“III Respublika” seçiciləri hakimiyyətyönümlü namizədlərə səs verməməyə çağırır

“III Respublika” seçiciləri hakimiyyətyönümlü namizədlərə səs verməməyə çağırır

17-07-2024 17:44 / Bu xəbər 724 dəfə oxundu

Platformaya görə, ədalətli seçki üçün şərait yoxdur

III Respublika Platforması sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkiləri qeyri-legitim hesab edir.

Siyasi platforma bəyanatında qeyd edir ki, mövcud seçki qanunvericiliyinin Milli Məclisə seçkilər daxil olmaqla istənilən seçkinin azad və ədalətli keçirilməsi üçün obyektiv hüquqi zəmin yaratmadığı qənaətindədir: "Mərkəzi Seçki Komissiyası və aşağı seçki komissiyaları siyasi tərəfsizlik prinsipi üzərində qurulmayıb və ölkədə olan siyasi aktorların paritet təmsilçiliyinə əsaslanmır. Buna uyğun olaraq hökumətin de-fakto nəzarəti altında olan müvafiq seçki komissiyaları hətta mürtəce Seçki Məcəlləsindəki seçki hüquqlarını belə məhdudlaşdırıcı mənada tətbiq edir”.

Platforma hesab edir ki, bununla da sistemdənkənar siyasi qüvvələrin təmsilçilərini haqsız yerə ya seçki marafonundan kənarda saxlayırlar, ya da təşviqat və səsvermə prosesində onlara qarşı seçkinin nəticələrinə təsir edən qatı ədalətsizliklərə yol verir, seçkinin nəticələrini hökumət və hökümətyönlü namizədlərin xeyrinə saxtalaşdırırlar.

Təşkilat bildirib ki, 1 sentyabr seçkiləri 2023-cü ilin noyabr ayından başlayan və presedenti olmayan siyasi repressiya şəraitində keçirilir: "Repressiya nəticəsində ölkə daxilində təşkilati zəmində hər hansı müstəqil fəaliyyət, o cümlədən seçki fəaliyyəti göstərmək imkanı, demək olar ki, aradan qalxıb”.

"Tənqidçi medianı, real vətəndaş cəmiyyətini və prinsipial siyasi qüvvələri sıradan çıxarmağa hesablanan sonuncu siyasi repressiya III Respublika Platformasından da yan keçməyib. Nəticədə, təşkilatın yaranmasından cəmi bir neçə həftə sonra platformanın qurucu heyət üzvü Araz Əliyevin sutkalıq həbsi ilə başlayan təzyiqlər 2024-cü ilin mart ayında platformanın spikeri Akif Qurbanov və Qurucu heyət üzvü Ruslan İzzətlinin əsassız və siyasi motivli cinayət işi çərçivəsində tutulması ilə davam edib. Eləcə də platformanın ofisində aparılan axtarışdan sonra ofis möhürlənib və platforma hazırda mənzil-qərargah olmadan fəaliyyət göstərməyə vadar olub. Eyni zamanda bütün qurucu üzvlər həbs riski altındadır”, – bəyanatda qeyd olunur.

Platforma vurğulayır ki, repressiv ab-hava seçki təşviqatının aparılmasını mümkünsüz edir: "Seçki kampaniyası dövründə vazkeçilməz olan ifadə, sərbəst toplaşma və birləşmə azadlıqları ölkənin siyasi gerçəkliyindən çoxdan silinib. Ölkədə sərbəst toplaşma azadlığına de-fakto total qadağa qoyulub”.

Bəyanat müəlliflərinin fikrincə, yeni "Siyasi partiyalar haqqında” Qanun siyasi partiyaların mövcudluğunu hökumətdən asılı hala gətirib. Sistemdən kənar ictimai-siyasi təşkilatlanmalara qarşı yönələn repressiv tədbirlər bu təşkilatların bütün mümkün fəaliyyətini dondurub: "Belə halda isə təbliğat prosesindən istifadə edərək seçiciləri inandırmaq imkanı aradan qalxır. Bundan əlavə, hazırda ölkədə ciddi siyasi apatiya mövcuddur. Siyasi proses işləmədiyinə görə vətəndaşlar seçkilərin azad və ədalətli keçirilməsinə inanmır və onların real iradəsini əks etdirmədiyi qənaətindədirlər”.

"Digər tərəfdən hökumətin tətbiq etdiyi reprressiv mühit alternativ siyasi düşüncə təmsilçilərini bütün maddi və insan rersurslarından məhrum edib. Buna görə də seçicilərin mühüm hissəsi üçün seçkidən gözlənti namizədlərdən qanunsuz maddi dəstək almaq fürsəti kimi formalaşıb. Qeyd edilən hallar seçkinin hədəfi olan seçici iradəsinin formalaşdırılmasını da aradan qaldırır”,-deyə III Respublika Platforması əlavə edib.

Ancaq III Respublika Platforması total ədalətsizlik şəraitində həyata keçirilən bu seçki prosesində belə iştirak etmək imkanlarını bir daha yoxladığını qeyd edib: "Xüsusilə də platformanın spikeri Akif Qurbanov və qurucu heyət üzvü Ruslan İzzətli seçkidə iştirak etməklə bağlı iradə nümayiş etdiriblər. Lakin onların çevrəsinə təzyiq o həddə çatıb ki, onların səlahiyyətli nümayəndə belə təyin etmələri mümkünsüz olub. Bütün çətinliklərə baxmayaraq və normal seçki adına ən xırda fürsətlərin qalmadığı indiki şəraitdə belə III Respublika Platforması seçki vərdişlərinin qorunub saxlanılması, bunun sayəsində gələcəkdə ilkin olaraq seçkili demokratiya institutunun bərpası naminə səsvermə günü vətəndaşların seçkidə iştirakını hər bir halda vacib sayır”.

Təşkilat seçki günü seçiciləri hakim partiyaya səs verməməyə çağırır: "Vətəndaşları səsvermə günü YAP və hökumətin dəsti-xəttini açıq şəkildə dəstəkləyən, eyni zamanda hökumətin "peyk”i olduğu şübhə doğurmayan dırnaqarası müxalifət partiyalarının namizədlərinin lehinə səs verməməyə, ayrı-ayrı seçki dairələrində səsvermə günü baş verən hüquq pozuntularını vətəndaş müşahidəçiliyi formatından istifadə etməklə işıqlandırmağa çağırırıq”.

Parlament seçkiyə gedir

2024-cü il iyunun 21-də Azərbaycan parlamenti özünün buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin olunması ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.

İyunun 28-də İlham Əliyev Milli Məclisin buraxılması və sentyabrın 1-də erkən seçki keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

Mərkəzi Seçki Komissiyasının 15 iyul məlumatına görə, 431 nəfər namizədliyini irəli sürüb.

1 sentyabr seçkilərini AXCP boykot edir, Yeni Azərbaycan, Müsavat, ReAL partiyaları isə iştirak edəcəklərini açıqlayıb.