İsa Qəmbər: "Hakimiyyət ağlını başına yığmalıdır..."

İsa Qəmbər:

26-02-2019 18:28 / Bu xəbər 2325 dəfə oxundu

Fevralın 26-da Müsavat Partiyasının "Xocalı abidəsini" ziyarət etməsinə imkan verilməyib.

Partiya rəhbərliyin etirazlarına baxmayaraq, əraziyə cəlb olunmuş  polis qüvvələri güc tətbiq edərək müsavatçıları abidənin önündən uzaqlaşdırıblar. 

Qarşıdurma zamanı polis zərbəsindən yerə yıxılan müsavatçı Mehman Kərimlinin halı pisləşib. 

Hadisə yerinə təcili tibbi yardım çağırılıb və ona tibbi yardım göstərilib. 

Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər Toplum.Tv-yə açıqlamasında bildirib ki, hakimiyyətin bu addımı biabırçılıqdır: 

"Hakimiyyətin bu cür ağrılı günlərdə bu qədər zorakı addımlar atması, bizim müqəddəs məkanları ziyarət etməyimizin qarşısını almağa cəhd göstərilməsi heç bir şəkildə qəbul edilə bilməz. Bunu niyə etmələrinin müxtəlif versiyalar ola bilər. Bəlkə də, güc göstərmək istəyirlər. Bir tərəfdən hakimiyyət cəmiyyətin problemlərini araşdırıb qismən də olsa, həll edərək ölkədəki sosial gərginliyi azaltmağa çalışdığını deyir. Digər tərəfdən isə demokratik düşərgənin aparıcı qüvvələrinə - Müsavat Partiyasına qarşı bu cür kobudluq edir. Bir növ Müsavatı - gerçək müxalifəti cəmiyyətdən təcrid etməyə çalışırlar. İstər-istəməz bu cür addımlar düşünməyə vadar edir ki, hakimiyyət süni gərginlik yaratmaqda maraqlıdır. Çünki bu gün Müsavat Partiyasının hər hansısa bir aksiya keçirmək niyyəti yox idi. Sadəcə, hər il olduğu kimi abidəni ziyarət edib Xocalı qurbanlarını, şəhidləri yad edəcək, ruhlarına dua oxuyacaq, bir neçə kəlimə deyib, gül dəstələri qoyub çəkiləcəkdik. Bu, hər il olur və heç bir problem də olmurdu. İndi isə hakimiyyətin belə süni problem yaratması məhz elə hakimiyyətin gərginlik yaratmaq istəyindən xəbər verir". 

İsa Qəmbər deyir ki, hakimiyyət bu cür gərginliklər yaratmaqla heç nə qazana bilmir: "Maraqlısı odur ki, bu gərginlikdən hakimiyyət heç bir şey qazanmır. Açıq danışaq, əgər demokratik düşərgə hakimiyyətlə hər hansı bir razılaşdırılmamış aksiya keçirmək istəsə, hansısa bir gərginlik yaratsa, o zaman başa düşmək olar ki, hakimiyyət özünü qorumaq üçün belə addımlar atır. Ancaq bu cür müqəddəs günlərdə, 20 Yanvar, Xocalı faciəsi günü bu cür ziyarətlərin qarşısını almağa cəhd süni şəkildə gərginlik yaratmaq cəhdidir və hakimiyyət bundan heç bir şey qazanmır, əksinə özünü ölkədə, cəmiyyətin gözündə, beynəlxalq miqyasda - bütün dünyanın gözündə biabır edir. Ona görə də hakimiyyətin bu cür addımlarının məntiqi yalnız hansısa xırda, cılız maraqlarla şərh edilə bilər. Hansısa ciddi maraq hakimiyyət tərəfindən bəhanə kimi ortaya qoyula bilməz. Amma istənilən halda biz bu ağır şəraitdə diqqətli və məsuliyyətli davranış sərgilədik. Qarşıdurmanın günahkarının da kim olması ortaya çıxdı". 

"Müxalifətin bundan sonrakı addımlarına gəlincə, biz hakimiyyətin bu kobud, məntiqsiz, mənasız, məsuliyyətsiz davranışına görə 20 Yanvar şəhidlərinin, həmçinin də Xocalı faciəsinin qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət etmək fikrindən geri çəkiləsi deyilik. Hakimiyyət ağlını başına yığmaqlı, bu cür mənasız qarşıdurmalara son qoymalıdır”, - İsa Qəmbər bildirib. 

Xocalı soyqırımı — 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır. 

Xocalı Ermənistan dəstələri tərəfindən zəbt olunduqdan sonra orada qalan mülki əhali deportasiya olunub.

Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 

76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bugünədək məlum deyil.

Nərgiz Absalamova
Toplum.Tv