İqtisadçı: "Əhalinin bütün kommunal ödənişləri bağışlanılsın"
06-04-2020 16:46 / Bu xəbər 1352 dəfə oxundu
Nazirlər Kabinetinin 04 aprel 2020-ci il tarixli sərəncamı ilə "Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı” təsdiq edilib.
Tədbirlər Planının 12-ci bəndində "Əhaliyə güzəştli işıq limitinin aprel-may aylarında 100 kvts. həcmində artırılması” nəzərdə tutulmuş və bunun üçün dövlət büdcəsindən İqtisadiyyat və Maliyyə Nazirliyinə 10 mln manat ayrılıb.
Görəsən, bu tip tədbirlər yetərlidirmi və nə qədər insan bu güzəştdən yararlana biləcək?
"Qərar mart-aprel-may aylarına şamil edilməlidir"
Real Partiyasının icraçı katibi, iqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, limitin belə formada ləğvi əhalinin 95%-nə təsir etməyəcək, ancaq böyük villalar, çoxotaqlı mənzillər limitin artırılmasına görə ayda 4 manat qənaət edəcəklər:
"Müstəqillikdən üzü bəri Azərenerji, Azərqaz, Azərsu büdcədən dəfələrlə yüzmilyon manatla ölçüləcək yardım alıblar, onların vergi borcları silinib. Büdcə həm də vətəndaşın vergisi ilə formalışır - deməli biz, vətəndaşlar onlara büdcə vasitəsi ilə həmişə yardım etmişik. İndi borcumuzu qaytarsınlar - 3 ay müddətinə əhalinin bütün kommunal ödənişləri bağışlanılsın. Qərar mart-aprel-may aylarına şamil edilməlidir", - deyə iqtisadçı Arqument.Az-a deyib.
"Yoxsul təbəqə bu güzəştdən yararlana bilməyəcək"
İqtisadçı Samir Əliyev isə bildirib ki, Tədbirlər Planında əhaliyə güzəştli işıq limitinin aprel-may aylarında 100 kvts. həcmində artırılmasına 10 milyon manat ayrılıb: "Yəni bu 2 ay ərzində aylıq limit əhali üçün 300 kvts-dan 400 kvts-a qalxır. Əlbəttə heç olmayan yerdə əlavə dəstəkdir. Bu addım nəticəsində ayda 300 kvts-dan çox elektrik enerjisi işlədən ailələr 4 manat qənaət əldə edəcəklər. Ümumi məbləğ (ayda 5 milyon AZN) əsasında belə qənaətə gəlmək olar ki, yeni güzəşt minimum 1 milyon 250 min abunəçini əhatə edəcək. Ancaq təəssüf ki bu dəstək mexanizmini daha uğurlu etmək olardı. Çünki dəstəyə daha çox ehtiyacı olan yoxsul təbəqə və kiçik yaşayış ərazisinə malik ailələr bu güzəştdən yararlana bilməyəcək. Ona görə də burda limitin tətbiq edilməsindən çox hamının bu güzəştdən yararlanmasına hədəflənmək lazım idi. Belə ki, bütün abunəçilərin sərf etdikləri enerjinin 100 kvts-ının dövlət tərəfindən subsidiyalaşdırılması mexanizminin tətbiqi daha məqsədəuyğun olardı".
"Bu güzəştdən daha çox kasıb və orta təbəqənin yararlanması üçün aylıq sərfiyyata yuxarı tavan, məsələn, aylıq 500 kvts tətbiq etmək olar. Bu həddən yuxarı sərfiyyat güzəştdən kənarda qalır. Məqsəd imkanlı şəxslərin güzəştdən yararlanmasının qarşısını almaq, dövlət vəsaitinin daha çox zərərçəkən təbəqəyə yönəltməkdir. Digər variant: Ayda 200 kvts-lıq sərfiyyat üçün 100 kvts, 300 kvts-lıq sərfiyyat üçün 70 kvts, 400 kvts-lıq sərfiyyat üçün 50 kvts güzəşt tətbiq oluna bilər", - iqtisadçı bildirib.
Nizami
Arqument.Az