İctimai fəal müharibə əleyhinə paylaşımlarına görə həbs edildi
21-09-2023 00:24 / Bu xəbər 1054 dəfə oxundu
Ona 30 sutkalıq inzibati həbs verildi
Sosial media hesabında müharibə əleyhinə fikirlər paylaşan ictimai fəal Əmrah Təhməzov həbs olunub.
Bərdə Rayon Məhkəməsinin qərarıyla ona 30 sutka inzibati həbs cəzası kəsilib.
Hakim Qamət Əbilovun imzası olan qərara əsasən, Əmrah Təhməzov İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1 (informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsi) maddəsilə cəzalandırılıb.
İddia olunur ki, bu qərar Baş Prokurorluğun müraciəti əsasında çıxarılıb və ictimai fəalın özü də iştirak edib.
Bərdə Rayon Məhkəməsində bu qərar çıxarılmamışdan təxminən iki saat əvvəl isə Əmrah Təhməzov yazmışdı ki, onu Baş Prokurorluqdan çağırıblar: "Məni prokurorluğa çağırıblar. 1 saata xəbər çıxmasa, bilin ki, tutulmuşam…”.
Bu qədər qısa müddətə ictimai fəalın prokurorluğa aparılması, orada sənədlərin hazırlanması, daha sonra Bərdəyə səfər, ona vəkil təyin olunması, orada məhkəmənin keçirilməsi və s. zaman baxımından müəyyən şübhələr yaradır.
Əmrah Təhməzov bir gün əvvəl – sentyabrın 19-da da Dövlət Təhlükəsizliyi Xidmətinə çağırılmışdı.
Bu barədə o, "Facebook” səhifəsində məlumat yaymışdı.
Onunla yanaşı, müharibəyə qarşı olan gənc fəallardan Cavid Əhmədov da DTX-ya çağırılmış, orada 4 saata yaxın dindirilmişdi.
İctimai fəal Əmrah Təhməzova 2023-cü ilin mayında da polisə müqavimət ittihamıyla 1 aylıq inzibati həbs cəzası verilmişdi. Lakin o, bu ittihamın saxta olduğunu, "Facebook” hesabındakı paylaşımlarına görə cəzalandırıldığını bildirmişdi.