İdarəçilikdə Eldar Əzizov örnəyi
19-09-2022 11:09 / Bu xəbər 1505 dəfə oxundu
İnsan yoxdursa, problem də yoxdur…
Bir neçə ay qabaq həyətimizdə su xəttini dəyişməyə başladılar. Əslində, buna heç ehtiyac da yox idi, ancaq bizdə işlər ehtiyac yaranıb deyə görülmür, çox vaxt məqsəd büdcə pulunu basıb yemək olur. Bu da o işlərdən biri.
İşçilərdən soruşanda "Əsil İnşaat” şirkətindən olduqlarını dedilər. Ancaq bu şirkəti axtaranda bəlli oldu ki, adını dəyişib "Əsil inşaatçı-R” qoyub, həm də babat tender udmaq bacarığı olan şirkətlərdəndir. Bu barədə ayrıca yazmağa ehtiyac var…
Şirkət keyfiyyətsiz borularla xətti çəkdi, üstəlik, binamızın həyətində ağacları sulamaq üçün qoyulmuş krantı da ləğv elədi. Sakinlərin etirazı qəbul olunmadı. 20 gündən çoxdur su xəttinin bərpası üçün müxtəlif qurumlara müraciətlər etsək də, hələlik nəticəsi yoxdur. Həyətdəki ağaclar da susuzluqdan qurumağa başlayıb.
O üzdən daha bir müraciəti Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliynə ünvanladıq. Çünki BŞİH-in saytında yazılıb: "Birlik Bakı şəhər İcra Hakimiyyətinin rəhbərliyi və nəzarəti altında Bakı şəhərində və Abşeron yarımadasında yaşıllaşdırma və mövcud yaşıllıqlara qulluq işlərini mərkəzləşdirilmiş qaydada həyata keçirir”.
Yəni qurumun missiyasına uyğun olduğunu nəzərə alıb onlara da yazmaq qərarı verdik. Düzdür, bizim həyətdə onlar nə ağac əkiblər, nə də ağaca qulluq ediblər, bütün bu işlər təbiəti sevən bəzi sakinlərin (bir çoxu hətta yaşıllaşdırma idarəsinə pul verib ağacları kəsdirib, budaddırıb da) zəhməti sayəsində görülüb. Bu quruma etdiyimiz müraciətin nəticəsi olub-olmayacağını bilmirik, ancaq müraciət sayəsində ortaya çıxan bəzi məsələlərin oxucular üçün maraqlı olacağını düşündük…
Fotolar: Meydan TV
Ölkənin baş kəndinin saytı həmişə zamandan geri qalıb, xəbərlər boyat, saytda yenilənmə nadir hallarda olur. Bunu elektron hökumət anlayışını qavramaqda çətinlik çəkən qoca rəhbərlərin boynuna atmaq olardı, ancaq Bakı şəhər İcra Hakimiyyətinə Hacıbala Abutalıbovdan sonra gələn, ona nisbətən gənc olan Eldar Əzizovun da vaxtında elə bir ciddi dəyişiklik yoxdur. Sayta baxdıqda "Xəbərlər” bölməsində sonuncu xəbər 8 sentyabrda qoyulub. Yəni son 11 gündə ölkə paytaxtında xəbər ola biləcək heç bir hadisə, tədbir, görüş və s. olmayıbmı? Bu sayta elekton həmişə cavabsız qalır.
Bütün bunlarla yanaşı Eldar müəllimin bir uğurlu təcrübəsi ilə hamını tanış etmək istərdik. BŞİH-də icra başçısının, yəni Eldar müəllimin 1 birinci müavin, 3 müavin ştatı var. Ştat var, ancaq o vəzifələri tutan yoxdur. Bunun hansı səbəbdən belə olduğu maraqlı deyil. Açığı o yerlərin nə vaxtdan boş qaldığını da bilmirik, ancaq indiyə qədər paytaxtımızda bu boşluğa görə hər hansı işin axsadığını da eşitməmişik. Çox gözəl, uğurlu təcrübədir, bir qurumda 4 nəfər yüksək vəzifəlinin yerini boş qoymaq və il ərzində büdcəyə xeyli qənaət etmək, mənə elə gəlir, indiyə kimi heç bir başçının ağlına gəlməyib. İlham Əliyevin "nəyi nə vaxt, necə etməyi mən bilirəm” kəlamı boşuna deyilməyib. Vaxtında gətirdi…
Nəzərə alaq ki, bu ştatların vəzifə maaşı 1500 manatdan yuxarıdır. Bu işin bir uğurlu tərəfi də odur ki, o vəzifələrin telefon nömrələri də yoxdur, yəni aylıq abunə haqqı ödənişi kimi mənasız xərclərdən də imtina edib Eldar müəllim. Həm də təkcə boş qalan yerlərin yox, aparat rəhbərinin və ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdirinin də telefon nömrəsi yoxdur. Ayaqda alqışlanası təcrübədir…
Sükanı belə saxla, Eldar müəllim!
Yazı Meydan TV-dən götürülüb.