İcra başçısının mülkləri: villalar, vətəgələr, obyektlər, mağazalar…
11-09-2023 12:06 / Bu xəbər 921 dəfə oxundu
Mediada və sosial şəbəkələrdə Bərdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayevin mülklərinin siyahısı yayılıb.
Bildirilir ki, icra başçısı bu mülkləri və sərvəti vəzifədə olduğu zaman əldə edib.
"Qlobal.az" saytı icra başçısının mülklərinin siyahısı ilə bağlı araşdırma aparıb və 18 obyektin adını qeyd edib.
Həmin mülk və obyektlər aşağıdakılardır:
1. Bakı şəhəri, A. Bakıxanov, ev 39 ünvanında mənzil;
2. H.Zərdabi 3153-cü məhəllə, ev 7, mən. 200 mənzil;
3. Şərq küç, ev 11B ünvanında mənzil;
4. Oğlunun 100.000 manatlıq çayxanası;
5. Kürəkəninin Qaçqın Şəhərciyində ümumi sahəsi 100 kv.metr olan dükanı;
6. "Ana və Uşaq” kafesi;
7. "Təchizat BCS” MMC şirkəti;
8. Bərdədə ikimərtəbəli mağaza;
9. Mixaylovka kəndində bir imarət;
10. Ağcakənddə ikinci böyük villa;
11. Xətai rayonu, Babək prospektində 4 mərtəbəli 2 ayrı malikanə;
12. 90-GP-555 dövlət nişanlı "Toyota Prado";
13. Mercedes G63 AMG;
14. Bərdədə Heydər Əliyev parkında kafe;
15. Yevlaxda əzəmətli villa;
16. Yevlax-Bərdə yolunun üstündə balıq vətəgələri;
17. Yevlaxda, Bərdədə, Tərtərdə hektarla torpaq sahələri, iaşə obyektləri, mənzillər;
18. Rusiyada, Türkiyədə biznes və obyektlər.
Siyahı mediada yayılsa da, Bərdə Rayon İcra Hakimiyyəti və Vidadi İsayev "Arqument.az"ın sorğusunu cavablandırmayıb.
Vidadi İsayev 2011-ci ildən Bərdə rayon icra hakimiyyətinin başçısı vəzifəsini tutur.
İcra başçılarının korrupsiya əməlləri və həbslər...
Azərbaycanda icra başçılarının korrupsiya əməllərinə görə mühakimə olunması və həbs olunması prosesi 2019-cu ildən başlayıb.
2019-cu ilin dekabrında Dövlət Təhlükəsizliyi Xidmətinin Ağstafada keçirdiyi əməliyyatla icra başçısı Nizaməddin Quliyev və birinci müavini Ramiz Tatarov saxlanılıb.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il həbsə məhkum edilən sabiq icra başçısı koronavirus səbəbindən 2021-ci ilin sentyabrında vəfat edib.
Nizaməddin Quliyevlə eyni vaxtda Yevlaxın eks-icra başçısı Qoca Səmədov da saxlanılıb.
Ötən ilin sentyabrında məhkəməsi yekunlaşan sabiq başçı barəsində 7 il 3 ay müddətinə həbs qərarı verilib.
Bu ilin yanvar ayında isə Şəki Apellyasiya Məhkəməsinin qərarına əsasən, Qoca Səmədovun cəzası 6 ilə endirilib.
Külli miqdarda mənimsəmə, rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə saxtakarlığı kimi əməllərdə təqsirli bilinən Qoca Səmədovun özünə və yaxınlarına məxsus xeyli sayda ev, torpaq sahələri, obyektlər müsadirə olunub.
2020-ci ildə Neftçalanın keçmiş icra başçısı İsmayıl Vəliyev, birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, şöbə müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov ilə birlikdə həbs edilib.
Həmin şəxslərin tabeçiliyində olan digər vəzifəli şəxslər vasitəsi ilə rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib.
2020-ci ildə daha bir icra başçısı, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev də həbs edilib.
Onunla yanaşı birinci müavin Xanlar Məmmədov, rayonun bələdiyyə sədri İlqar Abbasov, mərkəzi xəstəxananın baş həkimi Xoşbəxt Ağayeva, Kommunal Müəssisələri Kombinatının direktoru Xalidə Ağayeva, məşğulluq şöbəsinin sabiq direktoru Mübariz Mustafayev, şəhər icra nümayəndəsi Qabil Xammədov da saxlanılıb.
2020-ci ilin may ayında isə İmişli Rayon icra Hakimiyyətinin başçısı Vilyam Hacıyev həbs edilib.
2020-ci ilin avqustun 19-da Kürdəmirin sabiq icra başçısı Ceyhun Cəfərov, müavini Tacəddin Novruzov və şöbə müdiri Natiq Kərimov saxlanılıb.
Ceyhun Cəfərov 2021-ci ilin oktyabrında 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, təkrar rüşvət alma, vəzifə saxtakarlığı faktlarında ittiham olunur.
2020-ci ilin dekabrında Cəlilabad rayonunun icra başçısı Namiq Zeynalov da həbs olunub.
N.Zeynalov 2018-ci ilin fevralından bu vəzifəni daşıyırdı.
Həbs olunan sabiq icra başçısı rüşvət almaqda günahlandırılır.