İnsan Hüquqları və Qanunların Təbliği İctimai Birliyi fəaliyyətə başlayıb
31-05-2022 17:21 / Bu xəbər 1047 dəfə oxundu
Ədliyyə Nazirliyi İnsan Hüquqları və Qanunların Təbliği İctimai Birliyini (İHQT) qeydiyyata alıb.
Bu barədə "Arqument.az"a təşkilatdan məlumat verilib.
Bildirilir ki, birliyinin əsas məqsədi və fəaliyyət istiqaməti insan hüquqları və qanunların təbliği sahəsində fəaliyyətin həyata keçirilməsindən ibarətdir: "Birlik məqsədlərinə çatmaq üçün insan hüquqlarının müdafiəsi istiqamətində dövlət tərəfindən qəbul edilmiş müvafiq qanunvericiliyi, həyata keçirilən tədbirləri təbliğ etməyi, sahənin inkişafını dəstələyən layihələr həyata keçirməyi, qanunla qadağan olunmamış bütün metodlardan istifadə edərək maarifləndirmə işi aparmağı öz vəzifəsi hesab edir".
Birliyin sədri ictimai fəal Gülşən Məmmədoğludur.
İnsan Hüquqları və Qanunların Təbliği İctimai Birliyi 2014-cü ildə təsis edilib.
Həmin ildə də qeydiyyata alınmaq üçün Ədliyyə Nazirliyinə müraciət edib.
Nazirlik qurumu qeydiyyata almaqdan imtina etdiyinə görə İctimai Birlik hüquqlarını təmin etmək məqsədi ilə Məhkəməyə müraciət edib, lakin heç bir məhkəmə instansiyasında Ədliyyə Nazirliyinin qanunsuz imtinası ləğv edilməyib.
Birlik bundan sonra hüquqlarını bərpa etmək üçün Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciət edib.
Avropa İnsan Hüquqları Məhkəməsi 2021-ci il tarixli qərarı ilə Ədliyyə Nazirliyinin imtina qərarını qanunsuz sayılıb və Birliyin hüquqlarının pozulmasını tanııb. Beləliklə, AİHM-nin qərarından sonra 19.04.2022-ci il tarixində №11222-Q79-4044 saylı qərar ilə İnsan Hüquqları və Qanunların Təbliği İctimai Birliyi Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb.












