“İnkişafımız"ın statistika yolu
07-05-2020 01:11 / Bu xəbər 2202 dəfə oxundu
Nizami Bağırov
"Yalanın üç növü var: yalan, açıq-aşkar yalan və statistika”
(Benjamin Dizrael - Böyük Birtaniyanın keçmiş Baş naziri)
Bu koronavirus nə yaman şeydirsə, bizim bütün paxırlarımızı açıb ortaya qoydu. İqtisadiyyatımızın (nəinki iqtisadiyyatımızın) belə sahəsi qalmadı ki, bu vəziyyətdən üzü ağ çıxsın.
Pandemiya zamanı açıq-aydın görünən problemlərlə bağlı iradlar bildiriləndə isə möhtərəm məmurlar, sadə insanların anlamadığı (sadə insan üçün bunları anlamağı da heç gərək deyil) ağıllı sözlərdən istifadə edirək dərhal rəsmi statistikaya üz tuturlar.
Oradan da bəh-bəhlə rəqəmlər göstərirlər və hər vəhclə inandırmağa çalışırlar ki, əslində, bizlər Azərbaycanda yox digər məmləkətdə yaşayırıq ("Aztevelandiya”), heç nə görmürük, görürüksə də, paxıllıq edirik. Bir sözlə, gözümüz götürmür.
Məmurların belə hərəkətlərini gördükdə şotland yazıçısı Endryu Lenqin bir aforizmi yadıma düşür: "Siyasətçilər statistikanı, sərxoşun işıq dirəyindən istifadə etdiyi kimi: işıqlı yerdə olmaq üçün deyil, nəyəsə söykənmək üçün istifadə edirlər".
Bizim məmurlar da statistikanı işıq dirəyi kimi istifadə edirlər, yalnız söykənmək üçün. Rəsmi statistikada iqtisadi fəal əhalinin 95%-ni məşqul şəxs kimi göstərməklə sanki məmləkətin problemini həll etmiş olurlar, əslində isə təhlükə olduğu halda dəvəquşu kimi başlarını yerə soxurlar...
Ümumiyyətlə, statistika siyasətdə çox faydalı bir vasitədir.
Deyilənlərə görə, (yarı zarafat, yarı gerçək), 19-cu əsrin ortalarında yaşayan və Krım müharibəsi zamanı tanınan mərhəmət bacısı Florens Naytqeyl bunu ilk anlayanlardan biri olub.
O, hərbi hospitallarda ölüm statistikasının təhlil və nəticələrini prezentasiya şəklində təqdim edərək, Britaniya hökumətini bütün ölkə üzrə orduya aid barak və xəstəxanalarda gigiyena tələblərinin sərtləşdirilməsinin vacibliyinə inandıra bilib. Buna qədər isə yaralılar arasında çox saylı ölümlərin dəhşətli antisanitariya vəziyyəti ilə əlaqəli olması siyasətçilər üçün açıq-aşkar fakt deyildi.
Günümüzün ən aktual məsələsi - işsizliyə görə müavinətin alınması proseduru "xoddanan” kimi aydın olur ki, əslində 5 mln məşqul şəxslərin sayının süni artırılması yalnız və yalnız "passiv” sahibkarların və pay torpağı mülkiyyətçilərin hesabına baş vermişdir. Yəni kağız üzərində Əli və Vəli sahibkardır, əllərində VÖEN və "kupça” var, amma reallıqda isə heç bir fəaliyyəti və qazancı olmayan işsizdirlər.
Rəsmi statistikanın bəzi məqamlarının bizə əlçatan olmayan vaxtlarında Azərbaycan Respublikası Hesablama Palatasının 2019-cu ildə fəaliyyəti haqqında hesabatına istinad etmək lap yerinə düşür.
Həmin hesabata görə 2019-cu il üçün 12 saylı ərazi vergi idarəsinin dislokasiyasında (Gəncə, Goranboy, Samux, Göygöl, Daşkəsən) 67 589 vergi ödəyicisindən 45 508-i (67,33%), 14 saylı ərazi vergi idarəsinin dislokasiyasında isə (Şəmki, Gədəbəy, Tovuz, Ağstafa, Qazax) 66 596 vergi ödəyicindən 41 222-i (61,89%) "passiv” sahibkardır (bəyannamələr verilmir, hər-hansı əməliyyatlat aparılımır, yəni fəaliyyətsizdirlər).
Ümumilikdə isə, 11 şəhər və rayon üzrə 134 185 vergi ödəyicisindən 86 730-u – 64,6%-i heç bir fəaliyyəti olmayan "”sahibkarlardılar”.
Nəzərə alsaq ki, bu siyahıda ölkənin ikinci ən böyük şəhəri (Gəncə) və ölkə üzrə kənd təsərrüfatı sahəsində mühüm yeri olan rayon da (Şəmkir) var, onda vəziyyətin nə qədər təhlükəli olduğunu görmək olar.
Bəli, məhz bu bizim reallıqdır. Yuxarıda qeyd olunan rəqəmlərə "söykənsək” (başqa çıxış yolumuz qalmayıb, vergi orqanı bununla bağlı rəsmi informasiya sorğumuza cavab vermir) vergi orqanlarında qeydə alınmış 890 000 fərdi sahibkardan (bu rəqəm nazir M.Cabbarov tərəfindən açıqlanıb) 315 mini fəaliyyət göstərir, qalan 575 min nəfər isə sadəcə İqtisadiyyat Nazirliyinin "statistikasını” düzəldir.
Görünən odur ki, məmur "abi”ləmizi yalanın ücüncü növündən istifadə edirlər: statistikadan...
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.












