İlham Əliyev Avropaya: “Əgər biz cəngəlliyiksə, bizdən uzaq durun”
13-11-2024 16:47 / Bu xəbər 327 dəfə oxundu
Azərbaycan Prezidenti AŞPA-nı "korrupsiyanın rəmzi” adlandırıb
Noyabrın 13-də Azərbaycan Prezidenti İlham Əliyev COP29 çərçivəsində keçirilən İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində Fransa və Hollandiyanı kolonial siyasətdə ittiham edib.
İlham Əliyev deyib ki, Fransanın və Niderlandın dənizaşırı əraziləri, xüsusilə də Sakit Okean və Karib adalarında olan ərazilər çox böyük, ciddi çətinliklərlə üzləşirlər: "Artan dəniz səviyyəsi, təbii fəlakətlər, biomüxtəlifliyin itirilməsi bu regionlar üçün böyük təhdid yaradır. Həmin dövlətlərin səsləri Metropoliya hakimiyyət orqanları tərəfindən kobud şəkildə təqib edilir. Əsrlər boyu Paris onların təbii sərvətlərini talan etdiyi kimi, əhalisinə də zülm edib və zülm etməyə davam edir”.
"Ancaq Yeni Kaledoniyada qanuni etirazların 100-dən çox iştirakçısını öldürən Prezident Makron rejiminin cinayətlərini və mindən çox adamın həbs olunduğunu yada salmasaq, Parisin cinayətləri bununla məhdudlaşmır. Qvadelupa və Martinikada da kütləvi həbslər baş verib. Öz xarici ərazilərinin əhalisini istismar edən və istismar etməyə davam edən Hollandiyaya da sıra gəlib”, – deyə Əliyev əlavə edib.
Ölkə başçısının fikrincə, Fransa Polineziyası təbiəti çox ağır deqradasiya ilə üzləşib, Fransa tərəfindən orada çoxsaylı nüvə sınaqları aparılıb: "Fransa torpaqların çirkləndirilməsində, zərərin vurulmasında günahkardır. Əgər biz işğal zamanı Əlcəzairdə 17 nüvə sınağının aparılmasını nəzərə alsaq, anlaya bilərik ki, planetin ekosisteminə nə qədər böyük zərər vurulub”.
O, bu ölkələrə azadlıq və müstəqillik uğrunda mübarizədə daha da dəstək verəcəyini vəd edib.
Azərbaycanın dövlət başçısı həmçinin bildirib ki, bütün bunlardan sonra Fransa nə Avropa Komissiyası, nə Avropa Parlamenti, nə də Avropa Şurası tərəfindən ittiham olunub: "Bu, siyasi riyakarlığın göstəricisidir. Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası siyasi korrupsiyanın rəmzidir”.
O, rəsmi Parisdən bütün siyasi məhbusların azad edilməsini tələb edib.
"Avropanın aparıcı diplomatı Jozep Borrel Avropanı bağ, dünyanın qalan hissəsini isə cəngəllik adlandırırsa, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasından nə gözləmək olar? Yaxşı, əgər biz cəngəllikik, o zaman kənarda durun və bizim daxili işlərimizə qarışmayın!”.
"Turan” yazır ki, İlham Əliyevin çıxışı bitəndə həmin "məzlum ölkələrin” və zalda iştirak edən digər dövlətlərin bir çox nümayəndəsi onu alqışlamayıblar.
Bu funksiyanı zalı dolduran çoxsaylı azərbaycanlı könüllülər və rəsmi şəxslər öz üzərinə götürüblər.
Noyabrın 11-dən 22-dək Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyası keçirilir.