İranda Azərbaycan səfirliyinin işinin bərpası müzakirə edilib
06-03-2024 14:05 / Bu xəbər 722 dəfə oxundu
Martın 5-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun iranlı həmkarı Hüseyn Əmir-Abdullahian ilə görüşündə Tehranda səfirliyin fəaliyyətinin bərpası müzakirə edilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, görüş Səudiyyə Ərəbistanında İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində gerçəkləşib: "Nazirlər Azərbaycanın səfirliyinə terror hücumunu törədən şəxsə qarşı məhkəmə hökmündən sonra səfirliyimizin işinin bərpası istiqamətində addımlar barədə fikir mübadiləsi aparıblar".
XİN ötən ilin iyunda İranda Azərbaycan səfirliyinin bərpasının şərtini açıqlamışdı.
"Terror aktını törədənlər və sifarişçilər məsuliyyətə cəlb olunmalı, ən sərt şəkildə cəzalandırılmalıdır. Azərbaycan tərəfi əmin olmalıdır ki, səfirliyin təhlükəsiz fəaliyyəti üçün şərait mövcuddur və bununla bağlı tam zəmanət verilməlidir", - XİN rəsmisi qeyd etmişdi.
Xatırlatma
Son illər Azərbaycan və İran Arasında münasibətlərin gərginləşməsi ilə bağlı hər iki tərəfdən qarşılıqlı ittihamlar səslənib.
Ötən il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın olub. Səfirliyin bir əməkdaşının həlak olduğu, ikisinin yaralandığı açıqlanıb.
Bundan sonra səfirliyin işçiləri İrandan təxliyə edilib. Amma Azərbaycanın orda konsulluğu fəaliyyət göstərməkdədir.
Səfirliyə silahlı hücumda təqsirləndirilən şəxsin hakim önünə çıxarıldığı, ona ağır cəza istəndiyi bildirilir.
Ötən ilin ortalarından iki ölkə arasında münasibətlərin yaxşılaşmasına dair açıqlamalar eşidilir.