünki Vəkillər Kollegiyasının vəsaiti hesabına məhkəmələrdə hüquqi yardım fəaliyyət göstərir. Vətəndaşların bu yardımın nə qədər keyfiyyətli olduğunu bilmək haqları var. Amma Vəkillər Kollegiyası çox, təəssüf ki, son zamanlar yenilənmə adı altında daha rəzalət metodlara əl atmağa başlayıb. Düzdür, Vəkillər Kollegiyasının öz üzvlərinə qarşı repressiv davranışları əvvəlki sədrin dönəmində də var idi. Lakin belə "qara piar", yaltaqlıq kimi bir metodikaya əl atılmırdı, buna ehtiyac görmürdülər. Görünür, yenilik deyilən məhz bundan ibarətdir ki, gənclər yaşlılardan daha yeni, daha kreativ olduqlarını göstərirlər. Onlar üçün kreativlik yaltaqlığı yaymaq, bu şəkildə "qara piar" aparmaq və kütləvi hücum təşkil etməyi müəyyən etməkdir".  

Xalid Bağırov gənc vəkillərin bu cür addımlarından təəssüfləndiyini deyir: "Çox ayıbdır. Əgər qorxacaq yeriniz yoxdursa, şəffaflığı təmin edin. Vəkillərin yığdığı pulu kim yeyir? Sual kifayət qədər ciddidir. Vəkillər pul ödəyirlər, amma bu pul kimə ödənilir? Bax bunu müəyyən etmək lazımdır. Niyə bunu gizlədirsiniz? Hesab edirəm ki, intizam icraatının da aparılması yeni deyil. Artıq vəkillərə qarşı bu, adi hala çevrilib. Yəqin ki, Adil İsmayılovu qorxutmağa çalışırlar. Amma Adil İsmayılov belə şeylərdə qorxub çəkinəcək adam deyil. Ümid edirəm ki, daha sağlam bir qərar verərlər və cəmiyyətə açıqlayarlar. Eyni zamanda bütün vəkillərə hesabat verəcəklər ki, bu maliyyələr hara xərclənir və həcmi nə qədərdir?”

Fariz Namazlı: "Münasibətim yaxşı deyil"

Vəkil Fariz Namazlı isə Toplum.Tv-yə deyib ki, Vəkillər Kollegiyası hələ ki bu məsələ ilə bağlı rəsmi açıqlama verməyib: "Vəkillər Kollegiyası bununla bağlı rəsmi məlumat verməyib. Ümumi verilən məlumat bundan ibarətdir ki, guya Adil İsmayılov kimlərisə təhqir edib. Bu məsələyə qarşı münasibətim yaxşı deyil”. 

Vəkillər Kollegiyası Anar Bağırov Toplum.Tv-yə açıqlama verməkdən imtina edib.

Anar Bağırov: "Vəkili təhqir edib" 

O, martın 13-də "Amerikanın səsi”nə müsahibəsində bildirib ki, "Vəkil Adil İsmayılovla bağlı intizam icraatına başlanılması ilə bağlı xəbərlər doğrudur. Bununla bağlı rəsmi bəyanat vermişik. Vəkillər Kollegiyası haqqında təhqir, uydurma və yalan məlumatlar yayılması, cinayətdə ittiham etməsi, vəkilləri təhqir etməsi faktları var. Bununla bağlı vəkillər tərəfindən edilən şikayətlər var. Biz də bununla bağlı intizam icraatına başlamışıq. Eyni zamanda başqa vəkillə bağlı da icraat var. Vəkili təhqir edib. Vəkil də şikayət edib. Biz də onunla bağlı icraata başlamışıq. Suallarla bağlı Rəyasət Heyətinin bəyanatı var. Orada ətraflı yazılıb. Vəkil nə isə öyrənmək istəyirdisə gəlib əvvəlcə öyrənərdi, suallara cavab tapardı, ondan sonra məsələni ictimailəşdirərdi. Burada durub nağara çalmazlar. Bilirsiniz, əvvəlcə başlayır "Facebook"da suallar verməyə, özü uydurduğu şayiələr yaymağa, sonra, bir aydan sonra kollegiyaya müraciət edir. Fevralın 12-dən başlayır yazmağa, bir aydan sonra müraciət edir. Bu nə qədər düzdür?”

Martın 7-də "Adil İsmayılov və partnyorları” vəkil bürosunun vəkili Adil İsmayılov "Facebook" səhifəsində yazıb ki, rəsmi qaydada öz adından Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırova müraciət edərək aşağıdakı suallara cavab verməsini xahiş edib:

"1. Son 5 ildə VK-ya cəmi nə qədər və hansı mənbələrdən vəsait daxil olmuşdur?
2. Hazırda VK-nın hesabında nə qədər vəsait var?
3. VK-nın sabiq sədri rəhmətlik Azər Tağıyev istefa verdikdən sonra VK-nın hesabında nə qədər vəsait qalmışdır?
4. VK Rəyasət Heyətinin icarəyə götürdüyü C.Hacıbəyli küçəsi,100 ünvanında yerləşən ofis binasının sahibi kimdir?
5. Həmin bina üçün VK aylıq nə qədər icarə haqqı ödəyir? İndiyə kimi cəmi nə qədər icarə haqqı ödənilib?
6. Prezidentin məlum fərmanından sonra dövlət tərəfindən vəkilliyin inkişafı üçün nə qədər vəsait ayrılıb və həmin vəsait hara xərclənib?
7. VK-nın nəzdində olan (?) vəkil qurumlarından hansına nə qədər vəsait ayrılmışdır?"

"Ümidvaram ki, sorğuya diqqətlə və qərəzsiz yanaşacaqsınız və qısa müddət ərzində dolğun cavab verəcəksiniz. Cavablarınızın əlavə suallar yaratmayacağı və bütün şaiyələrə son qoyacağı ümidi ilə”, - İsmayılov yazıb.

Nərgiz Absalamova
Toplum.Tv