III Respublika Platforması Əli Kərimlinin məhkəməyə verilməsini pislədi
13-08-2024 16:46 / Bu xəbər 715 dəfə oxundu
III Respublika Platforması AXCP sədri Əli Kərimliyə qarşı cinayət diffamasiyası işi ilə bağlı bəyanat yayıb.
Platforma hakimiyyətin Kərimliyə qarşı davamlı repressiya siyasətini pisləyib:
"Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimliyə qarşı Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verilib. Hazırda ictimaiyyətə bəlli olan məlumata görə həmin iş üzrə xüsusi ittihamçı AXCP-nin keçmiş üzvü Aydın Əliyevdir. Həmin xüsusi ittiham qaydasında şikayətə əsasən A. Əliyev Ə. Kərimlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini tələb edir".
"Azərbaycan hökuməti uzun müddətdir ki, AXCP-yə qarşı sistematik repressiya kampaniyası həyata keçirir. Bu siyasi repressiya hüquq mühafizə orqanları tərəfindən davamlı olaraq AXCP üzvləri haqda əsassız və siyasi motivli cinayət və inzibati işlər açaraq onların məhkum edilməsində; AXCP sədri Ə. Kərimlinin ölkədən çıxışına imkan verməmək üçün ona ümumvətəndaş pasportunun verilməməsində (Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən bu halın pozuntu olmasında qərar çıxarılmasına baxmayaraq həmin qərar icra edilmir); partiyanın qərargahdan məhrum edilməsində, qurultay və iclaslarının keçirilməsi üçün məkanla təmin edilməməsində, sərbəst toplaşma azadlığı çərçivəsində toplantıların keçirilməsinə maneələr yaradılmasında; təşkilata və sədrinə qarşı hökumətyönümlü media və hakim partiyanın, eləcə də hakim partiya ilə əlaqəli peyk partiyaların təmsilçiləri tərəfindən aparılan qarayaxma kampaniyasında; həmçinin 2015-ci ildən bəri AXCP-nin qurultaylarının nəticələrinin əsassız səbəblərlə qeydiyyata alınmayaraq partiyanın fəaliyyətinin iflic edilməsində özünü büruzə verir", - deyə Platforma vurğulayıb.
Təşkilat hesab edir ki, AXCP-nin keçmiş üzvü A. Əliyev tərəfindən Ə. Kərimliyə qarşı verilən xüsusi ittiham qaydasında şikayət də AXCP-yə qarşı Azərbaycan hökuməti tərəfindən aparılan sistematik repressiv tədbirlərin tərkib hissəsidir:
"Belə ki, A. Əliyev partiya sıralarından xaric edildikdən sonra hökumətyönümlü mediada AXCP və Ə. Kərimli əleyhinə aparılan qarayaxma təbliğatına töhfə verən bəyanatlarla çıxış edib. Bundan sonra, o, AXCP-nin sonuncu qurultayının nəticələrinin ləğv edilməsi tələbi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edib və iddiası təmin olunub. Hazırda həmin qərardan apellyasiya şikayəti verilib. A.Əliyevin iddia qaldırmaqla yanaşı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciət edərək qurultayın nəticələrinin qeydə alınmasını sabotaj edib. Nəticədə Ədliyyə Nazirliyi AXCP-nin sonuncu qurultayının nəticələrinin qeydiyyata almayıb. Bundan sonra, AXCP Ədliyyə Nazirliyinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldırsa da, iddia təmin edilməyib və hazırda həmin iş apellyasiya mərhələsindədir".
"Göstərilənlərə əsasən bu qənaətə gəlmək olar ki, A. Əliyev AXCP-yə və Ə. Kərimliyə qarşı qarayaxma kampaniyasında və əsassız hüquqi süründürməçilikdə Azərbaycan hökuməti tərəfindən alət kimi istifadə edilir. Bu nöqteyi-nəzərdən A. Əliyevin Ə. Kərimliyə qarşı cari xüsusi ittiham qaydasında şikayəti də Azərbaycan hökumətinin AXCP və onun sədrinə qarşı sistemli repressiya kampaniyasının tərkib hissəsi kimi qiymətləndirilməlidir. A. Əliyev bu iş üzrə formal olaraq xüsusi ittihamçı rolundadır və bu iş AXCP, o cümlədən Ə.Kərimliyə qarşı repressiv tədbirlərə fon yaratmaq xarakteri daşıyır", - təşkilat bəyan edib.
Bəyanatda bildirilir ki, Azərbaycanın hüquq təcrübəsində cinayət diffamasiyasından, yəni Cinayət Məcəlləsinin böhtan və təhqirə dair xüsusi ittiham qaydasında şikayətlərdən sui-istifadə edilməsi və ictimai-siyasi şəxslərin, müstəqil, tənqidçi vətəndaş cəmiyyətinin, eləcə də medianın haqsız yerə cəzalandırılmasına dair çoxlu sayda nümunələr mövcuddur:
"Belə hallar bir çox beynəlxalq publik təşkilatlar və beynəlxalq insan hüquqları təşkilatları tərəfindən qınanılıb və bu təcrübəyə son qoyulmasına dair çağırışlar edilib. Xüsusilə Azərbaycan Respublikasının beynəlxalq-hüquqi öhdəlikləri çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi ictimai-siyasi şəxslərin cinayət diffamasiyası yolu ilə məhkum edilməsinə dair şikayətlər üzrə məhkum edilən ictimai fiqurların Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi ilə qorunan ifadə azadlığı hüququnun pozulduğunu müəyyən edib (əsas nümunələr Mahmudov və Ağazadə Azərbaycana qarşı və Eynulla Fətullayev Azərbaycana qarşı işlər). Avropa İnsan Hüquqları Məhkəməsinin həmin qərarları əsasında Avropa Şurası Nazirlər Komitəsi Azərbaycan hökumətinin diffamasiya ilə əlaqədar beynəlxalq hüquqi öhdəliklərinə nəzarət edir. ATƏT də Azərbaycanda diffamasiyasının dekriminallaşdırılmasını, yəni cinayət əməli olmaqdan çıxarılmasını tələb edir. Onu da əlavə edək ki, vaxtilə beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində Azərbaycan hökuməti Cinayət Məcəlləsinin böhtan və təhqirə dair hüquq normalarının ləğv edilməsi və diffamasiya iddialarına ancaq mülki qanunvericilik çərçivəsində baxılmasına dair qanun layihəsi hazırlamışdı. Lakin daha sonra bu təşəbbüsdən geri çəkildi. Nəticə etibarilə, Azərbaycan hökuməti cinayət diffamasiyasını, yəni böhtan və təhqirə dair Cinayət Məcəlləsinin hüquq normalarını dekriminallaşdırmağa dair beynəlxalq-hüquqi öhdəlik daşıyır. Lakin bu öhdəliyini yerinə yetirmir".
"Yuxarıda qeyd edilən faktual və kontekstual məlumatlara əsasən bu qənaətdəyik ki, A. Əliyevin formal xüsusi ittihamçı kimi Ə. Kərimliyə qarşı xüsusi ittiham qaydasında şikayəti və həmin şikayət çərçivəsində Ə. Kərimlinin Cinayət Məcəlləsinin böhtan və təhqirə dair hüquq normaları əsasında cinayət məsuliyyətinə cəlb edilməsini tələb etməsi AXCP-yə qarşı Azərbaycan hökuməti tərəfindən aparılan sistemli repressiv tədbirlərin tərkib hissəsidir", - deyə III Respublika Platforması bəyan edib.
Bəyanatın sonunda III Respublika Platforması AXCP və Əli Kərimliyə qarşı davamlı repressiya siyasətini pisləyir, Azərbaycan hökumətindən siyasi rəqiblərinə qarşı repressiyaları durdumağı və diffamasiyanın dekriminallaşdırılmasını tələb edir.
Əli Kərimlini kim və niyə məhkəməyə verib?
Avqustun 9-da AXCP-nin keçmiş üzvü Aydın Əliyev partiya sədri Əli Kərimlini xüsusi ittiham qaydasında məhkəməyə verib.
Avqustun 13-də saat 11:00-da Nəsimi Rayon Məhkəməsində Aydın Əliyevin şikayətinə baxılıb və bəzi dəqiqləşdirmələrlə bağlı məhkəmə avqustun 19-a təxirə salınıb.
Aydın Əliyevin iddiası əsasında ötən ay Nəsimi Rayon Məhkəməsi AXCP-nin keçirdiyi qurultayın nəticələrini ləğv etmişdi.
III Respublika Platforması...
III Respublika Platforması 7 dekabr 2023-cü ildə Azərbaycanda parlamentarizmin təsis olunmasının 105-ci ildönümündə bir qrup ictimai-siyasi şəxs tərəfindən təsis edilib.
Strukturun məqsədi Azərbaycanda əsl respublika quruluşunu bərqərar etməkdir.
Platformanın qurucu heyətinə siyasi və ictimai fəallar - Akif Qurbanov, Araz Əliyev, Elman Fəttah, Rövşən Ağayev, Ruslan İzzətli, Səməd Rəhimli və Yadigar Sadıqlı daxildir.
Akif Qurbanov bir il müddətinə qurucu heyətin Spikeri vəzifəsinə seçilib.
Platformanın Spikeri Akif Qurbanov və Qurucu Heyətinin üzvü Ruslan İzzətli 2024-cü ilin martında həbs edilib.