İqbal Ağazadə MSK-ya müraciət etdi: "Qanunsuzluğu aradan qaldırın"
14-08-2024 16:16 / Bu xəbər 707 dəfə oxundu
Ümid Partiyasının sədri İqbal Ağazadə Mərkəzi Seçki Komissiyasına (MSK) çağırış edib.
O bildirib ki, namizədlərin "iş yeri" bölməsində 6-cı çağırış Milli Məclisin deputatı olmuş şəxslərin iş yeri kimi "Milli Məclisin deputatı" qeyd olunub.
Ağzadə bunun qanunsuz olduğunu deyir: "1 sentyabr 2024-cü ildə Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcək. Mərkəzi Seçki Komissiyasının saytında namizədlərlə bağlı məlumatlar daxil edilib. Namizədlərin "iş yeri" bölməsində 6-cı çağırış Milli Məclisin deputatı olmuş şəxslərin iş yeri kimi "Milli Məclisin deputatı" qeyd olunub.
Hörmətli MSK üzvləri, 6-cı çağırış Milli Məclisin deputatları özlərini buraxıblar, yəni Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin 5-ci bəndinə görə mandatdan imtina ediblər. Bununla da, deputat səlahiyyətlərini itiriblər. Səlahiyyətlərini itirmiş şəxslər necə deputat kimi qeyd oluna bilərlər? Bu namizədlərin seçici qarşısında səlahiyyətli qurum vasitəsilə üstünlüyünün tanınması deyilmi? Bu qanunsuzluq dərhal aradan qaldırılmalıdır", - deyə o qeyd edib.
Partiya sədri Konstitusiyaya istinad edərək vurğulayıb ki, hazırda Azərbaycanda deputat yoxdur: "Qeyd: 87-ci maddənin 1 bəndində qeyd olunan "Azərbaycan Respublikası Milli Məclisi deputatlarının səlahiyyətləri Azərbaycan Respublikası Milli Məclisinin yeni çağırışının ilk iclas günü bitir" norması seçkilər vaxtında keçiriləndə, parlament buraxılmayanda qüvvədə olur. İndi Azərbaycanda deputat yoxdur, Milli Məclis fəaliyyət göstərmir. Prezident parlamenti buraxıb.
Bir anlıq düşünün: Parlamentlə Prezident arasında konflikt var, parlament buraxılandan sonra deputatlar yığışıb, Prezidentə impiçment tətbiq edir. Sizcə, qanun belə xaos yarada bilər? Parlament buraxılıbsa, onun üzvləri səlahiyyətlərini itiriblər və onlar heç bir yerdə deputat kimi yazıla bilməzlər".
Parlament seçkiyə gedir
2024-cü il iyunun 21-də Azərbaycan parlamenti özünün buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin olunması ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.
İyunun 28-də İlham Əliyev Milli Məclisin buraxılması və sentyabrın 1-də erkən seçki keçirilməsi ilə bağlı sərəncam imzalayıb.
Sentyabrın 1-də keçiriləcək seçkiləri partiyalardan yalnız AXCP boykot edir.