Çingiz Qənizadə: "Mənə qarşı təxribatı İxtiyar Şirinovun otel işlədən oğlu edib"

Çingiz Qənizadə:

07-03-2020 18:20 / Bu xəbər 1199 dəfə oxundu

Sabiq deputat Çingiz Qənizadə Speys TV-nin "Sadə həqiqətlər” verilişində 9 fevralda ölkədə keçirilən parlament seçkilərinin təbliğat-təşviqat mərhələsində ona qarşı təxribat yaradıldığını deyib. 
 
Qlobal.az xəbər verir ki, Çingiz Qənizadə Beyləqan rayonunun Dünyamalılar kəndində ona qarşı olan təxribatın arxasında sabiq Baş Prokuror İxtiyar Şirinovun oğlunun dayandığını bildirib: 

"Bizim dairədə keçmiş baş prokuror İxtiyar Şirinovun oğlu da namizəd idi. Hansı ki, "Səbail İnn" hotelinin direktorudur, yəni, bu səviyyədə, bu statusda olan gəncdir. Onlar əslən o kənddəndirlər. Mənim o kənddə görüşüm başlayanda onlar 10-a yaxın qohum-əqrabasını görüşün baş tutmaması üçün görüş yerinə göndərmişdilər. Onlar da səs-küy saldılar. Onlardan biri özünü Qarabağ qazisi kimi təqdim etdi, amma sonradan məlum oldu ki, o adam ayağını avtoqəzada itirib...".
 
Verilişin aparıcısının "Siz "Xalq Cəbhəsi" hakimiyyəti dönəmində bir yerdə çalışmısınız, niyə münasibətləriniz xoş deyil?" sualına Ç. Qənizadə İxtiyar Şirinovu nəzərdə tutaraq:  "Görünür, o hesab edib ki, oğlu deputat ola bilər və buna görə də, o, əvvəllər ünsiyyətdə olduğu, çörək kəsdiyi, salam verdiyi hər bir şeyə "yox" dedi", - deyə cavab verib.
 
Çingiz Qənizadə daha sonra: "Mən onu qınamıram. Biz onun əvvəlki fəaliyyətlərində də bu cür qəbul olunmayan addımlarının şahidi olmuşuq", - deyərək İxtiyar Şirinovun Baş Prokuror olduğu dövrdə dövlət başçısının həbsi üçün sanksiya imzaladığını bildirib.