İnsan hüquqları təşkilatının sosial media hesabları dağıdılıb
28-08-2022 10:56 / Bu xəbər 1563 dəfə oxundu
"İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi" insan hüquqları təşkilatının rəsmi "Facebook" hesabına kibermüdaxilə edilib.
Bu barədə təşkilatın sədri Fikrət Cəfərli məlumat yayıb.
O deyib ki, kibercinayətkarlıqla bağlı Daxili İşlər Nazirliyinə də müraciət edilib: ""İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi" (izləmə sayı-30653) və Mərkəzin sədri Fikrət Cəfərliyə aid "VƏKİL Məsləhəti Fikret N Cəfərli" (izləmə sayı-72678) Facebook səhifələri 22.08.2022 tarixində oğurlanaraq dağıdılıb. Törədilmiş kibercinayətlə bağlı Daxili İşlər Nazirliyinə müraciət olunsa da, heç bir nəticəsi olmayıb".
Cəfərli bildirib ki, "İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi" insan hüquqları təşkilatı son dövrlər həmin səhifələrdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin insanlara verdiyi işgəncə və qeyri-insani rəftarla bağlı açıqlamalar verilib.
Cəfərli bu hadisə ilə bağlı hüquqi addımların atılacağını da istisna etməyib.
Onun sözlərinə görə, bu addımlar ölkədə insan hüquqları və ifadə azadlığının acınacaqlı vəziyyətdə olduğunu göstərir.













