Hüquq müdafiə təşkilatı Baş prokurora müraciət etdi

Hüquq müdafiə təşkilatı Baş prokurora müraciət etdi

22-08-2024 13:02 / Bu xəbər 919 dəfə oxundu

İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzinin Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevə müraciət edib. 

Bu barədə təşkilatın sədri Fikrət Cəfərli məlumat verib. 

Müraciətdə deyilir: 

"Cənab Baş prokuror!
Siyasi məhbus, jurnalist Ülvi Həsənli bu yaxınlarda saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında şahidi olduğu işgəncə və insan ləyaqətini alçaldan hərəkətlərlə bağlı geniş məqalə yazaraq mətbuat vasitəsilə ictimaiyyəti və dövlət orqanlarını məlumatlandırmışdı. 

Ülvi Həsənlinin işgəncə, insan ləyaqətinin alçaldırması barədə yazdığı həmin məqalə daxili və beynəlxaq ictimaiyyətdə geniş rezonas doğurmuşdu.

Biz də insan hüquqları təşkilatı olaraq ümid edirdik ki, dövlətin aidiyyəti qurumları, xüsusən də Baş Prokurorluğ dərhal hərəkətə keçəcək, yazıda göstərilən hallar ciddi araşdırılaraq hüquqi qiymətini alacaq. Lakin çox təəssüflər olsun ki, bu baş vermədi və əksinə İstintaq Təcridxanasının rəhbərliyi Ülvi Həsənliyə qarşı ələ alınmış məhkumlar vasitəsilə təxribatlar hazırlatdırır. 

Bu barədə Ülvi Həsənlinin həyat yoldaşı Rübabə Quliyeva yazıb.

 
Cənab Baş prokuror!
Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Sizdən "İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi" insan hüquqları təşkilatı olaraq, hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Ülvi Həsənlinin həyatının təhlükəsizliyinin təmin edilməsi, istintaq təcridxanasında baş verən işgəncə və insan ləyaqətini alçaldan hallarla bağlı obyektiv araşdırma aparılması barədə göstəriş verməyinizi xahiş edirik".