İlham Əliyev: “Hansısa səfirin Şuşaya gəlməsi bizə minnət kimi təqdim edilməməlidir”
11-05-2024 01:11 / Bu xəbər 995 dəfə oxundu
Əliyev Şuşada səfirdən danışdı, AXC-Müsavat kadrlarına "tör-töküntü” dedi
Azərbaycanın dövlət başçısı İlham Əliyev ABŞ səfiri Mark Libbinin Şuşaya səfər etməsinə münasibət bildirib.
Bu barədə İlham Əliyev mayın 10-da Şuşaya köçmüş ilk sakinlərlə görüşü zamanı danışıb: "Hansısa səfirin Şuşaya gəlməsi bizə minnət kimi təqdim edilməməlidir. Gəlir gəlsin, gəlmir, heç lazım da deyil. Guya onların gəlib-gəlməməsi ilə nəsə dəyişir, heç nə dəyişmir”.
Prezidentin sözlərinə görə, Azərbaycanın siyasəti beynəlxalq hüquqa və ədalətə əsaslanır: "Əgər bu gün yenə də görsək ki, Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin. Hər halda hər kəs bilir ki, biz nəyə qadirik, Ordumuz nəyə qadirdir və iradəmiz nə qədər möhkəmdir. Heç kim bizim qabağımızda dura bilməz. Heç kim bizə heç nə diktə edə bilməz və bizim daxili işlərimizə müdaxilə edə bilməz. Nəyi lazım biliriksə, onu da edəcəyik. İkinci Qarabağ müharibəsindən sonra biz Ermənistana demişik ki, gəlin, sərhədi ədalətli müəyyən eləyək. Yox, istəmirsinizsə, onda biz deyəcəyik, harada istəyirik orada da sərhəd olacaq. Neyləyəcək, kimə zəng edəcək, lap 100 dəfə zəng etsin, nəticəsi nə olacaq? Həm Azərbaycan xalqına, həm də bu bölgəyə maraq göstərənlərə bir daha demək istəyirəm ki, bizimlə hesablaşmadan burada bir addım da atılmamalıdır bundan sonra. Əminəm ki, mənim sözümü eşidirlər, bilirlər mən nəyi deyirəmsə, onu da edirəm”.
İ.Əliyev Şuşanın 1992-ci ildə işğalına görə AXC hakimiyyətini ittiham edib: "Hakimiyyətsizlik, özbaşınalıq, xaos, hakimiyyət uğrunda gedən mübarizə, hakimiyyətdə səriştəsiz, qorxaq, satqın, xain insanların yerləşdirilməsi. Bütün bunlar Şuşa kimi şəhərin, digər şəhər və kəndlərimizin işğal altına düşməsinin səbəbi oldu. Təsadüfi insanlar hakimiyyətə gəldi. Küçələrdən heç bir təhsil almamış, heç bir dövlət işində təcrübəsi olmayan, heç bir biliyə malik olmayan müdafiə nazirləri, dövlət katibləri, parlament sədrləri, prezident vəzifələrinə yiyələndilər və bunun acı nəticəsini Azərbaycan xalqı çəkdi. Şuşanı müdafiə etməyə söz verən, əks təqdirdə öz başına güllə çaxmağını deyən o ünsür, görəsən, indi hansı hisslər yaşayır? Əminəm ki, bu günə sevinmir. Onun kimilər, o vaxt hakimiyyətə can atan AXC-Müsavat cütlüyünün tör-töküntüləri, onların böyük əksəriyyəti bizim Zəfərimizə sevinməyiblər, əksinə peşman olublar. Bizim Qələbəmizə bu günə qədər kölgə salmağa çalışırlar, ermənilərlə əlbir olub bizim Zəfərimizi aşağılamaq, ona kölgə salmağa çalışırlar. Məhz onların hakimiyyətə can atmaları dövründə və o vaxtkı hakimiyyətin satqın, qorxaq olması səbəbindən Şuşa işğal altına düşdü”.
"Biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik. Bizə müharibə lazım deyil, bizə torpaqlarımız lazım idi. Minsk Qrupunun 28 ildəki fəaliyyəti Azərbaycan xalqına qarşı yönəldilmişdir. Onların yalançı vədləri və fəaliyyətsizliyi təsadüfi deyildi. Onlar məsələni həll etmək istəmirdilər. Onlar bu torpaqları ermənilərə vəd vermişdilər. Necə ki sovet dövründə ermənipərəst Qorbaçov və ondan sonra Yeltsin bu torpaqları ermənilərə vəd vermişdilər və Fransa da, Amerika da, həmçinin”, – deyə Əliyev əlavə edib.
Mayın 6-da ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi (Libby) xanımı Danusia ilə birlikdə Füzuli və Şuşa şəhərlərinə səfər etmişdi.
Mayın 3-də Mark Libbi müstəqil medianın jurnalistləri ilə görüşündə Şuşaya niyə səfər etməməsi ilə bağlı suala da cavab vermişdi: "Hazır olanda gedəcəyəm. Bu, ABŞ səfiri üçün normal bir şeydir. Mingəçevirdən əvvəl Lənkərana niyə getmişdim? Bunun siyasi səbəbi varmı? Xeyr. Mən ora getdim, çünki bir günə gedib, geri qayıda bilirdim və görüşməli olduğum bir görüş var idi. Amma mən bacardığım qədər Azərbaycanı gəzmək niyyətindəyəm və bu, baş verəndə elanımız olacaq. Bu, Azərbaycan hakimiyyətini narahat edən məsələ idi. Tənqid etdilər, düzdür. Mən çölə çıxıb təbliğat şousunda rol oynamaq niyyətində deyiləm, elə deyilmi? Mən öz şərtlərimlə çıxmaq istəyirəm. Mən harasa gedəndə hökumət şəkil çəkdirir, istədiklərini yazır, mən buna nəzarət edə bilmirəm. Amma mənim Azərbaycanın digər bölgələrinə etdiyim səfərlər də bizim missiyamız tərəfindən təşkil olunub. Hökumətə deyirik ki, gedirik. Bəzən bizi orada qarşılayırlar, bəzən orada bunu edən olmur, amma biz gedirik. Aydındır ki, geri qaytarılan ərazilər bir az fərqlidir. Bir az daha koordinasiya tələb edir. Mən başqasının proqramında iştirak etmək istəmirəm. Mən nümayiş etdirmək üçün getmək istəyirəm ki, Birləşmiş Ştatların səfiri təyin olunduğu ölkənin bölgələrinə səfər edir. Mən Lənkərana, yaxud Mingəçevirə getdiyim kimi ziyarət etmək, istədiyim işləri görmək istəyirəm. Mən bunu belə etmək istəyirəm. Və buna görə də vaxtı gələndə mən bunu edəcəm”.