İctimai fəal "Abzas Media" işi üzrə dindirilib

İctimai fəal

08-05-2024 13:45 / Bu xəbər 721 dəfə oxundu

Mayın 7-də "Abzas Media işi" ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) şahid qismində çağırılan ictimai fəal, "Toplum TV"nin əməkdaşı Elmir Abbasov dindirildikdən sonra sərbəst buraxılıb.

Abbasov bildirib ki, müstəntiq tərəfindən ona verilən bəzi sualları cavablandırıb. 

İctimai fəal iltizam sənədinə imza atdığına görə suallar barədə açıqlama verə bilməyəcəyini deyib. 

O, fiziki və psixoloji təzyiqlə üzləşmədiyini qeyd edib.

Elmir Abbasovun sözlərinə görə dindirilmə təxminən saat yarım çəkib.

İctimai fəal "Toplum TV işi" üzrə təqsirləndirilən şəxs qismində tanınıb. Onun barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.

"Toplum TV" ilə bağlı nə baş verib?

Martın 6-da hüquq-mühafizə orqanları "Toplum TV"nin, Demokratik Təşəbbüslər İnstitutunun, həmçinin "III Respublika" Platformasının ofislərində, əməkdaşların evlərində axtarışlar aparıb. 

Axtarış zamanı ofisdə olan iyirmidən çox jurnalist və fəal polis tərəfindən saxlanılıb. 

Saxlanılanların bir hissəsi sərbəst buraxılsa da, "Toplum TV"nin jurnalistləri Fərid İsmayılova (polisin nəzarətinə verilməklə ev dustaqlığı imkanı tədbiri seçilib), Müşfiq Cabbara, Elmir Abbasova (polisin nəzarətinə verilməklə ev dustaqlığı imkanı tədbiri seçilib) və Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri, həmçinin "III Respublika" Platformasının spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Martın 8-də isə "Toplum TV"nin təsisçilərindən Ələsgər Məmmədli və "III Respublika" Platformasının qurucu üzvü Ruslan İzzətli qaçaqmalçılıq ittihamı ilə saxlanılıb və barələrində 4 ay həbs qətimkan tədbiri seçilib.

"Abzas Media" ilə bağlı nə baş verib?

"Abzas Media" ilə bağlı cinayət işi üzrə ötən ilin noyabrın 20-də saytın direktoru Ülvi Həsənli saxlanılıb. 

Həmin gün onun evində və "Abzas Media"nın ofisində axtarış aparılıb və ofisdən 40 min avro pul tapıldığı iddia edilib.

Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-ə keçən gecə xaricdən qayıdanda hava limanında saytın baş redaktoru Sevinc Vaqifqızı saxlanılıb.

Həmin iş üzrə jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs olunub. 

Jurnalistlərin hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. 

Bu maddənin sanksiyasında 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub.

Onların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu bildirir.

Aprelin 18-də Heydər Əliyev Beynəlxalq Aeroportunda "Abzas Media" işi üzrə "Meclis.info" saytının rəhbəri İmran Əliyev də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.3-cü (qaçaqmalçılıq-vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə) maddəsi ilə 2 ay və 1 gün müddətinə həbs qətimkan tədbiri seçilib. 

Sayt rəhbərinin zorakılığa məruz qaldığı, məhkəməyə gözünün altı göyərmiş şəkildə gətirildiyi bildirilir.

Aprelin 26-da İmran Əliyevə qarşı Cinayət Məcəlləsinin 206.3.1 (qaçaqmalçılıq - təkrar törədildikdə) maddəsi ilə yeni ittiham irəli sürülüb.

Mayın 3-də "Artikl 54" İctimai Birliyinin rəhbəri Əbülfəz Qurbanlı və ictimai fəal Elgiz Qəhrəman Bakı Şəhər Baş Polis İdarəsində şahid qismində dindiriliblər. 

Əbülfəz Qurbanlı bildirib ki, suallar "Abzas Media işi" ilə bağlı olub.

Mayın 4-də isə "Abzas Media işi" ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinə şahid qismində çağırılan jurnalist Şəmistan Həziyev dindirildikdən sonra sərbəst buraxılıb.

Aprelin 27-də iqtisadçı Toğrul Vəliyev Bakı Şəhər Baş Polis İdarəsinə "Abzas Media" ilə bağlı dindirilməyə çağırılıb.

Aprelin 24-də və 25-də "Abzas Media işi” ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) şahid qismində çağırılan "Sosial Hüquqlar Mərkəzi"nin əməkdaşları Ayşən Muradova və Qədir Qədirli dindirildikdən sonra sərbəst buraxılıblar.

Onların hər ikisi də BŞBPİ-də fiziki və psixoloji təzyiqə məruz qalmadıqlarını bildiriblər. 

Ayşən Muradova deyir ki, o, "Abzas Media" iş üzrə polisə ifadə verib, lakin istintaq sirri olduğu üçün suallar barədə ətraflı məlumat verə bilməz.

Aprelin 17-də "Abzas Media işi” ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsində şahid qismində jurnalist Mina Əlyarlı, aprelin 16-da İnarə Hünbətova, aprelin 17-də isə Şəms Hacıyeva da dindiriliblər.

Aprelin 10-da isə jurnalist İsmayıl Tağıyev də "Abzas Media işi" üzrə dindirilməyə çağırılıb, daha sonra sərbəst buraxılıb.

Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Azərbaycan hökuməti isə ölkədə insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.///Amerikanın Səsi