İqbal Əbilovun hüquqlarını müdafiə komitəsi: "Onun “Təqsirsizlik prezumpsiyası” hüququ pozulur"
13-08-2024 13:23 / Bu xəbər 818 dəfə oxundu
Gənc alim-pedaqoq İqbal Əbilovun Hüquqlarının Müdafiə Komitəsi "Təqsirsizlik prezumpsiyası” hüququnun kobud şəkildə pozulması ilə bağlı bəyanat yayıb.
Bu barədə İqbal Əbilovun Hüquqlarını Müdafiə Komitəsinin sədri hüquq müdafiəçisi, riyaziyyat üzrə fəlsəfə doktoru Hilal Məmmədov məlumat verib.
Komitə hesab edir ki, alimin həbsi sifarişli və qanunsuzdur: "Məlum olduğu kimi, gənc türkoloq, talışşünas və etnoqraf alim-pedaqoq, "Talış Milli Akademiyasının Xəbərləri” adlı beynəlxalq elmi araşdırmalar jurnalının baş redaktoru, ilk uşaqlıq illərindən ailəsilə birgə Belarus respublikasında yaşayıb orta və ali təhsil almış və orada elmi-pedaqoji fəaliyyətini davam etdirmiş İqbal Əbilov hər il olduğu kimi, bu il də doğulduğu Masallı rayonununun Bala Kolatan kəndinə gəldikdən bir ay sonra Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs edilmiş və Səbail Rayon Məhkəməsinın hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər) maddələri ilə təqsirli bilinərək barəsində 4 ay həbs qətimkan tədbiri seçilib".
Komitə bildirib ki, hazırda hakimiyyətyönlü mediada İqbal Əbilovla bağlı yayılan məlumatlarda onun təqsirsizlik prezumpsiyası hüququ pozulur: "DTX tərəfindən aparılan ilkin istintaq əməliyyatı əsasında, Səbail Rayon Məhkəməsinin qapalı iclasında səsləndirilmiş guya "məxfi” məlumatların bir gün sonra hakimiyyətyönümlü KİV-də, o cümlədən, dövlət TV kanalları tərəfindən qeyri-qanuni olaraq paylaşılması əslində, haqsız həbsə məruz qalmış gəncin "Təqsirsizlik prezumpsiyası” hüquqlarının açıq-aşkar və kobud şəkildə pozuntusu olmaqla yanaşı, həm də cəmiyyətimizdə, sosial şəbəkələrdə, vətəndaşlar və xalqlar arasında milli-dini ayrıseçkilik və ədavət toxumlarını səpmək kimi çirkin niyyətli məqsədlərə xidmət edib. Artıq neçə gündür ki, hakimiyyətyönümlü KİV-lər tərəfindən yayılan saxta məlumatların və onların təkzibinə yönəlmiş materialların paylaşıldığı sosial şəbəkələrin şərh bölümlərində virtual "vətəndaş müharibəsi”, - "talış-türk”, "talış-hakimiyyət” davaları səngimək bilmir. Heç bir halda siyasi proseslərə qarışmayan, 35 illik gənc ömrünü Azərbaycan, Rusiya, Belarus, Orta Asiya, Türkiyə, İran və Avropanın saysız-hesabsız kitabxana və elmi arxivlərində keçirdən İqbal Əbilovun elmi tədqiqatlarında və baş redaktoru olduğu beynəlxalq elmi jurnalda əks olunmuş məqalələrin əsas meyarını heç də müəlliflərinin milli-etnik mənşəyi yox, onların yeni və dəyərli elmi nəticələri təşkil edib".
"İqbal Əbilovun Hüquqlarını Müdafiə Komitəsinin yekdil mövgeyinə əsasən, yuxarıda qeyd edilən saxta ittihamlara zərrəcə bağlantısı olmayan alimin "təqsirzizlik prezumpsiyası” hüququ kobud şəkildə pozularaq, ailəsinə, yaxınlarına, bir çox talış ziyalılarına və digər insanlara saysız-hesabsız mənəvi sarsıntılar bəxş edildiyindən, müvafiq instansiyalar, o cümlədən, qapalı Səbail Rayon Məhkəməsinin saxta "məxfi məlumatlarını” qeyri-qanuni olaraq paylaşmış KİV təmsilçiləri (müvafiq mənəvi kompensasiyanın tələbilə) hüquqi müstəvidə məsuliyyətə cəlb olunmalıdırlar;
İqbal Əbilovun Hüquqlarını Müdafiə Komitəsi eyni zamanda cəmi talışlara da müraciət edərək, onları hər hansı milli-etnik qarşıdurmalara, o cümlədən, İ.Əbilovun sifarişli həbsindən öz çirkin məqsədləri naminə istifadə etmək arzusunda olan qüvvələrin fitnələrinə uymamağa çağırır", - deyə bəyanatda vurğulanır.
Əbilovun Müdafiə Komitəsi ümidvardır ki, gənc alim İ.Əbilov tezliklə azadlığa çıxacaq və bu haqsız həbsinin arxasındakı qüvvələr layiqli cəzalarını alacaqlar.
Əlaqə:
Hilal Məmmədov, Komitə sədri (Tel: +994504552768)
Oqtay Əsgərov, Sədr müavini (Tel: +994503933308)
Könül Rəsuli, Məsul katib (Tel: +994502515191)