Hüquq müdafiə təşkilatı COP29 öncəsi siyasi məhbuslarla bağlı çağırış edib

Hüquq müdafiə təşkilatı COP29 öncəsi siyasi məhbuslarla bağlı çağırış edib

04-08-2024 16:38 / Bu xəbər 1582 dəfə oxundu

"İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi" siyasi məhbuslarla bağlı çağırış edib. 

Bu barədə "Arqument.az"a təşkilatın rəhbəri Fikrət Cəfərli məlumat verib. 

Açıqlamada bildirilir ki, ölkədə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı kimi ciddi bir tədbirin keçirildiyi ərəfədə siyasi məhbuslarla bağlı humanist addımlar atılmalıdır:

"Qarşıdan COP29 tədbiri gəlir. Bu tədbir bizim - Azərbaycan üçün olduqca böyük və çox əhəmiyyətli tədbirdi. Belə bir möhtəşəm və çox əhəmiyyət daşıyan tədbiri daha da yüksək səviyyədə keçirmək üçün ilk öncə siyasi baxışlarına görə həbs edilmiş insanları azadlığa buraxmaq lazımdır. Bunun üçün hüquqi mexanizm olaraq sentyabrın 1- də yeni formalaşacaq Milli Məclis ya amnistiya aktı qəbul etməlidir, yada ki dövlət başçısı əfv sərəncamı imzalamalıdır. Digər hüquqi mexanizmlərdən də istifadə etmək mümkündür".

Təşkilatın rəhbəri Fikrət Cəfərli deyir ki, COP29 tədbiri öncəsi cəmiyyətin barışığa, optimist notlara kökləmək üçün insan hüquqları sahəsində atılan addım daha səmimi görünər: "Bu həm Azərbaycana qarşı olan bəzi beynəlxalq gücləri zərərsizləşdirmək üçün yaxşı və xoş niyyətli addım olar. Biz hökümətin daxilində belə addımların atılmasına qarşı dövlətin imtiyazlarını mənimsəyən ciddi qrupların olduğunu bilirik. Onu da bilirik ki, o qrupları dövlətimizin maraqları yox, öz korporativ maraqları düşündürür və onların dövətçilik anlayışı da şəxsi mənafelərinin müdafiəsindən o tərəfə keçmir. Konkret desək, mafiya təfəkkürü".

"Dünyada baş verən geosiyasi proseslər, dəyişikliklər, gözlənilən müharibələr və bizim - Azərbaycanın da yerləşdiyi coğrafiyada yarana biləcək qarşısı alınmaz təlatümlər daxili sabitliyi qorumaq üçün bəzi addımların atılmasını labüd edir. İnanıram ki, hökumətin daxilində dövlətinə bağlı, xalqının xidmətində olan qruplar belə addımların atılmasında maraqlı olacaqlar", - deyə o qeyd edib.