Hüquq müdafiəçisi işgəncə faktı ilə bağlı İlham Əliyevə müraciət etdi

Hüquq müdafiəçisi işgəncə faktı ilə bağlı İlham Əliyevə müraciət etdi

23-08-2022 18:11 / Bu xəbər 1152 dəfə oxundu

"İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi" ölkə başçısı İlham Əliyevə müraciət edib. 

Bu barədə təşkilat açıqlama yayıb. 

Təşkilatın sədri Fikrət Cəfərli bildirib ki, Ağdaş rayon sakini Dadaşzadə Yeganə Elman qızı "İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi" insan hüquqları təşkilatına müraciət edərək 1994-cü il təvəllüdlü oğlu Dadaşzadə Sadiq Natiq oğlunun Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində başına gətirilən amansız işgəncə hallarından bəhs edib:

"Mərkəzə müraciət edən şəxs Yeganə Dadaşzadə bildirir ki, onun oğlu Sadiq Dadaşzadə 5 aprel 2022-ci il tarixində Ağdaş rayon Məhkəməsi tərəfindən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1.6 il müddətinə azadlıqdan məhrum edilib və cəzasını çəkmək üçün Ədliyyə Nazirliyinin 14 saylı Cəzaçəkmə Müəssisəsinə göndərilib.

01 avqust 2022- ci il tarixində Sadiq Dadaşzadə cəza çəkdiyi 14 saylı Cəzaçəkmə Müəssisəsindən onlara məlum olmayan, hansısa cinayət işi ilə bağlı Ağdaş Rayon Polis Şöbəsinə, 02 avqustda isə PŞ-nin İlkin adlı rəis müavini və həmin şöbənin Elşad adlı əməkdaşının müşayiəti ilə qara "Mercedes" markalı maşınla Bakı şəhərinə, Baş Mütəşəkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib".

"Yeganə Dadaşzadənin yazdığına görə Baş Mütəşəkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilən gün, yəni 02 avqust 2022-ci il tarixində saat 11:00-dan saat 19:00 qədər Sadiq Dadaşzadəyə elektrik cərəyanı və başqa ağıla gəlməz işgəncələr verilib. Verilmiş işgəncələr nəticəsində Sadiq Dadaşzadənin əl-ayaq dırnaqları partlayıb, qabırğası sınıb, sidik kisəsindən qan ifraz edir və hazırda da övladının həyatı təhlükədədir", - deyə Cəfərli qeyd edib.

Onun sözlərinə görə, Yeganə Dadaşzadə müraciətində vurğulayır ki, oğlu Sadiq Dadaşzadəyə işgəncə verməkdə məqsədləri oğlunun xəbəri olmadığı hansısa cinayət işini onun boynuna qoymaq, kiminsə üzünə durğuzmaq olub. Lakin oğlu imtina etdikdə ağlasığmaz işgəncəyə məruz qalıb: 

"Cənab Prezident, "İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi” insan hüquqları təşkilatı olaraq Sizdən xahiş edirik, yuxarıda qeyd olunan cinayətdə iştirak edən vəzifəli şəxslərin müəyyən olunaraq cəzalandırılması barədə aidiyyəti orqanlara göstəriş verəsiniz".