İran Ali Məhkəməsi Azərbaycan səfirliyinə hücum etmiş şəxs barəsində edam hökmünü təsdiqləyib
23-01-2025 00:52 / Bu xəbər 163 dəfə oxundu
Hökm icra olunması üçün Tehran məhkəməsinə göndərilib
İranın Ali Məhkəməsinin Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu etmiş Yasin Hüseynzadə barəsində çıxarılan edam hökmünü təsdiqlədiyi bildirilir.
İran məhkəmə sisteminin sözçüsü Əsgər Cahangiri mətbuat konfransında bu barədə məlumat verib.
Yasin Hüseynzadə barəsində hökm icra olunması üçün Tehran məhkəməsinə göndərilib.
Bildirilir ki, məhkəmə zərərçəkənlərin yaxınlarını dəvət edəcək.
Onlar edamın icrasını tələb etdikləri təqdirdə, cinayət işi icra olunması üçün əlaqədar quruma göndəriləcək.
İranla Azərbaycan arasında nə baş vermişdi?
2023-cü ilin yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edilib.
"Kalaşnikov” silahı ilə səfirliyə hücum edən şəxs təhlükəsizlik xidmətinin rəisi Orxan Əsgərovu öldürüb və daha iki mühafizəçini yaralayıb.
Hadisədən dərhal sonra İran rəsmiləri hücum edən şəxsin saxlanıldığını açıqlayıblar.
Saxlanılan şəxs İran vətəndaşı, 50 yaşlı Yasin Hüseynzadədir.
Prezident İlham Əliyev hücumu "terror aktı” adlandırıb və günahkarların cəzalandırılmasını tələb edib.
Bundan sonra Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları təxliyə edilib və səfirliyin fəaliyyəti dayandırılıb.
Azərbaycanın İrandakı səfirliyi 2024-cü il iyulun 15-də yeni ünvanda bərpa edilib.
2024-cü il dekabrın 15-dən isə Azərbaycanın İrandakı Səfirliyinin konsulluq şöbəsi öz fəaliyyətini bərpa edib.