I qrup əlili həbs edən hakim nazir müavini oldu

I qrup əlili həbs edən hakim nazir müavini oldu

13-10-2023 11:46 / Bu xəbər 1642 dəfə oxundu

O, müvəqqəti nazir vəzifəsini də icra edəcək

Məhkəmə-Hüquq Şurasının sabiq əməkdaşı, Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Səfərov yeni vəzifəyə təyin olunub.

"Arqument.az”a verilən məlumata görə, o, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimovun sərəncamı ilə ədliyyə nazirinin müavini təyin edilib. 

Sərəncamla Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası da Hüseyn Səfərova həvalə edilib.

H.Səfərov 1999-2010-cu illərdə Məhkəmə-Hüquq Şurası Katibliyinin mütəxəssisi, aparıcı məsləhətçisi, böyük məsləhətçisi kimi çalışıb. 

2010-2015-ci illərdə Binəqədi Rayon Məhkəməsinin hakimi olub. 

O, 2015-ci ildən Yasamal Rayon Məhkəməsinin hakimi vəzifəsində çalışıb. 

Hüseyn Səfərov nə ilə yadda qalıb? 

Bu il aprel ayında mediada "işə velosipedlə gedən hakim” başlıqlı PR xəbərlər tirajlanırdı. 

Həmin xəbərlərdə Hüseyn Səfərovun işə velosipedlə getdiyi, sadə həyat tərzi sürməsi və s. kimi məziyyətləri sadalanırdı. 

Əslində isə bu xəbərlərin Hüseyn Səfərovun sifarişi ilə yazıldığı da istisna edilmirdi. 

Həmin ərəfədə isə jurnalist Aytən Məmmədova Hüseyn Səfərovun məsuliyyətsiz və qanunsuz hökm çıxaran hakim olması barədə yazı yazmışdı.

Aytən Məmmədova qeyd edirdi ki, hakim işi araşdırmadan I qrup əlilin həbsi ilə bağlı qərar çıxarıb: 

"Deməli, bir neçə il əvvəl bu Hüseyn Səfərov bir nəfərlə bağlı avtoqəza işinə baxıb. Adamın sürücülük vəsiqəsi olduğu halda, istintaqda ittiham yanlış olaraq, CM-in 263-1 maddəsilə verilib. Guya adamın sürücülük vəsiqəsi olmadan avtomobili idarə edib və qəzanı törədib. Qəza nəticəsində ölüm və ya ağır nəticə olmayıb, zərərçəkmiş az ağır xəsarət alıb, səhv eləmirəmsə ayağı çatlamışdı. Qəzanı törədən şəxs özü isə əvvəldən l qrup əlil idi”. 

"Görünür, hakim Hüseyn Səfərov işi ümumiyyətlə araşdırmayıb. Elə ittiham aktını hökmə köçürməklə işini bitmiş sayıb. Birinci qrup əlili məhkəmə zalından həbs edib, 2 il 6 ay həbs cəzası verib", - deyə jurnalist qeyd edib.