İkinci dalğa: yalnız vətəndaşmı günahkardır?
09-05-2020 18:37 / Bu xəbər 8575 dəfə oxundu
Nizami Bağırov
Rəsmilər, koronavirusla bağlı yaranan mənfi tendensiyanın birbaşa vətəndaşların hərəkətləri ilə əlaqələndirirlər.
Görəsən, bu, belədirmi?
Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı ölkədə sanitar-epidemioloji vəziyyətin təhlili göstərir ki, aprel ayının ikinci dekadasından başlayan müsbət dinamikadan ayın sonuna artıq əsər-əlamət qalmamışdır. May ayının 1-dən isə xoşagəlməz "sıçrayış” dərhal gözə çarpır. Belə ki, 01-08 may tarixlərində Azərbaycan Respublikasında 475 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb (gündə orta hesabla 59,3 nəfər), 251 nəfər (gündə orta hesabla 31,3) müalicə olunaraq sağalmış və evə buraxılıb. Halbuki aprel ayı ərzində günlük yoluxanların sayı orta hesabla 50,2 nəfər (ümumi 1506 nəfər), müalicə alıb evə buraxılanların sayı isə 43,3 nəfər (ümumi 1299 nəfər) olmuşdur. Göründüyü kimi may ayı ərzində yoluxanların sayı artmış, sağalıb evə buraxılanların sayında isə əksinə azalma müşahidə olunub.
Bundan əvvəlki yazılarda pandemiya zamanı dövlətin və vətəndaşın məsuliyyəti, bununla bağlı ölkədə olan real vəziyyət təhlil edilmiş və hakimiyyətin pandemiya zamanı öz vətəndaşından intizam və sosial məsuliyyət gözlədiyi halda özü də əlində olan bütün resurslardan istifadə edib lazımı qaydada və/və ya miqdarda onun "özünütəcrid”ini maddi cəhətdən təşviq etməməsi, koronavirus qorxusu, cərimə və məhdudiyyətlərin insanımızı evdə "saxlaya” bilməməsi nəticəsinə gəlinib.
Yeni koronavirus infeksiyasına yoluxma sayının artığı bir dövrdə rəsmilər (operativ gərargah, baş infeksionist, baş epidemioloq və s.) bu mənfi tendensiyanın birbaşa vətəndaşların "ayağına” yazdılar – insanlarımız intizamsizdır, məsuliyyətsizdir. Onlar karantin rejiminin yüngülləşməsindən istifadə edərək lüzumsuz yerə evlərini tərk edirlər, maska taxmırlar, sosial məsafə gözləmirlər. Razıyam, bu da səbəblərdən biridir, bəlkə də, ən başlıcasıdır. Amma və lakin...
Bizlərdə bir deyim var: "İmam üçün ağlayanda gərək bir az da Yezid üçün ağlayasan”.
Ümumiyyətlə, karantin rejiminə əməl edilməsi səviyyəsi insanların maddi təminatı ilə bilavasitə əlaqəlidir. Hökümətlər, vətəndaş və biznesin xüsusi karantin dövründə aktivliyinin azaldılması məqsədi ilə müəyyən "anti-böhran” paketləri hazırlayır, böhrandan çıxma tədbirləri görürlər. Həmin tədbirlərin əhatiliyi, əlçatanlığı, adekvatlılığı aktivliyə təsir edir. Belə tədbirlər nə qədər effektivdirsə insanların aktivliyi o qədər də azalır. Həm də bu tədbirlərin icra mexanizmləri belə təşkil edilməlidir ki, insanların sağlamlığı təhlükə altında olmasın. Burada əlbəttə ki, hakimiyyətin məsuliyyəti böyükdür.
Gəlin baxaq, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planının icra mexanizmləri insanların sağlamlığını nəzərə alınmaqla təşkil edilibmi? Əminliklə söyləmək olar ki, xeyr, nəzərə alınmayıb. Tədbirlər Planı çərçivəsində ƏƏSMN-nin üzərinə düşən ən böyük layihə işsizlərə birdəfəlik müavinətin verilməsi olub.
Mənə hələ məlum olmayan məntiqlə müavinətin verilməsi nəzərdə tutulan 600 min nəfərdən 590 mindən artığı "Azərpoçt” şöbələrinə yönəldilib.
Niyə bu prosesə (aprel ayının ödənişi üçün) banklar cəlb edilməyib? Rəsmi məlumatlara görə, 18 min Gəncə sakininə (birdəfəlik ödəmə verilənlərin 25 faizi Bakı, 4 faizi Sumqayıt və 3 faizi Gəncə şəhərlərində yaşayanlardır) "Azərpoçt”un 22 filial və şöbəsi, 24 min Sumqayıt sakininə isə 14 filial və şöbəsi xidmət edib. Belə olan halda, əlbəttə ki, poçt şöbələrinin qarşısında növbələr olacaq, ajiotaj yaranacaq. Birdəfəlik müavinətin verilməsi proseduru ilə tanış olandan sonra bəlkə də sevinmək lazımdır ki, bizdə gündəlik 200-300 yoluxma faktı aşkar edilmir (bəlkə də, bir neçə gündən sonra bunun şahidi olacağıq).
600 000 işsiz insanımız birdəfəlik müavinətin alınması üçün aşağıdakı prosedurlardan keçir:
1. 600 000 insan sms alır və "Azərpoçt” şöbəsi qabağında saatlarla növbədə dayanaraq ilk ayın pulunu alır (bir çox hallarda növbəsi çatmır və başqa gün yaxınlaşır və ya başqa poşt şöbəsinə üz tutur. Bir çox hallarda növbələr saat sübh 4-dən yaranır).
2. SMS aldıqdan sonra həmin 600 000 nəfər müvafiq banka yaxınlaşır, növbə gözləyir və bank kartı alır;
3. Bank kartı alan 600 000 insan həmin bankların bankomatlarına yaxınlaşaraq növbədə gözləməklə kartın təhlükəsizlik kodunu aktivləşdirir (təhlükəsizlik kodu bank tərəfindən verilmir və şəxs özü bankomat vasitəsilə kodu aktivləşdirməlidir)
4. Və kartına pul oturulan 600 000 nəfər işsiz "baş vurur” bankomatlara və çoxsaylı növbədən sonra may ayı üçün ödəməni alır.
Deməli, 30-35 gün ərzində 2 aylıq müavinət alınması ilə bağlı 2,4 mln nəfər (4 hərəkətə) məhz bu səbəblə mənzillərini tərk edirlər və saatlarla növbələrdə olurlar. Əlbəttə ki, belə olan halda sosial məsafədən danışmaq belə dəyməz. Bunu üzərinə "icaze.gov.az” saytı vasitəsilə işləməyə hüququ olanları (27 aprelə qədər təxminən 800 min nəfər), 8103 sms vasitəsilə gündəlik mənzili tərk edən şəxsləri (gündəlik orta hesabla 600 min insana müsbət cavab verilir) nəzər alanda bütün ölkə əhalisinin küçələrdə olduğunu görə bilərik.
Bu səbəbdən də yoluxanların sayının məhz karantin rejiminin yüngüllüşməsi və yalnız insanların məsuliyyətsizliyi ilə əlaqələndirmək olmaz.
Sadəcə, etiraf etmək lazımdır ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində olan bərbad idarəetmə bir daha özünü qabarıq şəkildə göstərdi.
Yazıdakı fikirlər müəlifin şəxsi mülahizələridir.












